Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla söhbəti təqdim edirik.
- Əbdül müəllim, necəsiniz? Dostunuz Elxan Qasımovla vidalaşmağınız hər kəsin ürəyini ağrıtdı. İndi özünüzü necə hiss edirsiniz?
- Evdəyəm qızım. Yoldaşım və qızımla oturub Elxanın son vida söhbətlərini edirik. Dünən üçünü verdik, səhər tək getmişdim qəbirüstünə...Vidalaşdım, dedim, Elxan vaxtım olduqca gələcəm yanına. Sən axirət dünyasında biz isə bu fani dünyada - bəzi şərəfsiz insanların at oynatdığı dünyadayıq.
İndi onun barəsində veriliş hazırlamaq istəyirəm. Mənim də gücüm onun barəsində danışmağa, yazmağa çatır. Pulum yoxdur ki, ona heykəl qoyum...
- Bir az keçmişə qayıtsaq...Elxan müəllimlə dostluğunuz hansı illərə söykənir?
- Bizim dostluğumuz 1962-ci ilin iyul ayının 15 -i Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU - red) imtahan verən gündən başlayır. Mən, Elxan və bir də rəhmətlik Amaliya xanım, ( Amaliya Pənahova - red) Allah qismət etdi, üçümüz də instituta qəbul olunduq.
- Elxan bəy, imtahanı necə vermişdi?
- Üçümüz də sənətdən - səhnə danışığı, nitq mədəniyyəti, plastikadan üç beş aldıq. İmtahanı o dövrün nəhəng sənətkarları götürürdülər: SSRİ Xalq artisti, professor Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov, Hökumə Qurbanova, Şövkət Məmmədova, Müxlis Cənizadə, Məlik Dadaşov, Əli Fəhmi və digərləri...
Sənətlə yanaşı biz tarixdən, ədəbiyyatdan da imtahan verirdik.
Mən hündür, sarışın, kürən bir oğlan idim. Əruzu yaxşı bildiyimdən Füzulidən qəzəl deyəndə məəttəl qalmışdılar. Dedilər ki, kənddən gələn uşaq bunları necə bilir? Dedim bəxtim gətirib ki, Bakıya yaxın kənddənəm - Qobustandan.
- Təbələliyiniz neçə keçib?
- Biz Elxanla ayrılmaz idik. O qədər birlikdə kirayədə qalmışıq ki...Əlimiz aşağı olanda onun böyük bacısı, şair, Naxçıvan Şəhər Sovetinin uzun illər sədri işləyən Elmira bizi Naxçıvana çağırırdı. Onun sifarişi ilə minirdik qatara gedirdik Naxçıvana. Yolda bizə yemək də verirdi, hər cür şərait yaradırdılar.
Elxanın bibisi Naxçıvan Ali Sovetinin sədri, atası da Naxçıvan Respublikasının baş baytarı idi. Çox hörmətli, şeir, sənət sevər bir kişi idi. Mənimlə də dost idi, bir-birimizə “Leyli Məcnun”dan, “Əsli Kərəm”dən, Füzulidən şeirlər deyərdik.
Naxçıvanda iki-üç gün qalırdıq, gələndə də bizi əli dolu yola salırdılar. Ordan gətirdiklərimizin şərəfinə bir, iki ay kef edirdik.
O vaxt İncəsənət İnstitutunda 30-40 tələbə oxuyurdu. Siz təsəvvür edin ki, Nəcibə Məlikova, Bəkir Həşimov instituta yenicə daxil olmuşdular. Hamısı məşhur aktyorlar idilər, amma ali təhsilləri yox idi. Çünki Teatr Texnikomunu bitirmişdilər.
Ustadımız Adil müəllim Moskvada kino kurslarını bitirib qayıdanda 1962-ci ildə “Əhməd haradadır” filmini çəkdi. O vaxt kinostudiya hər bir azərbaycanlının xəyalı, arzusu idi. Bizi qapısından içəri buraxmırdılar. Çünki orda əcnəbilər, kənar adamlar idilər: ermənilər, yəhudilər, ruslar. 1966-cı ildə ilk dəfə Adil müəllimin göstərişi ilə beş nəfərin – Xamis Muradov, Tofiq Məmmədov, Fikrət Əliyev, mən və Elxan Qasımovun kinostudiyaya təyinatımız veriləndə orda hamı bizə qəribə baxırdı, “kəndçi” deyirdilər.
