17 May 2023 18:48
3 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ülviyyə xanım, mətbuata açıqlamanızda Əliqismət Lalayevin sizə qarşı qərəzli mövqeyinin olduğunu demisiniz. Bu cür münasibət nə zamandan başlayıb?

- Bir neçə il öncə çox böyük haqsızlıq oldu. İlk dəfə onda başa düşdüm ki, bu insanın mənə qarşı qərəzi var.

- Haqsızlıq nə ilə bağlı idi?

- Tamaşanın məşqinə getmədiyimə görə Əliqismət Lalayev kateqoriyamı aşağı salmışdı. Hərçənd teatr qanununa görə məşqə gəlməyən aktyora əvvəlcə xəbərdarlıq olur, sonra töhmət verilir, əgər proses davam edərsə şiddətli töhmət verilir, maaşdan tutulur. Kateqoriyanın aşağı salınması isə cəzanın ən pik formasıdır. Halbuki mənə görə məşq dayanmamışdı, çünki dublyorum var idi.

Mən o kateqoriyanı 98-ci ildə Hüseynağa Atakişiyevin teatrında səhnə fəaliyyətimə başlayandan, Hacıbaba Bağırovun vaxtından illərlə, addım-addım qazanmışdım. Mən də bu cür münasibətə görə ərizə yazıb teatrdan uzaqlaşdım. Amma sonra Əliqismət müəllim məni teatra qaytardı.

- Sizi teatra qaytaranda hansı vədlər vermişdi?

- Deyirdi, sən teatrda işləməlisən, sənə mükafat, fəxri ad lazımdır. Mən qayıtdım və başımı aşağı salıb sevdiyim sənətlə məşğul oldum.

Bilirsiniz, mən bu sənətə onun üçün gəlməmişdim ki, milyonlar qazanım, fəxri adlarım olsun. Mən sevdiyim sənətlə məşğulam. Sadəcə olaraq son vaxtlar baxanda ki, sən də əziyyət çəkirsən, başqa birisi də…O dəyərləndirilir, amma sən kölgədə qalırsan. Və bu insana təsir edir. Mən ədalətsiz münasibətə qarşıyam.

- Mətbuatda əksər vaxt siz Əməkdar artist kimi təqdim olunursunuz.

- Elədir, çoxları elə bilir. Verilişə dəvət edirlər “Əməkdar artist” deyə sözə başlayanda çəkilişi dayandırıb “Mən əməkdar artist deyiləm, yenidən çəkin” deyirəm. Fəxri adlar çoxdandır ki, verilmir, amma hər il Prezident mükafatı olur.

- Siz heç vaxt Prezident mükafatına təqdim olunmamasınız?

- Təqdim olunmamışam. Mən hətta Gənclər Günündə incəsənət sahəsində aktiv olan gənclərə verilən "İlin gənci" mükafatından da kənarda qalmışam. Musiqili Teatrda Xanım Qafarova ilə çiyin-çiyinə işlədiyimiz dövrdə, eləcədə də sonrakı illərdə repertuarda yetərincə yüküm olub. Buna baxmayaraq qiymətləndirilməmişəm.

Mən 17 yaşımdan teatrda işləyirəm. 1998-ci ildə Hüseynağa Atakişiyevin Gənclər Teatrında fəaliyyətə başladım, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kursunda oxuyanda istedadıma görə məni Musiqili Teatra dəvət etdilər. Zəng, tapşırıq olmadan... O vaxt Hacıbaba Bağırov və Afaq Bəşirqızı bizim kurs rəhbərimiz idi. Və onlar mənim necə çalışqan qız olduğumu görürdülər.

Mən hamının gözünün qabağında böyüyə-böyüyə bu günə gəlmişəm. İnanın, heç asan olmayıb. Bu gün bu məsələləri danışmaq mənə xoş deyil. Tamaşaçı teatrın mətbəxini bilməməlidir.

Əliqismət bəy kateqoriyamı aşağı salanda, ona bir kəlmə söz demədən ərizəmi yazıb işdən çıxanda yenə də tərbiyəmə sığınıb heç bir qalmaqal yaratmadım. Çünki ora mənim doğma evimdir. Heç vaxt da evimdə olan söz-söhbəti kənara çıxarmazdım. Amma bıçaq sümüyə dirənəndə mərdi qovub namərd edirlər.

- Yəqin ki, bu cür münasibətin səbəbini direktordan soruşmusunuz, deyilmi? Cavabı nə olub?

