2 Fevral 2023 20:45
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nizami Kino Mərkəzində “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, filmdən əvvəl yaradıcı heyətlə mətbuat konfransı baş tutub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ramil Ələkbərli bildirib ki, kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir. “Filmlər müxtəlif studiyaların istehsalıdır. Filmlər bu gündən bütün kinoteatrlarda yayıma başlayır. Əldə olunan gəlir YAŞAT fonduna ianə ediləcək”.

“Sizə məktub var...” filminin rejissoru Məzahir Həşimov qeyd edib ki, film “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

“Çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində aparılıb. “Sizə məktub var...” 1990-cı illərdə Qarabağ müharibəsinin fonunda məhəbbət hekayəsidir. Gözəl, mehriban komandayla filmi dörd günə çəkdik. Bu da Akif Rüstəmovun sayəsində oldu. Akif müəllimin qurduğu proqramla işlədik, hər günə 13 saat... Onun sayəsində biz filmi çatdırdıq. 40 dəqiqəlik filmi 4 gün ərzində çəkmək çox əziyyətlidir”.

Əsas rolların ifaçıları Əli Əliyev və Dəniz Tacəddindir. Filmdə öz sevgisini cəbhədəki əsgərdə axtaran gənc xanım, ən yaxın dostunu müharibəyə yola saldıqdan sonra hər şeydən xəbərdar olur. Amma artıq gecdir.

Əli Əlizadə filmin bütün kinoteatrlarda nümayişə başlamasını xüsusi qeyd edərək, bu təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib.

“Filmə gəlincə, sevinirəm ki, bu layihədə rol almışam. Həm rol, həm yaradıcı heyətlə tanışlıq, ən əsası Akif Rüstəmovla işləmək, tərəf müqabili olmaq böyük şərəf idi. Akif müəllim filmdə mənim babamı oynayırdı”.

Dəniz Tacəddin “Sizə məktub var...”ı əsl komanda işi adlandırıb. “Şadam ki, dörd gün ərzində Daşkəsəndə bu komanda ilə mehribanlaşdıq, dedik-güldük və maraqlı bir iş ortaya çıxartdıq. Əli, Məzahir, Məmməd Əli ilə birlikdə çalışmışıq. Yaxşı ki, həyatımda bu layihə olub”.

Aktrisanın sözlərinə görə son vaxtlar kino və televiziya sahəsində dirçəliş yaşayırıq. “Son bir ayın ulduzu Əli burda əyləşib. Onun “Əqrəb mövsümü”ndəki oyunu çox gözəl alınıb, serial da insanlar tərəfindən maraqla, sevgiylə qarşılanıb. Bu, serial sektoru üçün böyük uğurdur. Bu gün burda bizim filmin, həmçinin “YARAT”-da Hikmət Rəhimovun “Çılpaq” filminin təqdimatıdır. Bu onun göstəricisidir ki, əgər əvvəllər insanların Azərbaycan filmlərinə inamsızlığı var idisə bu yavaş-yavaş yoxa çıxır. Arzu edirəm ki, bu sahədə ürəyini, canını qoyan insanların səsi ancaq festivallardan gəlsin”.

“Arxa cəbhə” filminin rejissoru və ssenari müəllifi Gülay Babayeva bildirib ki, ssenari yazılanda baş rollarını ifa edəcək aktyorları artıq dəqiqləşdiribmiş.

“Bunlar Niyaz Qasımov və Kəmalə Piriyeva idi. Altı aktyorun var idi, onlardan ikisi uşaq idi. Kino sahəsində çalışan insanlar bilirlər ki, uşaqlarla işləmək çox çətindir. Düşünürəm ki, biz bu işə ürəyimizi qoya bilmişik”.

Qulu Əsgərov qeyd edib ki, "Hasar"ın çox uğurlu festival həyatı olub.

"Filmimiz 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib olub. Ondan öncə Kazan Film Festivalında müsabiqə proqramında yarışıb. Qürur hissi duyuruq ki, başqa ölkədə bizim mövqeyimizi göstərən bir filmlə iştirak etmişik”.

“Hasar” filmi də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Ultra Production” istehsalı olan filmin ssenari müəllifi Nicat Dadaşov, əsas rolların ifaçıları Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı və Əlibala Əsgərovdur.

Filmdə Birinci Qarabağ müharibəsində oğlunu itirən Elçin qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə çalışır. Lakin düşmənin kor olan oğlunun itməsi onun işlərinə mane olur.

Əməkdar artist Leyli Vəliyeva "Hasar"ın ssenarinin onu ovsunladığını bildirib.

“Oxuyanda çox bəyəndim. Düşünürdüm ki, yaxşı ssenari, yaxşı rejissorla işləmək, Vidadi Həsənovla tərəf müqabili olmaqla gözəl bir iş ərsəyə gələcək. Elə də oldu. Çəkilişlərimiz Lerikdə dağın başında aparılıb. Qaldığımız oteldən hər gün bəlkə də iki saata yaxın dolanbac yolları fırlana-fırlana ora gedib çıxırdıq. Dağlıq olduğuna görə yuxarıya doğru getdiyimizə görə bəzi aktyorların təzyiqi də qalxdırdı. Amma ən əsası odur ki, zəhmətimiz hədər getmədi. Film festivallarda da yaxşı nəticələr əldə etdi”.


Müəllif: Nərmin