“18 yaşından Fərqanəylə birlikdəyik. İnstitutun birinci kursundan biz ən çətin, ən yaxşı günlərimizdə bir yerdə olmuşuq. Çox həyatsevər idi. İndi çoxları təəccüblənir ki, o necə oldu ki, bu ağır xəstəliyə yaxalandı. Ən yaxın rəfiqələriydik, amma bizdən də gizlədirdi. Heç vaxt inanmaq istəmirdik ki, o xəstədi. Çünki həmişə deyib-gülən, zarafatcıl idi Fərqanə”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Həmidə Ömərova bu gün dünyasını dəyişən aktrisa, pedoqoq Fərqanə Quliyeva haqda danışarkən deyib.
Aktrisa daha sonra əlavə edib:
“Dünən mən “Ata ocağı” serialının çəkilişdəydim. Oğluyla əlaqə saxladım, dedim ki, mən onu canlı görmək istəyirəm. Çünki onu xəstəxanadan geri qaytarmışdılar, demişdilər daha gecdir.
Oksigen balonu ilə nəfəs alırdı. Mənə dedi ki, çox qalmayıb, ay Həmidə. Onda əsəbləşdim, üstünə qışqırdım ki, bəsdir sən güclü qadınsan, düzələcəksən. Amma Fərqanə bu həyatdan tez getdi.
Üç oğlu, nəvələri var. Bir oğlu Elşən, Moskvadadır, orda işləyir. Ən böyük arzusu Elşəni evləndirmək idi. Arzuları yarımçıq qaldı.
Rejissor Rüfət Şahbazov onu bir filmə çəkmək istəyirdi. Məxsusi onun üçün rol yazılmışdı. Amma Fərqanə çox arıqladı. Deyirdim, ye kökəl, Moskvaya get gəl, filmə çəkil.
Çox istedadlı aktrisaydı, xarakter obrazlar oynayırdı. “Ata ocağı”nda Raya, “Gözlə məni”də Gülgəzi və neçə rollar oynamışdı.
Belə adamları itirəndə inanmaq olmur. Son illərdə çox adamları- yaxınlarımızı, əzizlərimizi, dostlarımızı itirmişik. Amma belə həyatsevər adamlar çox az olur. Onları itirəndə doğurdan da dəhşətə gəlirsən. Həyatı çox sevirdi, amma ölməmişdən qabaq da çox məğrur idi, eləcə də bu dünyadan köçdü. Son anına kimi zarafatından qalmırdı, gecə saat 3-də zəng edib hal-əhvalımı soruşa bilərdi, onun həyatsevərliyi bizə də siraət edirdi.
Bu il Mədəniyyət və İncəsənət Universitetin magistratura bölməsində bir tələbəm var, Fərqanə ona “Kino tarixindən” dərs deyib, deyir, nə öyrətmişdisə Fərqanə xanım öyrətmişdi, ən yaxşı müəlliməmiz idi. Bunu Fərqanəyə demək istəyirdim, amma deyə bilmədim...
Yoxluğunu hiss etmək mənim üçün çox ağırdır”
Qeyd edək ki, Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib.
O,1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.
Fərqanə Quliyeva “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə “Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü” (1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb.
Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında rol alıb.
Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Mədə xərçəngindən əziyyət çəkən aktrisa bu gün Xırdalanda həyat yoldaşının yanında dəfn olunub.