Adil müəllim milli kadrların formalaşmasına çalışırdı. Kinomuz milliləşsin, milli dildə danışılsın. Azərbaycanda bu böyük siyasətin arxasında Heydər Əliyev dayanırdı. Və bu gün tarix olan filmlər- “Dəli Kür”, “Axırıncı aşırım”, “Dəqə-Qorqud”, “Nəsimi”, “Şərikli çörək”, “Bizim Cəbiş” müəllim və digərləri o vaxt çəkildi. Fərman Kərimzadələr, Mövlud Süleymanlılar, Əkrəm Əyrislilər, Eyvaz Borçalılar, Vaqif, Yusif Səmədoğlular yəni həm ssenarist məktəbi, həm də rejissor məktəbi yaratdılar.
Adil müəllim “Əhməd haradadır?” filmini çəkəndə bizim kursun hamısını çəkiliş meydançasına apardı. Filmin əvvəlindən axırına kimi bütün kütləvi səhnələrdə - tikintidə, Yaşıl teatrda və digərlərində bizi görə bilərsiniz. Beləcə Adil İsgəndərovun sayəsində 1962-ci ildən bizim kino həyatımız başladı. Bayaq dediyim kimi, 1966-ci ildə də kinostudiyaya təyinatımız verildi.
Ortada bir ilə yaxın müddətdə müəyyən problemlə bağlı Elxan Naxçıvana getdi. Kinostudiyadan uzaq düşdü. O müddətdə Naxçıvanda teatrda işlədi.
- Sirr deyilsə, gedişinin səbəbi nə idi?
- Bir problem yanaşmışdı. Amma Elxan Naxıçıvanda uzun müddət tab gətirə bilmədi. Qayıtdı...
- Bu hadisə “Əhməd haradadır?”dan çox sonralar olub?
- Bəli, o film çəkiləndə biz tələbə idik. Elxan Naxçıvana gedəndə hamımız kinostudiyaya işləyirdik.
Elxan “Əhməd haradadır?” filmində əsas rollardan birini oynayandan sonra bütün Azərbaycan onu tanıdı. Biz də həmişə onun yanındaydıq. Şəhərə çıxanda Elxana görə bizimlə də görüşüb salamlaşırdılar. Küçəyə çıxa bilmirdik. Elxanın hesabına çox yerə dəvət olunurduq.
- Elxan müəllimin populyarlığı ilə bağlı hansı maraqlı hadisəni danışa bilərsiniz?
- Yüzlərlə əhvalatımız var. Eləsi var ki, eşqlə, məhəbbətlə bağlı olduğuna görə onları danışmaq olmaz. Cavan, uzunboylu, yaraşıqlı oğlanlar idik, hamımız da subay. Adil müəllim aktyorlara xüsusi fikir verirdi. Həmişə deyirdi ki, aktyor cəmiyyətdə olan vətəndaşlardan mütləq seçilməli, fərd kimi diqqət çəkməlidir.
Səhər 9-dan auditoriyaya girib axşam 10-11-ə kimi dərs keçirdik, rəqs, məşqlərlə məşğul olurduq.
- Adətən müəllimlər tələbələrinin tez şöhrəti dadmasının əleyhinə olurlar və ehtiyat edirdilər. Eqo formalaşır, populyarlıqla birlikdə həyat birdən- birə dəyişir. Populyarlığı daşımaq asan deyil və hər adam da bununla baş edə bilmir.
- Elə Elxan da bir il o populyarlığın qurbanı oldu. (gülür) Adil müəllim onu bir il Sibirə - yəni Naxçıvana göndərdi. Dedi qadam, sən çaşmısan.
- Əbdül müəllim, o məsələni yaman sirr saxladınız.
- Bir əhvalat idi, olmuşdu, Adil müəllimə nə qədər dil töksək də dedi ki, yox, getsin ağlı başına gəlsin, sonra qayıdar.
