"Gəncləri tanımaq olmur. Universiteti qurtarıblar, amma nəyə qadir olduqlarını bilmirik. Əvvəllər bu gəncləri "Debüt" studiyası üzə çıxarırdı. "Debüt"ü canlandırmaq lazımdır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumunda deyib.
Çıxışı alqışlarla qarşılanan Xalq artisti bir sıra təkliflər verib. O, qeyd edib ki, "Azərbaycanfilm" bir neçə il dövlət dotasiyasında olmalıdır:
"Özünə yol tapana, kino biznesinə qatılana qədər dövlət tərəfindən maliyyələşməlidir. Kinomuzda mütəxəssis qıtlığı danılmazdır. Sovet sistemində pis-yaxşı bir struktur var idi. O dağıldı, amma yenisi qurulmalıdı. Hətta yadımdadır ki, altı il heç bir film çəkilmədi. Mütəxəssis zərciri qırıldı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üzərinə kölgə salmaq istəmirəm, onlar da çox işlər görürlər. Amma xatırlayıram ki, əvvəllər rejissorları, aktyorları Rusiyaya oxumağa göndərirdilər. Bu, çox yaxşı nəticə verirdi.
Müsabiqə keçirilsin, ildə bir nəfər rejissor, operator, ssenarist, kinoprodüser təhsil üçün Rusiyaya yaxud başqa yerlərə göndərilsin".
Rasim Balayev Kino Agentliyi haqda da danışıb: "Kino agentliyi işə başlayacaq, bu, çox yaxşıdır. Arzum budur ki, ora Azərbaycanı sevən, vətənpərvər, kinonu bilən adamlar yığılsın. Əgər belə olmasa heç nə alınmayacaq".
"Dərdimizim biri də prokat məsələsidir. Sovet sistemində ortabab filmimiz belə pulunu üç -dörd qat çıxarırdı. Dövlət filmin çəkilməsi üçün maliyyə ayırır ona xərclənən pulu da geri götürməlidir. Bunun üçün yayım sistemi qurulmalı, kinoteatrlar bərpa olunmalıdır.
O da ayrı məsələdir ki, bir, iki filmdən başqa demək olar ki, film çəkilmir. Məni harda görürlərsə soruşurlar ki, bəs film çəkilmir. Deyirəm, çəkilir, soruşurlar ki, bəs hanı?
Rejissorlardan istəyimiz o olacaq ki, görünməmiş qələbəmiz haqqında film çəksinlər", -deyə Xalq artisti bildirib.
Qeyd edək ki, forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Forum sabah da işinə davam edəcək.