- "Gözlə, səndən öncə gələnlər var, sənə də növbə çatacaq". Mətbuata verdiyi sonuncu açıqlamasında dediyi kimi... Deyir, hər il mükafatı 20-25 ildir işləyən insanlar alır, bu yalnışdır. Mən heç kimin haqqına girmək istəmirəm. 5 il işləyənin də, 10 işləyənin də mükafat alması haqqıdır. Necə ki, mənim də haqqımdır. Əliqismət bəyin o cavabına qarşılıq heç nə demirəm. Gedin, araşdırın, siyahı ilə tanış olanda hər şeyi aydın görəcəksiniz. Orda məndən öncəki və məndən sonra teatra gələn insanların da adlarına rast gələcəksiniz.

Mən mükafat alan hər kəsə görə çox sevinirəm, heç vaxt da paxıllıq etmirəm, çünki hamımız zəhmət çəkirik. O insanların da haqqıdır, amma eynilə mənim də haqqımdır. Əgər bu gün teatrda 5-10 il işləyənlər bu mükafatı alırsa, deməli, mən 25 illik iş təcrübəmlə çoxdan almalıyam.

Mənə həmişə ad, mükafatla bağlı söz deyəndə deyirdim ki, mənim mükafatım tamaşaçı sevgisidir. Allah tamaşaçı sevgisini, hörmətini və istedadı mənə çox görməsin. Həmişə səhnəyə çıxanda dua edirəm, deyirəm, Allahım, sən məni tamaşaçı önündə utandırma, səsimə, istedadıma güc-qüvvət ver. Baxmayaraq ki, 25 ildir səhnədəyəm, hər dəfə səhnəyə çıxanda bu sözləri deyirəm. Çünki nə qədər tanınsam da bir o qədər məsuliyyətim artır.

Mənim 25 ildə ən böyük mükafatım tamaşanın sonunda baş əyəndə eşitdiyim alqışlardır. Həm tamaşaçılardan, həm həmkarlarımdan gələn alqışlar... Bu mənim üçün hər şeydir.

Həmişə böyük-kiçik yeri bilmişəm. Görəndə ki, ancaq məndən yuxarı nəsil bu mükafatı alır, heç bir söz deməzdim. Amma mənimlə gələn və məndən sonra gələn nəsil də bu mükafata təqdim olunursa, demək, mənə qarşı qərəzli yanaşma var. Buna isə Əliqismət bəyin ixtiyarın yoxdur. Bu, dövlətin ayırdığı mükafatdır.

- Bayaq Afaq xanımın adını çəkdiniz. Bildiyim qədər Afaq xanım hər zaman sizə dəstək olub. Bu məsələyə münasibəti necədi?

- Mən Afaq xanımın yerinə danışmayım. Siz istəsəniz özündən soruşa bilərsiniz. O, həmişə mənim arxamda durub, məni dəstəkləyib.

“Mən dəyərəm min cavana” tamaşasında Afaq xanımın oynadığı Güldəstə rolu mənə təklif olunanda ona zəng edib məsələni aydınlaşdırmaq istədim. Dedi, qızım mən özüm istəmişəm. Dedim, halallığınızı verin, oynayım, amma əgər ortada başqa söhbətlər varsa, mən bu namərdliyi etmərəm. Mən nə ad, nə mükafat, yaxud nəyinsə xatirinə elə namərdliklər etməmişəm, etmərəm də. Buna Allah da, 25 ildir məni tanıyan sənət yoldaşlarım da şahiddirlər. Heç nə mənə insan münasibətlərindən, dostluqdan üstün ola bilməz.

- Teatrın tamaşalarında rol alırsınızmı?

- Vaxtaşırı. Səsim də, istedadım da öz yerindədir. Teatrda da hər zaman yüküm olub. İndi təəssüf ki, o da yoxdur.

- Hazırda neçə tamaşada oynayırsınız?

- Çox az. “Arşın mal alan” tamaşası repertuardan çıxarıldı. Buna tamaşanın dekorasiyasının köhnəldiyini səbəb gətirdilər. Musiqili teatr hər zaman dövlətin diqqət və qayğısında olub, hər il dövlət sifarişi ilə tamaşalar hazırlanır, amma nədənsə hələ də dekorasiyaları bərpa etməyə büdcə tapılmır.

“Arşın mal alan” çox gözəl tamaşadır. Elə hazırlanıb ki, 10 il də onu oynamasaq bir gün qəfil desələr ki, çıxın səhnədə oynayın, biz yenə oynayarıq.

