“Atam Şağan qəsəbəsinin köhnə qəbiristanlığında dəfn olunub. Biz ora gedəndə “Yasin” oxutdurmağa molla da tapa bilmirik. Bununla belə, bizi təəccübləndirən hadisələr olub. Uzun illər atamın hər ad günü, anım günü, yaxud elə bayramlarda məzarını ziyarətə gedəndə orda qırmızı qərənfillər görərdik. Bir qadın gətirirmiş... Anama elə demişdilər. Amma o qadının kimliyi ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Bir neçə il sonra daha o qərənfilləri görmədik. Amma başqa maraqlı hadisə oldu. Şağanın hansısa sakini atamın məzarının ətrafını çox gözəl təmizlətdirib, qıraqlarına mərmərdən gülqabılar qoydurub, ad-soyadı yazılan hissəni qızıl hərflərlə fərqləndirib. Həmişə gülqablarına güllər qoyur. İndiki zəmanədə belə bir gözəl iş görmək nadir rastlanan haldır. Allah o insana can sağlığı versin”.
Bu sözləri Teleqraf.com-a tanınmış teatr və kino aktyoru, görkəmli sənətkar Hamlet Xanızadənin qızı, hazırda Akademik Milli Dram Teatrında menecer vəzifəsində çalışan Aygün Xanızadə deyib.
Sosial şəbəkədə sənətkarın adını daşıyan səhifənin idarəçisi olan Aygün xanım ildə üç dəfə paylaşım etdiyini söyləyib:
“Atamın doğum, anım günləri və bir də 20 Yanvarda feysbuk izləyicilərini narahat edirəm. İnanın, o qədər gözəl reaksiyalar olur ki... Çox zövq alıram. Atam rəhmət qazanıb. Görün, neçə ildir dünyasını dəyişib, amma insanların qəlbində, xatirəsində yaşayır.
Səhifənin mesaj bölməsinə atamla bağlı gözəl əhvalatlar yazırlar. Onları oxuduqca qürurlanıram, sevinirəm. Heyif ki, həyatda yoxdur və bunları görmür. Doğrudur, sağlığında da hörmət və sevgi ilə əhatə olunmuşdu, amma elə məqamlar olurdu ki, sancırdılar, paxıllığını çəkirdilər, incidirdilər.
Atam xalq artisti adına layiq görülmədi. İki dəfə əməkdar artist adı aldı. Bir neçə dəfə sosial şəbəkədə bu məsələyə toxunmuşdum, insanlar rəy bölməsinə yazırdılar ki, biz onu xalq artisti kimi tanıyırıq. Atam o adı almağı çox istəyirdi.
Uşaq idim, o zaman başa düşmürdüm. Bəlkə də teatrdan getməyi onun xalq artisti adına layiq görülməməsinə səbəb oldu. Çünki gözləyirdi və inanırdı.
Qəribədir ki, o teatrda ən pik nöqtəyə “İblis”lə çatdı, amma elə o tamaşadan sonra da teatrı tərk etdi. Anam həmişə deyirdi ki, “İblis”dən sonra xalq artisti adına layiq görüləcəyini söz vermişdilər. Deyirdilər ki, ad yuxarılara təqdim olunub, hətta imzalanıb da. Amma sonra kim mane oldu və nə baş verdi, bilmədik”.
Aygün xanım deyir ki, Hamlet Xanızadə evinin qonaqlı-qaralı olmasını çox sevərmiş: “Anamın gözəl əl qabiliyyəti var idi. Bir də görürdün, atam zəng edib deyirdi ki, Nailə, filan yeməkləri bişir, dostlarla gəlirik. Ən sevdiyi yeməklər düşbərə, qutab, parça bozbaş, aş idi... Anam müxtəlif cür aş bişirərdi”.
“Bu cür yeməklərin qarşılığında formada qalmaq çətin deyildi?” sualımıza Aygün xanım belə cavab verir: “Əlbəttə, çətin idi. Bir az çəki alan kimi ikiqat idmanla məşğul olurdu. Ümumiyyətlə, atam hər gün idman edirdi. Həyətimizdə, dənizkənarı bulvarda qaçmağı sevərdi. Evdə yoqa ilə məşğul olurdu.
Dostları arasında atamla bağlı ən gözəl xatirələri Fuad Poladov, Faiq Zöhrabov, Nəsir Sadıqzadə danışardı. Bu yaxınlarda dünyasını dəyişən Elxan Qasımovla da yaxın idilər. Bir şeyə çox təəssüf edirəm. Atamı yaxından görən, onunla bir səhnəni paylaşan, birliklə xatirələri olan insanlar yavaş-yavaş bu dünyanı tərk edirlər. Televiziyalar veriliş hazırlayanda bəzən məndən kimi çağırmaqla bağlı məsləhət alırlar. O qədər az adam qalıb ki... Bilirsiniz ki, Ramiz Məlik hazırda xəstədir. Allah ona can sağlığı versin. Atamın yaşıdları daha həyatda yoxdur. Qalanları Hacı İsmayılov, Rafiq Məlikovdur... Firəngiz Mütəllimova da bir tamaşada atamın tərəf-müqabili olub.
Hamlet Xanızadə 49 yaş üçün çox böyük yük daşıdı. Yorulmadan, gecələr yatmadan çalışdı. Səhər radio verilişinə, günorta kinostudiyaya tələsdi, axşam da sevimli teatrda tamaşaçıların qarşısına çıxdı. Ürəyi kövrək, hər kəs üçün qayğılanan, yanan, kiçikdən böyüyə qədər əl uzadan, xalqını, millətini sevən, vətənpərvər idi”.
Hamlet Xanızadə 1941-ci il 5 iyunda Bakının Şağan qəsəbəsində dünyaya göz açıb.
Onu həkim görmək istəyən valideynlərinə Hamlet böyük sürpriz hazırlayır. Evdə heç kimə bir söz demədən sənədlərini Teatr İnstitutuna verir. Qəbul olunur və sənətin incəliklərini ustadlardan öyrənir.
Hamlet Xanızadə Akademik Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda unudulmaz obrazlar yaradıb.
İstedadlı aktyorun filmoqrafiyası da çox maraqlı və rəngarəngdir. “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə yaddaqalan obrazlarla diqqət çəkib.
1990-cı ilin 20 Yanvarı hadisələri Hamlet Xanızadəni sarsıtdı, bu faciə onun iliklərinə işlədi. Böyük sənətkar ağrı-acıya çox dözüm gətirə bilmədi. 3 fevral 1990-cı ildə 49 yaşında əbədiyyətə qovuşdu.