Tanınmış sənətkarlar 44 ildən sonra bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, vaxtilə bir kursda oxuyan Xalq artistləri Bəxtiyar Xanızadə, Səidə Quliyeva, Əməkdar artist Şəfəq Əliyeva, aktyorlar Müdhət Aydınov, Rafiq İbrahimov, Fərhad Hüseynov və digərləri Novxanıda görüşərək, ötən günləri yad ediblər.
Yaradıcı fəaliyyətini daha çox Rusiyada davam etdirən aktyor Fərhad Hüseynov sosial şəbəkədə görüşdən foto və video paylaşaraq bunları yazıb:
“44 ildən sonra aktyorluq fakültəsinin (1974-1978-ci il) tələbələri yenidən bir arada... Əziz kurs yoldaşlarım, ömürün qürub çağında nə yaxşı ki, sizlər varsınız!”
Aktyor həmçinin illər öncə məzun olarkən çəkilmiş "vinetka" şəklini də paylaşıb. Toplu şəkildən məlum olur ki, eyni qrupda Xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı da təhsil alıb.
Qeyd edək ki, 1974-1978-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alan sənətkarların kurs rəhbəri məşhur rejissor Adil İsgəndərov olub.