“Molla Nəsrəddin”də iki dublyor olduğumuza görə tamaşada bir dəfə mən, bir dəfə də dublyorum səhnəyə çıxır. Ayda da bir dəfə nümayiş olunur. “Bəxtiyar” tamaşasında üç dublyoruq deyə üç aydan bir tamaşanı oynaya bilirəm. “Mən dəyərəm min cavana” tamaşasında isə dublyoum olmadığına görə şükürlər olsun ki, onu bir aydan bir oynayıram.

- Bir aktrisa kimi teatrın repertuarı sizi qane edirmi?

- Tamaşalarımız çoxdur, amma elə tamaşalar var ki, onlar lazım deyil. Və tamaşaçılar da hər dəfə o tamaşalardan narazılıqla çıxırlar.

- Məsələn...

- “Psix”, “Kimyagər”. O tamaşalar başqa teatrların səhnəsində normal qarşılana bilər. Amma bura Musiqili Teatrıdır. Çox istəyərdim ki, müzklərlə hazırlansın. Teatrda gənclər də var, səs də, bir sözlə buna potensial var.

Bu gün teatrda Mədəniyyət və İncəsənət Universitetinin məzunlarını işə götürmürlər ki, səsləri yoxdur. Əvəzində konservatoriyadan dəvət edirlər. Amma baxın hansı ağır yüklü tamaşalarda konservatoriya səsi istifadə olunur? Axı elə tamaşa yoxdur.

- Sizdən başqa digər aktyorlara da belə münasibət göstərilir?

- Çoxlarına qarşı belədir. Amma çox təəssüf ki, heç kəs bunları deməyə cəsarət etmir. Kənarda danışırlar, etirazlarını bildirirlər. Necə ki, Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirdə iştirak etmədiklərinə görə etiraz edirdilər. Amma heç kim bunu açıq etiraf etmir.

Hazırda teatrda vəziyyət belədir: bir truppa var və bütün tamaşalarda onlar işləyirlər. Qalanları isə gözləmə mövqeyindədir.

- Bu, bir tərəfdən də baş rejissordan qaynaqlanan problem deyilmi?

- Onun səlahiyyətində deyil. Musiqili Teatrda hər şeyi həll edən direktordur. Bədii Şuranı soruşsanız deyəcək ki, teatrda Bədii Şura var, amma formal olaraq mövcuddur. Şuranın üzvləri heç bir söz sahibi deyil.

Bizə - aktyorlara deyirlər ki, əsər gətir. Axı, mən aktyoram, əsər gətirməli deyiləm. Bunun üçün ədəbi hissə müdiri, əsəri oxuyan, təsdiqləyən Bədii Şura üzvləri var. Əvvəllər mövsümboyu bir neçə əsər gətirilirdi, Bədii Şura oxuyurdu və təsdiqini tapan əsərlər tamaşaya hazırlanırdı.

Amma bu gün hamısının başında duran Əliqismət Lalayevdir. O, əsəri təsdiqləyir və hazırlanmasına əmr verir.

Bilirsiniz, aktyor və aktrisa yaxşı rol oynamaq istəyir. Bir ara bu istəyimlə bağlı çox danışdım, günlərin bir günü dedilər ki, Rusiyadan bir rejissor gəlib, təcili gəlin kastinqdən keçin. Kastinqdən keçdim və sonra məlum oldu ki, uşaq tamaşasıdır. Və mən uşaq tamaşasında oynadım. Bəli, mən hazırda Kukla Teatrında uşaq tamaşalarında oynayıram, amma Musiqili Teatrda Ülviyyə Əliyeva olaraq tamam başqa istedadım var. Böyük simurq dekorunun arxasında dayanan, kiçik mahnı oxuyub, iki kəlmə söz deyib səhnədən çıxan Ülviyyə Əliyeva yox, bu, adamı ələ salmaqdır.

Rolun böyüyü-balacası yoxdur, amma belə münasibəti görəndə çox üzülürsən. Mən özümü o münasibətə layiq görmürəm. Çünki teatra, işimə barmaqarası baxmamışam, teatr mənim nəfəsim, həyatımdır.

Mən xəstələnəndə də, ayağım sarıqlı halda da çıxıb səhnədə rolumu oynamışam. Allah qismət eləsin, son nəfəsimi də səhnədə verim. Bəlkə bu pafoslu səslənir, amma səhnəni sevən hər bir yaradıcı insan məni çox gözəl başa düşə bilər. Mən sözün əsl mənasında səhnə ilə nəfəs alıram.

Şükürlər olsun ki, çox gözəl ailəm var, qadın kimi xoşbəxtəm. Amma səhnə... Necə ki, ailə mənim üçün doğmadır, əzizdir, eləcə də səhnə. Biri sağ gözüm, biri sol gözümdür. Amma indi mənim bir gözümdə katarakta var.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər