12 Dekabr 2022 16:20
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 8-də Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə keçirdiyi mətbuat konfransında Mədəniyyət Nazirliyi tərəfindən teatrda aparılan yoxlama ilə bağlı açıqlamalar verib.

Direktor hesab edir ki, Kukla Teatrı ətrafında baş verən hadisələrin, söz-söhbətlərin qaynağı ötən ilin dekabrında - teatrın 90 illik yubileyi günündən başlayıb.

“Teatrın yubiley günündə keçmiş nazir müavini Elnur Əliyevlə aramızda olan söhbətdən sonra dövlət teatrlarının hamısında dövlət planı aşağı salındı, bizdə isə artdı. 65 min dövlət planımız idisə, bu rəqəm 91 minə qalxdı. Bununla bağlı bir neçə dəfə müraciət etdim, hörmət edib 8 min aşağı salıb 83 min etdilər. Bu ilin yay aylarında verdiyim müsahibədə bütün bunlarla razılaşmadığımı bildirdim, etiraz etdim. Bir müddət sonra həyat yoldaşım, teatrın quruluşçu rejissoru müsahibə verdi. Onun müsahibəsindən bir həftə sonra bizim teatra yoxlama gəldi".

Rəşad Əhmədzadə yoxlamaların daha da sərtləşdiyini, komissiya üzvlərinin qeyri-peşəkar olduğunu, əməkdaşlara özlərinə aid olmayan, qəribə suallar ünvanladıqlarını bildirib. Adının korrupsiyada hallandığını qeyd edən direktor bu məsələdə ciddi oyunların oynanıldığını vurğulayıb.

“Bizimlə əlaqədə olan sponsorlar, ictimai birliklərə də təzyiq olunur ki, burada korrupsiya aktı var. Bu əzmkar kollektivlə birlikdə istənilən yoxlama gələ bilər, istənilən fakt aşkarlanarsa, hüquqi dövlətin qanunları çərçivəsində həll oluna bilər. Amma hələ əvvəldən akt yazılmamış kiməsə “burda korrupsiya aktı var” kimi yazmaqla bağlı təzyiq olunanda mən başa düşdüm ki, daha ciddi oyun gedir”.

Direktor bildirib ki, nazirlə görüşdə məlum olub ki, indiyədək teatr tərəfindən Anar Kərimova ünvanlanan müraciətlər əslində ona təqdim olunmayıb.

“Teatrın yubileyi ilə bağlı üç, kondisionerin təmiri ilə bağlı üç, festivallarla bağlı iki, yaxud üç, dam örtüyü ilə bağlı bir və ya iki məktub göndərmişəm. Heç biri nazirə çatmayıb”.

Teleqraf.com mətbuat konfransında səslənən fikirlərə, həmçinin teatrın baş rejissoru Qurban Məsimovun teatra direktor təyin olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət öyrənmək üçün Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin sorğuya cavabı belə olub:

“Kütləvi informasiya vasitələrində Kukla teatrında aparılan işçi qaydada yoxlamalarla bağlı ötən həftələrdə məlumat verilib. İstənilən halda bu mövzu ilə əlaqədar suallara cavab verilməyəcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Kukla Teatrında aparılan yoxlamalar noyabrın 18-də mədəniyyət nazirinin əmrinə müvafiq olaraq, noyabrın 21-dən başlanılıb. Teatrda xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb.


Müəllif: Nərmin Muradova