31 May 2022 11:33
2 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bunu ilk dəfə sizdən eşidirəm. Məsələni araşdıracam”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yazıçılar Birliyinin sədri Anar Rzayev "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Sərvaz Hüseynoğlu ilə yazıçı Hüseynbala Mirələmov arasında müəlliflik mübahisəsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Sərvaz Hüseynoğlu Hüseynbala Mirələmovun "Ənvər Paşa" romanının müəllifliyinə iddia edib.

Anar AYB üzvləri olan Sərvaz Hüseynoğlu və Hüseynbala Mirələmovun roman qalmaqalının ciddi araşdırmaya ehtiyac olduğunu bildirib.

“Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan isə saytımıza açıqlamasında Hüseynbala Mirələmovun “Ənvər Paşa” romanının bir hissəsinin “Ədəbiyyat qəzeti”ndə çap olunduğunu təsdiqləyib:

“Hüseynbala Mirələmov əsəri bizə təqdim edib və biz də romandan bir parçanı qəzetdə dərc etmişik. Daha sonra kitab çap olunub. Başqa bir söz deyə bilmərəm. Baş verənləri mən də sizin kimi müşahidə edirəm”.

Qeyd edək ki, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlu öz Feysbuk səhifəsində sabiq deputat Hüseynbala Mirələmovun “Ənvər Paşa” romanının əsl müəllifi olduğunu iddia edib: “Bütün akademiklər o əsəri bəh-bəhlə, bir-birinə aman vermədən tərifləyir, amma öz imzamla çap etdirdiyim əsərlər haqqında bir cümlə yazan yoxdu”.

Hüseynbala Mirələmovun Sərvaz Hüseynoğlununa cavabı gecikməyib. O da Feysbuk səhifəsində Sərvaz Hüseynoğlunu yalan danışmaqda suçlayıb, onun pul hərisi olduğunu bildirib.

“Bu yaşıma qədər çox yalan və böhtanlara şahid olmuşam, amma bu qədər həyasızcasına danışılan bir yalan hələ eşitməmişdim! Əvvəla, Sərvaz Hüseynoğlunu heç şəxsən tanımıram, heç vaxt bir kəlmə də kəsməmişik. İkincisi, insan necə ağır bir psixi pozuntudan əziyyət çəkməlidir ki, tanınmış bir yazıçının əsərinə belə iddia irəli sürsün?!

“Ənvər Paşa” romanının üzərində işləyəndə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın xahişi ilə əsərdən bir hissəni çap etmək üçün 2020-ci ilin noyabrında sözügedən qəzetə yollamışdım. Elə həmin günlərdə də əsərdən bir parça qəzetdə dərc edildi. Görünür, qəzetə gələn materiallara işinə uyğun deyil, “müştəri gözü”ylə baxan adıçəkilən şöbə müdiri elə həmin vaxt özlüyündə bu qərara gəlib ki, yaxşı ələ keçirilməli materialdır, amma bu oğurluğu həmin vaxt bacara bilmədiyinə görə, aradan iki il keçəndən sonra Azərbaycanda və Türkiyədə uğur qazanmış əsərimi öz adına çıxmaq kimi bir həyasızlığa cəsarət edib.

Daha iki il niyə gözləyirdi ki, elə o vaxt söyləyərdi də bu mənfur yalanını?! “Ənvər Paşa” romanımın uğurundan necə həsədə qapılıbsa, anidən ağlını qaçırıb. Buna başqa ad tapmıram!”.

Hüseynbala Mirələmov müəlliflik hüququnu qanuni yolla müdafiə edəcəyini və Sərvaz Hüseynoğlunu məhkəməyə verəcəyini qeyd edib.


Müəllif: Nərmin

Oxşar xəbərlər