8 Sentyabr 2022 09:36
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirzə Ələkbər Sabir Fondunun rəhbəri, böyük şairin nəslinin nümayəndəsi Sevda Tahirli Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Sevda xanım, Sabirin Şamaxıdakı ev muzeyi ailənizin istəyi ilə 2017-ci ildə söküldü və yenidən tikilməsi üçün hazırlıqlar başlandı. Artıq 5 ilə yaxındır ki, muzeyin qapıları bağlıdır. Buna səbəb nədir? Hazırda işlər hansı mərhələdədir?

- Ev muzeyinin tikintisi çoxdan başa çatıb. Təmirə başlayandan bir il sonra tikintini başa çatdırdıq və Mədəniyyət Nazirliyinə təhvil verdik. Hazırda nazirliyin öhdəsində olan məsələlər qalıb ki, onlar yekunlaşandan sonra muzeyin qapıları hər kəsin üzünə açılacaq.

- Axı, həddən artıq uzun müddət keçib...

- Bəli. Təəssüflə bildirirəm ki, belədir.

- Muzeyə getmək istəyənlər yalnız Mirzə Ələkbər Sabirin heykəlinin yanında şəkil çəkdirməklə kifayətlənməli olurlar. Siz nəvələri olaraq bundan narahatlıq keçirmirsiniz?

- Çox arzu olunar ki, bu bir an öncə bitsin. Bizdən çox ora gəlmək istəyən insanlar narahat olur. Çünki hamı o ev muzeyini görmək istəyir.

Bu il də bildiyiniz kimi Sabirin 160 illiyidir. Nəhayət, bu il muzeyin açılışı olsaydı, çox yerinə düşərdi. Bu baxımdan muzeyin tez bir zamanda təhvil verilməsi hamının marağındadır.

- İstəyinizi Mədəniyyət Nazirliyinə bildirmisinizmi?

- Bütün işlər əvvəldən nazirliklə razılaşdırılaraq aparılıb. Onların da məlumatı var.

- Hamı kimi siz də gözləmə mövqeyindəsiniz...

- Bəli, arzu edirik ki, bir an öncə bitsin.

- İndiki muzey arzu etdiyiniz kimidirmi?

- Bəli, çünki muzey bizim təklif etdiyimiz layihə əsasında tikilib. Mənim atamın arzusu idi ki, Sabirin ev muzeyi məhz Sabirin evinin formatında olsun. Çünki bu zamana kimi ora muzey olaraq fəaliyyət göstərirdi, amma Sabirin evinin muzeyi deyildi. Tikilmiş iki mərtəbəli bir binada Sabirə aid əşyalar sərgilənirdi. Həmin binanın dəmir-beton karkasları vardı.

Atam həmişə deyirdi ki, Sabirin dönəmində dəmir-beton olmayıb. Ona görə ev muzeyi kimi yox, yalnız muzeyi kimi təqdim olunsaydı, daha real olardı. Atam sağlığında, 1966-cı ildə bir butaforçunun köməyilə Sabirin həqiqi evinin maketini hazırlatdırmışdı. Həmin maket Fondun ofisində saxlanılır. O maketin əsasında eskizlər çəkildi, layihə hazırlandı.

Atam evin hər bir otağının parametrlərinə qədər qeyd etmişdi. Mətbəxi hansı ölçüdə olmalıdır? Həyətinin eni, uzunu necə idi? Sabun bişirilən yer hansı yerdə və hansı ölçüdə ərazini əhatə edib? Bütün bu suallara cavab olaraq atam hər şeyi dəqiqliklə göstərmişdi.

Hətta tikinti üçün istifadə edilən inşaat materiallarının belə imitasiyası istifadə olundu. Ona görə hazırkı muzey bizim ürəyimizcədir. Narazılığımız yoxdur.

- Bu, kifayət qədər maliyyə tələb edir. Sirr deyilsə, muzeyin indiki halı neçəyə başa gəlib?

- Olarmı bu sualın cavabı bizdə qalsın? Önəmli olan atamın Sabirlə bağlı olan arzusunu həyata keçirmək idi. Yəqin ki, atamın ruhu şaddır. Amma muzey açılmış və fəaliyyətə başlamış olsaydı, bu daha xoş və gözəl olardı.

- Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Belə bir fikir var ki, Sabirin ev muzeyi onun əslində yaşağıdı evdən bir qədər kənarda tikilib...

- 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələdə Sabirin evi tamamilə dağıldı. Məsələ burasındadır ki, biz indiki muzeyin binasını tikəndə həmin o zəlzələdə dağılmış olan evin qalıqlarına rast gəldik. Bu sübut edir ki, Sabirin evi orda olub.

Zəlzələdən sonra Sabir yeni ev tikib. İndiki muzeyin binası zəlzələdən sonra tikilən evin yerindədir. Şamaxıda çox dağıntılar olub: erməni-müsəlman qarşıdurması, zəlzələ və s. O zaman da həmin bu ev dağılmışdı.

Bir sirri də açım ki, hazırkı ev muzeyinin döşəməsində kiçik müşahidə panoramı hazırlanıb. Orada məhz zəlzələ vaxtı uçan evin qalıqları sərgilənir. Bu panoram muzeyin qarşısındakı – hamının şəkil çəkdirdiyi Sabir heykəlin yanında yerləşir.

Hamı kimi arzumuz odur ki, Sabirin ev muzeyi tezliklə açılsın və hamı gedib onun həqiqi evini görə bilsin.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər