Yanvarın 4-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan və Gürcüstan yazıçılarının görüşü olub.
Teleqraf.com-un məlumatına görə, muzeyin direktoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycanın Əməkdar Jurnalisti, Gəncədəki “Tomris” İctimai Birliyinin sədri, Cavad xan romanının ilk müəllifi Nüşabə Əsəd Məmmədlinin gürcü dilindən Azərbaycan dilinə tərcümə etdiyi “Unudulmuş əhvalat” kitabının da təqdimatı keçirilib.
Tədbirdə hər iki ölkənin tanınmış, elm, mədəniyyət, incəsənət xadimləri, ziyalılar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə muzeylə tanış olublar.L.Əliyeva muzeyin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində əsaslı təmir olunmuş muzeydə hər iki ölkənin yazıçılarının əsərlərinin nüsxələri saxlanılır.
O, hər iki ölkənin ədiblərinin əsərlərinin Azərbaycan və gürcü dillərinə tərcümə olunmasının, şair və yazıçıların qarşılıqlı səfərlərinin təşkilinin ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin və mədəni əlaqələrimizin inkişafına xidmət etdiyi vurğulayıb. Sonra Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin sədri Barat Vüsal, Nüşabə Əsəd Məmmədli, “Qafqaz-Media” İctimai Birliyinin sədri, “Borçalı qəzeti”nin baş redaktoru Azadə-Taleh Abbasqızı, gürcü yazıçısı, “Unudulmuş əhvalat” kitabının müəllifi Temur Amkoladza və başqaları çıxış edərək tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda muzeyin yüksək səviyyədə təmirinə görə, Azərbaycan dövlətinə xüsusi minnətdarlıq ifadə olunub. Qeyd edilib ki, Azərbaycan dövləti ədəbiyyatın, mədəniyyətin inkişafına, yazıçı və şairlərimizə daim diqqət və qayğı göstərir. Muzeyin yenidən qurulması və təmiri bu qayğının bariz nümunəsidir. “Unudulmuş əhvalat” povestinin təqdimatı zamanı bildirilib ki, bu, gürcü yazıçılarının Azərbaycan dilinə tərcümə edilmiş ilk kitab deyil. Onlarla gürcü ədibin əsərləri Azərbaycan dilinə tərcümə olunub.
Bu günədək bir neçə azərbaycanlı ədibin, eləcə də Nüşabə Əsəd Məmmədlinin də əsərləri gürcü dilinə tərcümə edilib. Daha sonra ədəbiyyatımızın, mədəni əlaqələrimizin inkişafındakı rolunda fərqlənən bir qrup yazara diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr verilib. Sonda tədbir iştirakçılarına gürcü ədəbiyyatının görkəmli nümayəndəsi Şota Rustavelinin Azərbaycan ədəbiyyatının unudulmaz korifeyləri Səməd Vurğun, Məmməd Rahim və Süleyman Rüstəm tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş “Pələng dərisi geymiş pəhləvan” əsərinin yeni tərtibatda çapdan çıxmış kitabı təqdim edilib.