3 Sentyabr 2022 22:34
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 113-cü teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, tədbiri sənət ocağının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev açaraq yeni mövsum münasibətilə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

O bildirib ki, Musiqili Teatrın 112-ci mövsümü bir çox əlamətdar hadisələrlə yadda qalıb.

"Teatrın tarixində ilk dəfə olaraq 7 səhnə əsərinin premyerası təqdim olunub. Yaradıcı heyətimiz həm respublikamızda keçirilən tədbirlərdə, həm də müxtəlif ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda iştirak edib. Onların hər çıxışı tamaşaçılar tərəfindən böyük rəğbət və coşqu ilə qarşılanıb.

Teatr İranda​ keçirilən 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalı, Belarusda “Dostluq çələngi” Beynəlxalq İncəsənət​ Festivalı, daha sonra isə Rusiyada təşkil olunan “Ostrovski – FEST” Beynəlxalq Teatr Festivalında ölkəmizi layiqincə təmsil edib, ​ bunlardan əlavə Özbəkistanın Səmərqənd vilayətinin Kattakurqan şəhərindəki Dram Teatrı ilə qarşılıqlı əlaqələr qurulub.

Müxtəlif ölkələrin teatrları ilə aparılan qarşılıqlı təcrübə mübadiləsi növbəti festivallarda iştirak üçün yeni zəmin yaradır. Bu mövsümdə də bir-birinin ardınca maraqlı layihələrimiz var. Arzu edirəm ki, Musiqili Teatrın Azərbaycan teatr tarixinə verdiyi töhfələr davamlı olsun"- direktor qeyd edib.

Tədbirdə teatrın yaxın 4 ay üçün repertuar planı təsdiq olunub, eyni zamanda yeni tamaşalar və növbəti qastrol səfərləri​ haqqında​ da ətraflı məlumatlar verilib.


Müəllif: Nərmin

Oxşar xəbərlər