9 İyun 2023 11:01
3 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda ölkədə fəaliyyət göstərən nəşriyyatların bir qrup rəhbəri Mədəniyyət naziri Adil Kərimli ilə görüşüb. Görüş barədə ətraflı məlumat almaq üçün “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) və “Hədəf” Qrupunun baş direktoru Şəmil Sadiqlə söhbətləşdik.

Teleqraf.com Şəmil Sadiqlə müsahibəni təqdim edir.

- Şəmil bəy, nazirlə görüş necə keçdi, əsasən hansı məsələlər müzakirə olundu?

- Bildiyiniz kimi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi iki ildir fəaliyyət göstərir. Cənab nazir yeni təyin olunandan sonra onunla görüşümüz oldu. ANAİB-in təkliflər paketini nazirə təqdim etmişdik və naşirlərlə belə bir görüşün keçirilməsini təklif etmişdik.

Adil müəllim çox sağ olsun ki, belə bir görüşə razılıq verdi. Və beləliklə, Azərbaycanda ilk dəfə Mədəniyyət naziri nəşriyyat direktorlarını birbaşa qəbul etdi, onlarla fikir mübadiləsi apardı.

Görüşdə 24 nəşriyyatın nümayəndəsi iştirak etdi. Söhbət həm bizim verdiyimiz təkliflər, həm də nəşriyyatların, ölkədə kitabın durumu ilə bağlı vəziyyət ətrafında aparıldı.

Həmçinin Azərbaycan naşirlərinin forumunun keçirilməsi, yerli ədəbiyyatın dünyada tanıdılması ilə bağlı dəstək proqramının hazırlanması təklif olundu. Onu da deyim ki, bizdə belə bir proqram mövcud deyil. Tərcümə Mərkəzi tamamilə başqa işlər görür, ədəbiyyatın dünyada tanıdılması ilə birbaşa məşğul olmur.

Görüşdə kitaba oxucu marağının azalması, mağazaların problemləri, nəşriyyatların maliyyə sıxıntıları da dilə gətirildi.

Görüşdə təklif olundu ki, Mədəniyyət Nazirliyinin verəcəyi dəstəklə ədəbiyyat mükafatı fondu təsis edilsin, qiraət, oxu yarışları keçirilsin, televiziyalarda kitabla bağlı peşəkar verilişlər, sosial çarxlar hazırlansın.

Hazırda oxucu, yazıçı, naşir hamı bir-birini günahlandırır, amma əslində problemin kökü təkcə nəşriyyatda və ya təkcə müəllifdə deyil. Bu məsələ dövlət siyasətinə çevrilməlidir.

- Görüşdə konkret hansısa addımların atılacağı ilə bağlı yekun qərar oldumu?

- Gəldiyimiz nəticə bu idi ki, yaxın zamanlarda Mədəniyyət Nazirliyinin birbaşa iştirakı, yaxud dəstəyi ilə ölkədə kitabla bağlı vəziyyəti tam ortaya qoya biləcək peşəkar analitik sorğu keçirilsin. Bilək ki, nələr çap olunur, necə oxunur.

Hazırda ən böyük problem azərbaycandilli ədəbiyyatın rus və türk dilli ədəbiyyata uduzmasıdır. Təsəvvür edin ki, aparılan sorğulardan məlum olub ki, mağazada satılan kitabların 70 faizi əcnəbi dillidir, yalnız 30 faiz Azərbaycan dilindədir.

- Buna səbəb nədir?

- Maliyyə. Nəşriyyatlar məcbur olub kitabın qiymətini baha qoymalı olurlar. Kitab çap olunanda qiymət kitabın tirajına görə dəyişir. Azərbaycanda çap olunan hansısa xarici əsər 500 tirajla çap olunur, bunun üzərinə qonorar, çap xərcləri gəldiyi zaman qiymət qalxır.

Amma Türkiyədə kitab 80 milyonluq ölkə üçün çap olunur. Həmçinin Rusiyada. Və bu da qiymətə təsir edir.

Azərbaycanda kitabçılıqla məşğul olanlar bilirlər ki, 500 tiraja çıxan kitabın 1 manat mətbəə xərci olursa, 2 min tirajla çıxan kitabın mətbəə xərci 60-70 qəpik olacaq. Tiraj çoxaldıqca nəşriyyatlarda qiymətlər aşağı düşür.

Müzakirə olunan bir məsələ də Mədəniyyət Nazirliyinin nəşriyyatlardan kitab alışının hansı formada keçirilməsi və şəffaflığı qorumaq üçün hansı addımların atılması ilə bağlı oldu. İki ildir ki, nazirlik nəşriyyatlardan kitab alır, amma bu, şəffaf keçirilmi? 500 min manat vəsait ayrılır, onun 250 min manatı iki nəşriyyat arasında, digər 250 mini isə qalan bir neçə nəşriyyat arasında bölünür. Belə şəffaflıq olmur.

Bu, nazirliyin əvvəlki rəhbərliyinin gördüyü işlər idi. Görüşdə bu və bunun kimi bir çox məsələlər müzakirə olundu. Faydalı görüş oldu, hər kəs açıq şəkildə təkliflərini verdi, münasibətlər bəlli oldu, nazir də öz fikirlərini bildirdi.

