25 Yanvar 2023 14:53
2 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər mətbuatda özünü Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) mətbuat xidmətinin əməkdaşı kimi təqdim edən Əli Vəliyevə istinad edilməklə ARKİ-nin sədri Şəfiqə Məmmədova barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilib, hətta Şəfiqə Məmmədovanın xəstələnməsi və təcili yardım çağırılaraq xəstəxanaya aparılması barədə yanlış məlumat yayılıb".

Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Qeyd edilir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Xalq artisti, Professor Şəfiqə Məmmədova səhhətində heç bir narahatçılıq olmayıb, hazırda işinin icrasındadır:

"ARKİ tərəfindən Əli Vəliyevə və digər mətbuat nümayəndələrinə bu günədək ümumiyyətlə rəsmi heç bir məlumat verilməyib. Əli Vəliyevin isə ARKİ adından məlumat yaymaq səlahiyyəti yoxdur, o, öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Əli Vəliyevin kütləvi informasiya vasitələrinə təqdim etdiyi, əsassız və həqiqətə uyğun olmayan məlumatlar ARKİ tərəfindən araşdırılır və aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilməsi üçün materiallar toplanır.

Kütləvi informasiya vasitələrindən ARKİ-nin fəaliyyəti və onun sədri barədə xəbərləri qurumun rəsmi nümayəndələrinin məlumatlarına istinadla dərcini xahiş edirik".


Müəllif: Nərmin Muradova