Musiqili Teatrda musiqili-əyləncəli Yeni il şənliklərinin hazırlıqları başa çatmaq üzrədir. Teatrdan Teleqraf.com-a verilən məlumata görə, bu il balaca tamaşaçıları uzun müddət unuda bilməyəcəkləri maraqlı anlar, sürprizlər, hədiyyələr və yeni tamaşa gözləyir. Yeni il bayram proqramlarının bəzəyi olan Şaxtababa və Qar qız balacaları teatrın məhz onlar üçün hazırladığı yeni tamaşaya – Şarl Peronun “Yatmış gözəl və cırtdanlar” səhnə əsərinə baxmağa dəvət edəcək.
Tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadə bildirib ki, Yeni İl şənliklərində balacaları Disneyin məşhur nağıl qəhrəmanları, sehrli pərilər, oyunbaz cırtdanlar, cadugər, Santa Klaus, sevimli nağıl personajları – Macdonald, Vinni Pux və başqaları ilə əyləncəli anlar gözləyir. “Yatmış gözəl və cırtdanlar” tamaşasındakı yatmış gözəli oyadacaq Prins – şahzadə məhz balaca tamaşaçılar arasından seçiləcək. Həmin balaca tamaşaçı – şahzadə zaldan səhnəyə gələnə qədər müxtəlif sınaqlardan keçərək sonda yatmış gözəli oyadacaq. Rejissor bildirib ki, teatrın hazırladığı builki Yeni il şənlikləri məktəblilərin qış tətili günlərində uşaqlara ikiqat bayram əhval-ruhiyyəsi bəxş edəcək.
Yeni il şənlikləri dekabrın 25-dən 2015-ci il yanvarın 10-a qədər təşkil olunacaq.
Nərmin