Bu gün “Park Cinema Flame Towers” kinoteatrında “Əmanət” filminin özəl nümayişi keçirilib.
Teleqraf.com xəbər verir ki, nümayişdə filmin aparıcı aktyorlardan biri, Rusiyanın xalq artisti Andrey Sokolov, kinoprodüser Şamil Cəfərov, "Karo- Premyer" kino şirkətinin baş direktoru Aleksey Ryazançev eləcə də filmin əksər hissəsinin çəkildiyi Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.
Dağıstan Mədəniyyət naziri Zarema Butayeva bildirib ki, onlar üçün Azərbaycan həmişə dost məkan olub və olacaq: "Azərbaycan zəngin tarixi, mədəniyyəti ilə dünyaya dəyərli mədəniyyət xadimləri bəxş edib. Bu gün "Əmanət" filmini sizlərə təqdim etməyin sevincini yaşayırıq. Mədəni əlaqələrimiz bundan sonra da davam edəcək".
Şamil Cəfərov bildirib ki, film altı ilin əziyyəti hesabına başa gəlib: "Bütün dünyada olduğu kimi Rusiyada da komediya, əyləncəli filmlər tələb olunur. Bizim film isə tarixi fonda baş verən sevgi hekayəsindən bəhs edir. Camulutdin və Lizanı Qafqazın Romeo və Cülyettası adlandıra bilərik. Belə layihələrin maliyyələşdirilməsi çətinliklə başa gəlir. Ümid edirəm ki, "Əmanət"in ekranlara çıxması bu sahədə vəziyyəti dəyişəcək.
Film mayın 24 -dən Rusiya kinoteatrlarında nümayiş olunmağa başlayacaq. Bu gün Bakıda filmin özəl nümayişidir. Belə bir imkan yaratdığına görə Azərbaycana təşəkkür edirik. Düşünürəm ki, bu hekayə Azərbaycana, Qafqaza yad deyil. Siz əmanətin əhəmiyyətini çox gözəl bilirsiniz".
Filmdə imperator birinci Nikolayı canlandıran aktyor Andrey Sokolov hər bir aktyor üçün tarixi qəhrəmanları yaratmağın məsuliyyətindən danışıb.
Rusiyanın hərb tarixinin dramatik hadisələri fonunda Şeyx Şamilin oğlu Camalutdin və Liza Olenina sevgisindən bəhs edir. Camalutdin tarixə “böyük girov” kimi düşüb və film suala cavab vermək cəhdidir: böyük siyasətin girovu, yoxsa böyük sevgi. Sevgi və xəyanət, şərəf və vəzifə, vətənə xidmət və bu sözə sədaqət hekayəsinin cərəyan etdiyi Nikolay dövrünün tənəzzülünün tarixi konteksti filmin açarı olacaq.