“Bu gün evimdə çörəyim, ruzim varsa bu, məhz Şahmar Ələkbərovun sayəsindədir. Məni tamaşaçılara məhz o tanıtdırdı. Əgər bu gün insanlar tərəfindən sevilirəmsə, özümə qarşı hörmət görürəmsə, həyatda əldə etdiyim hər şeyə görə Şahmar Ələkbərova minnətdaram və borcluyam. O məni Zibeydə obrazına çəkməsəydi, bütün bunlar olmazdı”.
Bu sözləri Teleqraf.com-a Əməkdar artist Mehriban Xanlarova bu gün doğum günü olan Xalq artisti Şahmar Ələkbərovu xatırlayarkən deyib.
O qeyd edib ki, onun kimi aktyoru başa düşən ikinci bir rejissor tanımır:
“Şahmar Ələkbərov həm çox gözəl aktyor, həm də gözəl rejissor idi. Allah ona qəni-qəni rəhmət eləsin. İkinci kursda oxuyurdum, bir gün məni yanına çağırdı. “Sahilsiz gecə” filmində Zibeydə roluna çəkmək istədiyini dedi. Mənimlə bərabər filmdəki digər qadın obrazlarına rəhmətlik Nuriyyə Əhmədova və Kəmalə Müzəffəri çəkmək istəyirdi. Amma o vaxtlar rejissorun istəyini Moskva da təsdiq etməliydi. Ona isə ümidim yox idi. Amma bir gün mənə dedi ki, Moskva Zibeydənin gənclik roluna məni təsdiq edib. Filmlə bağlı söz-söhbətlər oldu, amma mən heç vaxt o filmə çəkildiyimə görə peşman olmadım.
Şahmar Ələkbərovun çox gözəl qəlbi vardı. Ən çətin günlərimdə hər zaman mənə dəstək olub. Tələbəydim, bəzən pulum olmurdu, bunu bilən kimi yardım edirdi".
Xalq artisti Tariyel Qasımov Şahmar Ələkbərovla çox yaxın dost olduqlarını deyib: “Onun mənə etdiyi yaxşılıqları heç vaxt unutmaram. Aktyor olduğuma görə atam məni danışdırmadı, uzun illər mənimlə küsülü qaldı. Həmin çətin günlərdə Şahmar məni evinə apardı, neçə il onların evində qaldım. Hətta elçiliyimi də Şahmarın anası etdi”.
Qeyd edək ki, aktyor, rejissor, ssenarist Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Teatrda ilk dəfə Uilyam Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. Kino karyerası “Dağlarda döyüş” filmi ilə başlayıb. "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.
Şahmar Ələkbərоv teleradiо sahəsində də fəallıq göstərib. Оnun radiоda ilk çıхışı "Ulduz" prоqramının aparıcısı kimi оlub. Bundan başqa, оnlarca televiziya tamaşasında yadda qalan оbrazlar yaradıb. "Mоlla Nəsrəddin" radiо verilişinin aparıcısı оlub. Bir çох filmlərin dublyajında iştirak edib.
O, “Dağlarda döyüş”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Qızıl qaz”, “Həyat bizi sınayır”, “Bizim küçənin oğlanları”, “Qatır Məmməd”, “Firəngiz”, “Arxadan vurulan zərbə”, “Babək”, “Əlavə iz”, “Nizami”, “Ötən ilin son gecəsi” kimi Azərbaycan filmlərində yaddaqalan obrazlar canlandırıb, “İmtahan” (G.Əzimzadə ilə birgə), “Sahilsiz gecə” və “Qəzəlxan” filmlərinin quruluşçu rejissoru olub.
7 il davam edən xəstəlikdən sonra Şahmar Ələkbərovu 12 avqust 1992-ci ildə xərçəngdən vəfat edib.