İnanıram ki, bu görüş və verilən təkliflər əsasında gələcəkdə kitabla bağlı yaxşı işlər görüləcək.

- Şəmil bəy, sorğu ilə bağlı məsələyə qayıtmaq istəyirəm. Bunun nazirlik tərəfindən aparılmasını məqsədəuyğun hesab edirsinizmi?

- Bəli, nazir də bu təklifi yaxşı qarşıladı. Azərbaycanda çap olunan kitabların siyahısı belə normal aparılmır. Nəşriyyatlar bəzən bu sayı gizlədir.

Nazirliyin siyasətindən belə başa düşdüm ki, gələcəkdə ayrılacaq dəstək daha çox elmi-kütləvi nəşrlərə yönəldiləcək.

- Yazıçılara qonorarların verilməsi məsələsi müzakirə obyekti oldumu?

- Yazıçılara qonorarların verilməsi Mədəniyyət Nazirliyinin işi deyil. Özəl sektor var, yazıçı var, müəllif var.

Mən yazıçı-naşirəm. Dərs kitablarından qonorar alıram, amma heç bir bədii kitabımdan qonorar ala bilmirəm.

- Bəs bu məsələnin həlli yolu nədir?

- Ölkədə hazırda 1500 kitabxana var. Mədəniyyət Nazirliyinin bununla bağlı büdcəsi formalaşandan sonra onlar nəşriyyatlardan müəyyən sayda kitab ala bilərlər.

Təbii ki, o kitablar nazirlikdə yoxlanılmalıdır, standartlara cavab verib-vermədiyi araşdırılmalıdır. Naşirlər bilsələr ki, hər il çap olunan kitabların 1000 nüsxəsi nazirliyin köməkliyi ilə alınıb kitabxanalara veriləcək, yerdə qalanını nəşriyyat özü satacaq, bəli, bu halda yazıçıya da müəyyən qonorar verilə bilər.

İndiki durumda nazirlik nəşriyyat qarşısında tələb qoysa ki, yazıçılara qonorar ver, nəşriyyat onu verə bilməyəcək. Nəşriyyat kitab satmalıdır ki, qonorar verə bilsin. Qonorar alan müəlliflərimizi misal çəkim, Elxan Elatlı... Kitabları satılır və həmin qonorarla da özünü təmin edir. Yaxud Rövşən Abdulla... Kitabları satılır, qonorarı da verilir. Onlarla işləyən nəşriyyat da müəllifin başqa nəşriyyata getməməsi üçün şərtlərlə razılaşır.

Təəssüflər olsun ki, Azərbaycanda nəşriyyatlar ixtisaslaşmayıb. Bir nəşriyyat dolanmaq üçün elmi, bədii, fantastik, uşaq kitabı da çıxarır. İxtisaslaşmamaq nəşriyyatlar üçün də problemlər yaradır. Bizdə oxucu kütləsi olmadığına görə naşirlərlə yazıçılar bir-birini günahlandırır.

Ümumilikdə konsepsiya olmalıdır. Bu işə həm Mədəniyyət Nazirliyi, həm Elm və Təhsil Nazirliyi, həm də Yazıçılar Birliyi maraq göstərməlidir.

Son günlər mediada naşirləri günahlandırılan yazılar getdi. Bu, yanlış münasibətdir. Birliyin sədri olaraq buna münasibət bildirmək istəyirəm.

Cəmiyyətimiz mətbəə ilə nəşriyyatı ayırd edə bilmir. Mətbəə çap maşını olan yerdir. Nəşriyyatın redaktoru, korrektoru, dizayneri, bu və digər işçiləri var.

Elə mətbəə və nəşriyyatlar var ki, dövlət sifarişləri ilə işləyirlər və onların bu cür sıxıntıları yoxdur. 10-a yaxın nəşriyyat var ki, sadəcə çap edib satdığı kitabın gəliri ilə dolanır.

Bir nəşriyyat 200-300 səhifəlik kitabı 500 tirajla çap edəndə bunun 2-3 manatı mətbəə xərci olur, 2-3 manat korrektə xərci. Bir kitabın xərci gəlib çıxır 4-6 manata. Nəşriyyat da onun üzərinə pul qoyub satmalıdır.

Təsəvvür edin ki, nəşriyyat bir kitabı çap etmək üçün 2000-3000 manat maliyyə yatırımı edir, həmin kitab 5 ilə satılmayıb, maklaturaya gedirsə, nəşriyyat nə etsin? Nəşriyyat biznes qurumudur və özünü qorumaq üçün deyir ki, mən satmalıyam və qazanmalıyam. Müəlliflər də deyir ki, mənə çatan qonorar azdır. Məncə, kitabı yaxşı satılan yazıçı bunu deməz.

Yazıçılar tərəfindən bildirilən haqlı irad budur ki, hər kitab yaxşı satıla bilməz, içərisində ağır, intellektual yüklü kitablar var ki, onların satışı az olur. Az olduğuna görə çap olunmamalıdır? Təbii ki, çap olunmalıdır və bu məsələdə dövlətin dəstəyi labüddür.


Müəllif: Nərmin Muradova