20 Aprel 2023 10:12
1 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, “Start – 2023” müsabiqəsi uğurla yekunlaşdı. Ölkədə keçiriləcək Kino Forumdan sonra qalib layihələrin istehsalı, onların layihələndirilmə forması müzakirə oluna bilər. Bu, artıq “Azərbaycanfilm”in konfidensiyasında olan məsələdir. Biz qalibləri seçdik”.

Bunu Teleqraf.com-a açıqlamasında bu il “Azərbaycanfilm” kinostudiyanın Ekspert Şurasının sədri, Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov müsabiqə ilə bağlı fikirlərini bildirərkən deyib.

“Müsabiqəyə təqdim olunan layihələrdə gənclər üstünlük təşkil edirdimi?” sualına Şura sədri belə cavab verib:

“Onu tam dəqiq deyə bilmərəm. Çünki bizə təqdim olunmuş layihələri oxuyanda orda müəllifin adı qeyd olunmamışdı. Biz qalibləri açıqlayanda müəllifləri bildik. Təbii ki, ssenarilərin hamısı yüksək səviyyədə deyildi. Orda istedadlı gənc qələmini, yaxud istedadsız yaşlı adamın təcrübəsini görmək mümkün idi”.

Elxan Cəfərov müsabiqənin nəticəsi ilə bağlı səslənən iradlara da münasibət bildirib:

“Bəzi iradlar eşidirəm ki, axı qaliblər debütantlar olmalıydı. Orda elə müəlliflər qalib gəlib ki, məsələn, Rövşən İsgəndərli yaşına görə gənc deyil, ilk ssenarisi də deyildi, amma rejissor olaraq debütantdı. Ssenari çox xoşumuza gəldiyi üçün onu seçdik. Həmçinin Tahir Tahiroviç də bədii film istehsalında bildiyim qədər debütantdır. Yenə deyirəm, qalib ssenarilər müəlliflərin ilk ssenariləri olmaya bilər, amma ümumilikdə layihəni qiymətləndirəndə debüt işləri hesab olunur. Çünki bu nə ssenari, nə də rejissor müsabiqəsi idi. Müsabiqəyə layihələr təqdim olunmuşdu. Yəni ssenari ilə yanaşı onun istehsalat layihəsi kimi təqdim olunması çox vacib şərtlərdən idi.

Müsabiqə zamanı oxuduğum 40-dan çox ssenari - az deyil – bu sahəyə gənclərin, cəmiyyətin marağını nümayiş etdirir.

Ümumilikdə müsabiqə müvəffəqiyyətlə keçdi. Sədr olaraq bütün iştiralçılara, bütün münsiflərə və “Azərbaycanfilm” kinostudiyasına öz təşəkkürümü bildirirəm. İndi ən əsası odur ki, müsabiqədə qalib layihələr istehsala yönəldilsin, bu da təkcə “Azərbaycanfilm”dən asılı məsələ deyil.

Biz ümidliyik ki, mərkəzi qurum olan Kino Agentliyi tam formada öz funksiyalarını həyata keçirməyə başlayanda əksər problemlər həllini tapacaq”.

Qeyd edək ki, “START-2023” “Azərbaycanfilm” kinostudiyası tərəfindən həyata keçirilir və debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub.

Müsabiqənin qaliblərini kinostudiyanın Ekspert Şurası müəyyənləşdirib.

Ekspert Şurasında Elxan Cəfərovla yanaşı filologiya üzrə fəlsəfə doktoru, dosent, ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, aktyor, ssenarist, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadə təmsil olunub.

Növbəti mərhələdə qalib gələn layihələrin istehsal olunması nəzərdə tutulub.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər