24 Sentyabr 2022 08:05
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rejissor Ceyms Kamerun bir ildən çox üzərində çalışdığı "Avatar 2" filminin ssenarisini cırıb atdığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, kinorejissor "Independent"ə müsahibəsində bildirib ki, uzun müddət layihənin birinci hissəsinin uğurunu təhlil edib və maraqlı nəticəyə gəlib:

"Film üç səviyyədə işləyir: birincisi səthdir, yəni xarakter, problem və həlldir. İkincisi tematikdir. Film nə deməyə çalışır? "Avatar" həm də üçüncü səviyyədə, şüuraltına işləyir”.

Kameron bir il ərzində “Avatar: Suyun yolu” adlı davam filminin ssenarisini yazdığını amma nəticədə onu bəyənmədiyini deyib:

"İşi bitirdikdən sonra layihənin son, şüuraltı səviyyəyə çatmadığını anladım. Və budur, ssenarini atdım və mən yenidən başlamalıydım. Bu isə bir il vaxt apardı".

"Avatar 2" filminin treyleri bütün zamanların ən çox baxılan treylerləri sırasına daxil olub. Filmin premyerası 2022-ci il dekabrın 14-nə planlaşdırılıb.

Xatırladaq ki, ilk “Avatar” filminin premyerası 2009-cu ildə baş tutub. Bu film kino tarixində ən çox gəlir gətirən film olub. Film doqquz nominasiya üzrə "Oskar"a namizəd olaraq, üçündə qalib gəlib.


Müəllif: Pərvin Cəfərova