Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib.
Bununla bağlı Teleqraf.com-un suallarını AKİ sədri, xalq artisti Rasim Balayev cavablandırıb.
Onun müsahibəni təqdim edirik:
- Rasim müəllim, bu gün iki kino ittifaqının birləşməsi barədə qərar verildi...
- Yadınızdadırsa, mən çıxışlarımda ittifaqların birləşməsi barədə fikirlərimi bildirirdim.
- Bəli, nəhayət, çağırışlarınıza müsbət cavab verildi.
- Bu gün mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə toplantı keçirildi. Toplantıda həm mənim, həm də Şəfiqə xanımın rəhbəri olduğu ittifaqların idarə heyətləri iştirak edirdi. İttifaqların birləşməsini toplantıda olan hər kəs yekdillikdə qəbul etdi. Kino İşçilərinin Birliyi adı altında fəaliyyət göstərəcəyik.
- Şəfiqə xanım da ittifaqların birləşməsinə razı oldu?
- Bəli, Şəfiqə xanım da birləşmə təklifi ilə çıxış etdi.
- İttifaqlar necə və hansı mexanizmlə birləşəcəklər? Toplantıda bununla bağlı hansısa müzakirələr aparıldımı?
- İlkin qərarımız ittifaqların birləşməsi oldu. Amma bu necə və hansı formada baş tutacaq - bu barədə fikir bildirmək çətindir. Güman ki, bu məsələlər növbəti günlərdə aydınlaşacaq.
- Birləşmə ilə bağlı ittifaqlar öz təkliflərini verəcək, yoxsa bunu nazirlik həyata keçirəcək?
- Təbii ki, bu işdə nazirlik də maraqlıdır. Əsas o idi ki, biz birləşək. AYB sədri Anar təklif etdi ki, ittifaqlar birləşsin və “Kino İşçilərinin Birliyi” adı altında fəaliyyət göstərsin.
Mənə elə gəlir, bu daha işlək, daha yaradıcı bir qurum olacaq. Məqsədimiz Azərbaycan kinosunun sabahı naminə addımlar atmaqdır.
- Birliyin sədri kim olacaq?
- Hələ o barədə söhbət olmayıb (gülür). Vaxtı çatanda bu barədə də danışılacaq. Hamını bir araya yığıb sədri seçəcəklər. Güman edirəm ki, səsvermə olacaq, amma yenə deyirəm, hələ bu haqda danışmaq tezdir.
Bu, indi həll olunası məsələ deyil. Üstəlik, birləşmə bir günün işi deyil, vaxt lazımdır.
- Yenidən namizənliyinizi irəli sürəcəksinizmi?
- Hələ bu barədə düşünməmişəm.