Aradan 8 ay keçdi, Elxan Naxçıvandan gəldi, biz də hamımız dilxoruq...Toplanıb gəldik Adil müəllimin qəbuluna...Bir saat oturub gözlədik. Sən demə bunu qəsdən edirmiş. Bir saatdan sonra qapını açdı, dedi gəlin içəri. Bir-birimizə söykənə-söykənə içəri girdik. O kinostudiyanın direktoru, biz də cavan uşaqlarıq. Elxana baxdı, sonra gəlib əlini boynuna qoydu, soruşdu: Ağlın başına gəldi? Mən illərdir ki, sizin üçün zəhmət çəkirəm. Xalqa, millətə milli kadrlar vermək istəyirəm. Sizi elə belə seçməmişəm.
Bir- bir hamımızı qucaqlayıb öpdü. Dedi, mən sizə məhz bu cür əxlaqı aşılamaq istəmişəm. İstəmişəm ki, həmişə bir-birinizə arxa dayaq olasınız. Mən sevinirəm ki, zəhmətim hədər getməyib. Sizin canfəraşlığınız, bir-birinizə olan sevginiz Elxanı cəzadan tez qaytardı.
Adil müəllim, hər dörd ildən bir tələbə buraxırdı, onlara dəstək olmağımızı istəyirdi. Deyirdi, sizdən sonra gələnlər sizin balaca qardaşlarınızdır. Onların hamısını sizə tapşırıram, bir-birinizə dəstək olun, köməklik göstərin.
Elxanla bağlı xatirələr bir, iki, beş deyil. Onu itirəndən sonra üç gün böyrü üstə qaldım. Danışanda da məni ağlamaq tutur.
- Hər şey anidən oldu.
-Heç gözləmirdik və bununla da barışa bilmirik. O bizim hamımızdan bir yaş cavan idi. Bunu bütün dostlarımız bilir, deyirdim ki, Elxan, Allah eləsin biz səndən öncə ölək, sən bizi şərəflə, ləyaqətlə dəfn edəcəksən. Elxan təşkilati məsələdə, diqqətdə, qayğıda məharətli adam idi.
O oğluyla bağlı böyük faciə yaşadı: gözünün ağı-qarası bir oğlunu itirdi. Ondan sonra Elxan çox düşdü. Onu stress vəziyyətindən çıxarmaq üçün əlimizdən gələni edirdik. Toylara, konsertlərə, rəsmi görüşlərə getmədi, içində yas saxlayırdı. Oğlu Samir çox yaraşıqlı, istedadlı bir oğlan idi, gözəl rejissor ola bilərdi. Samiri itirəndən sonra Elxan ürəyindən əməliyyat olundu.
- Sonuncu dəfə onunla nə vaxt danışmışdınız?
- Ölümündən bir gün əvvəl. Mən qastroskopiyaya gedirdim, xəstəxanaya çatanda zəng elədi. Dedi, durum gəlim yanına. Dedim ehtiyac yoxdur, amma mən xəstəxanadan çıxana kimi bəlkə də on dəfə zəng elədi, həkimlə danışdı.
Elxan 12 gün reanimasiyada yatdı. Çox sağ olsunlar ki, mənə bir gün reanimasiyaya keçməyə icazə verdilər. Çünki həkim mənə demişdi ki, burda yatmağın mənası yoxdur. Onu geri qaytarmaq artıq mümkün deyil. Mən yalvarıb yaxarandan sonra icazə verdi, mən içəri keçdim, Elxanın hər tərəfini şlanqlar bürümüşdü... Ağappaq idi...(Kövrəlir) Əlinə, ayağına sığal çəkdim. Qucaqladım, gördüm ki, Elxanda heç bir həyat əlaməti yoxdur. Çıxanda həkim dedi ki, görürəm ki, ağsaqqal olaraq uşaqlar sizin sözünüzə qulaq asacaqlar. Burda saxlamağın mənası yoxdur, qızına de. Mən bunu qızına deyə bilməzdim. O da hamımız da ümid edirdik ki, möcüzə baş verəcək.
Elxan başqa dost idi. Yəqin ki, bizim bir günahımız var ki, o bizdən öncə getdi. 80 yaşım var, bundan sonra mənə nə olacaq ki? Onsuz da axırı ölümdür. Mən üç dəfə ağır əməliyyat keçirmişəm, Elxanın hesabına yaşamışam. O gecə-gündüz yanımda olub. Allah sənə rəhmət eləsin, Elxan.