18 İyul 2022 15:14
17 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Akademik Musiqili Teatrının 112-ci mövsümünün təntənəli bağlanış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, konsert proqramı ilə tamaşaçıların qarşısına çıxan teatrın kollektivi mövsüm ərzində nümayiş olunan tamaşalardan sevilən musiqi nömrələrini təqdim ediblər.

Duzlu-məzəli zarafatları ilə zalda əhval- ruhiyyə yaradan Xalq artisti İlham Namiq Kamal “Bəxtiyar” tamaşasındakı Ağabala obrazında konsert və rəqs nömrələrini, müxtəlif tamaşalarından balet kompozisiyaları özünəməxsus tərzdə təqdim edib.

Bağlanış mərasimində Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, Nərgiz Kərimova, Fərid Əliyev, Əkbər Əlizadə, İqrar Salamov, Səidə Şərifəliyeva aktyorlar Ülviyyə Əliyeva, Səməd Xasiyev, Şaban Cəfərov, Nicat Əli, Eleonova Mustafayeva, İbrahim Əlizadə, Hüseyn Əlili, Gültac Əlili, Ruslan Mürsəlov, Ofeliya Məmmədzadə, Əmrah Dadaşov, Hidayət Əliyev, Elnarə Nağdəliyeva, Emin Zeynallı iştirak ediblər.

Bildirilib ki, Akademik Musiqili Teatrında mövsüm ərzində yeddi yeni tamaşa hazırlanıb. Bunlar “Bir nəfəs qədər” (pyesin müəllifi və rejissoru Samir Qulamov), “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi, rejissor Əsgər Əsgərov), “Utancaq qız” (Fyodor Dostoyevski, rejissor Cənnət Səlimova), “Psix” (Migel de Servantes, rejissor Ərtoğrul Kamalov), “Bəxtiyar” (“Bəxtiyar” filminin motivləri əsasında, rejissor Cavid İmamverdiyev), “Lara Martins Jazz Club” (Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında, rejissor İradə Gözəlova), “Məchul pilləkan” (quruluşçu baletmeystri Məhəmməd Abdullayev, rejissor Samir Qulamov) tamaşalarıdır.

Maraqlı səhnə tərtibatı, gözəl peşəkar ifalar, zövqlə seçilmiş musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.


Müəllif: Nərmin, Foto: Rüfət Mikayılov