Xalq artisti Ənvər Həsənov "Telefon söhbəti" rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ənvər müəllim, səhhətiniz necədi?
- Belə də... Havaların dəyişkənliyi səhhətimə yaxşı təsir göstərmir. Baş ağrılarım çoxdur.
- Vaxtarışı müayinə olunursunuz?
- İnsultdan sonra həkimə getmirəm. Həkimə gedəndə o qədər xəstəliyim aşkarlanır ki... Evdəyəm, lazım olan dərmanları qəbul edirəm.
- Səs-küydən uzaqda yaşayırsınız. Şəhərə gəliş-gedişiniz varmı?
- Gəlməməyə çalışıram. Şəhərin tıxacı insanı yorur, maşın sürmək mümkün deyil.
- Kino tədbirlərinə də qatılmırsınız?
- Sonuncu dəfə apreldə Kino forumunda iştirak etdim. Mədəniyyət naziri Adil Kərimli zəng vurub dəvət etmişdi. Forumda şəxsən tanış ola bilmədik. O qədər adam onu əhatəyə aldı ki, sıra mənə çatmadı, sonra da mənim halım dəyişdi. Sağ olsun, Ötkəm İsgəndərov məni evə gətirdi.
(Ənvər Həsənov rejissor Arif Babayevin "Uşaqlığın son gecəsi" filmində Murad obrazında)
- Kinodakı son prosesləri - Azərbaycan Kino Agentliyinin fəaliyyətə başlaması, kino ittifaqlarının birləşməsini necə qiymətləndirirsiniz?
- Adil müəllimin Mədəniyyət naziri təyin olunması məni həqiqətən çox sevindirir. Onun gəlişi kinomuza təkan oldu.
Azərbaycanda bir kino ittifaq var, sonra ondan iki ittifaq yaratdılar. İkitirəlik, narazılıqlar baş alıb getdi. İndi ittifaqlar birləşəcək, birgə fəaliyyət göstərəcək, buna çox sevinirəm.
- Birliyə kimin sədr olmasını istəyirsiniz?
- Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin sədr olmasını istəyirəm.
(Ənvər Həsənov rejissor Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmində Cəlal obrazında)
- Ənvər müəllim, bu gün kino günüdür, bu il həm də “Azərbaycanfilm”in 100 illiyidir. Sizin həyatınızın böyük hissəsi bu ocaqla bağlıdır...
- Həyatımın 60 ili... Kinoya 15 yaşımda gələn biri üçün bu məkan ən doğma, ən isti ocaqdır. Özümü xoşbəxt hesab edirəm ki, Adil İsgəndərovun tələbəsi olmuşam və bu vaxta kimi onun işinin davamçısıyam. Xoşbəxtəm ki, üç filmə onunla bərabər çəkilmişəm. Onun simasında Azərbaycanın ən gözəl rejissorları, operatorları, bəstəkarları, rəssamları, aktyorları ilə çalışmışam.
60 il ərzində 70 filmdə işləmişəm: 50-sində aktyor, 20-sində rejissor kimi...
- Sevənləriniz sizi yenidən ekranda görmək istəyir...
- Mənim ekrana çıxmağım qaldı, qızım. İndi ekranda saqqallılardır. Onlarla mənim işim alınmaz. O bunun, bu onun ağzını əyir. İndiki seriallara baxıb xəcalət çəkirəm. Bizim nəslin çəkdiyi köhnə filmlərimizə baxan gələcək nəslimiz, övladlarımız nəsə öyrənirdi: məhəbbət, bir-birinə qarşı istiqanlılıq, dostluq, insanlıq, mərifət, mərhəmət... Amma indikilər... Belə sənət olar?
Sevinirəm ki, Adil Kərimli nazir gəlib və inanıram ki, kinoda gedən son proseslərin sayəsində yenidən əvvəlki rejimə qayıdacağıq, köhnə filmlər kimi keyfiyyətli filmlər çəkiləcək.
(Ənvər Həsənov rejissorlar Kamil Rüstəmbəyov, Şamil Mahbudbəyovun "Dərviş Parisi partladır" filmində Şahbaz bəy rolunda)