26 Yanvar 2023 12:16
2 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Gülşad Baxşıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Gülşad xanım, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını tərk etməyinizlə bağlı xəbər həqiqəti əks etdirirmi?

- Mən orda yox kimiyəm, amma rəsmi ərizə yazıb ordan çıxmamışam. Neçə il bundan əvvəl ərizə yazıb üzv olmuşam. Amma inanın ki, mənim heç ittifaq vəsiqəm də yoxdur. Di gəl, adım üzvlər siyahında yazılıb.

Bu illər ərzində keçirilən heç bir iclasa, tədbirə dəvət olunmamışam. Bu sözü qətiyyətlə deyirəm ki, ittifaqı Şəfiqə Məmmədova, yaxud onun atası yaratmayıb. Mən niyə Şəfiqəyə görə ittifaqdan çıxmalıyam? Şəfiqə kimdir? O da hamı kimi kino aləminin bir üzvüdür. O vaxt onu məsləhət bilib sədr seçiblər. Əgər mən ittifaqda üzv sayılıramsa, niyə Şəfiqəyə görə ordan çıxmalıyam?

Sabah Şəfiqə ordan gedəcək, onu çıxaracaqlar. Qurultaya məni dəvət etsələr, səsvermədə ona səs verməyəcəm.

- İddialara görə, həmkarlarınızın bir qismi etiraz olaraq ittifaqı tərk ediblər. Onların bu addımını necə qiymətləndirirsiniz?

- Acığa çıxanların tərəfdarı deyiləm. Bununla siz orda oturanlara ayaq verirsiniz. Əksinə, orda olmaq və mübarizəni davam etdirmək lazımdır.

Amma ittifaqda qalmağım o demək deyil ki, onların işinə haqq qazadırıram. Əksinə. Mən də sizin kimi mətbuatdan xəbər tuturam. Düzgün hərəkətlər deyil. Vicdanlı olmaq lazımdır. Heç nədən sui-istifadə etmək olmaz. Deyilənlərə görə, mənimsədiyi pullar onun pulu yox, dövlətin puludur. Dövlət o pulu ona görə verir ki, hansısa lazımlı məsələlərdə istifadə olunsun. Dövlətin ayırdığı pulu hər vəzifəyə gələn cibinə qoysa, nə olar?

Təəssüf ki, bu yanaşma bizdə həddən artıq çox yayılıb. Kimisə vəzifəyə qoyurlar, o da düşünür ki, dövlət tərəfindən ayrılan vəsaiti yeməlidir. Niyə? Buna cavab versinlər.

Cavab verməyib pul mənimsəyən insanlar hamısı bunun bədəlini ödəyəcək.

- İttifaqdan özünüzə diqqət görmüsünüzmü?

- Xeyr. Mənim 60, 65 illiyim olub, ittifaq tərəfindən heç vaxt diqqətdə olmamışam. Bir təbrik məktubu belə almamışam. Amma adımı hansısa şərəfsiz siyahıya (Söhbət “Yaşat” Fonduna bağışlamaq üçün İttifaqın üzvlərindən və katiblərindən yığılan 2820 manat pul siyahısından gedir. İttifaqın keçmiş mətbuat katibi, qurumun üzvü Əli Vəliyev iddia edir ki, həmin pul İttifaqın sədri tərəfindən mənimsənilib - N.M.) salıb, bundan istifadə ediblər. Bəs o zaman niyə məni təbrik etmədilər?

Onlar məni aktrisa, sənətkar sayıb diqqət göstərmirlər. Halbuki hər yoldan keçənə, dünənin uşağına sənətkar deyirlər. Mənim filmlərdə yetərincə rollarım var. Bəlkə də say 20-ni adlayıb. Niyə mən diqqət mərkəzində deyiləm?

Düzü, mənə xalq artisti adı verilməməsinin davasını etmirəm. Çünki düşünürəm ki, təqdimatımı üzvü olduğum ittifaq irəli sürməlidir. Onlar da bunu etmirlər. Bizləri saymırlar...

- İttifaqın sədrliyinə namizədiniz varmı?

- Yetərincə aktiv, işləyən insanlar, cavanlar var. İttifaqın işlərini onlar həyata keçirməlidirlər. Şəfiqə Məmmədova özü başa düşür ki, fəaliyyət göstərə bilmir. Ona görə istefa verməlidir.

Bu gün mən Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Əgər sabah görsəm ki, orada dərs deyə bilmirəm, çıxıb gedərəm. Əlimdə çəlik o divardan, bu divardan tuta-tuta getməyi özümə yaraşdırmaram. Bunu Gülşad Baxşıyeva kimi özümə ayıb bilərəm...


Müəllif: Nərmin Muradova