11 Avqust 2023 09:23
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Laçında Jan Pol Sartrın “Dəfn olunmamış ölülər” əsəri əsasında “Son xətt” tamaşasını hazırlayıb.

Rejissor təəssüratlarını Teleqraf.com-la bölüşüb.

- Laçında olmaq, orada quruculuq işlərini görmək və laçınlılar üçün tamaşa hazırlamaq - bu hisləri necə ifadə edərsiniz?

- Laçın çox sürətlə, hətta deyərdim, ağlagəlməz sürətlə bərpa olunur. Mən buna bərpa yox, daha yeni, daha abad, daha gözəl Laçın deyərdim. 30 ildən sonra bizə qaytarılan əzəmətli, Azərbaycan coğrafiyasının ən gözəl məkanlarından biri olan Laçına köç karvanlarının gəlişi bir-birinin ardınca davam edir. Yerli əhalinin qayıdışı o qədər qürurvericidir ki...

Əhalinin Laçında məskunlaşması üçün çevik, sevgi dolu fəaliyyət var. Hər səhər zirvədən baxanda görürsən ki, hər yerdə abadlıq işləri aparılır. Bu canlanmanın, şəhərsalma strategiyasının şahidi olduqca vətəni yenidən quca bilən hər bir adam göz yaşlarına hakim ola bilməz. Şəxsən mən Laçını sevinc göz yaşları ilə qoynum dolusu qucaqlamaq istəyirəm. Bizə bu yurdu yenidən bəxş etdiklərinə görə Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusunda generaldan tutmuş əsgərə qədər hər bir kəsə ömür boyu minnətdarlığımızı göstəririk. Və bu davam edəcək.

Sonuncu sakin köçənə qədər biz hər gün bu yurdun bizə qaytarılmasının, bu yurdun yenidən vətən torpağı olmağının fərqindəyik. Burda sözün əsl mənasında möhtəşəm quruculuq işləri gedir. Evlərin, həyətlərin, məhlələrin, həyətyanı sahələrin, sosial, iqtisadi, inzibati obyektlərin tikilişi, yerlərin daşla döşənməsi, yolların salınması ən son inkişafa uyğun olaraq həyata keçirilir.

- Mehriban xanım, “Teatral studiya”nın “Laçın yay düşərgəsi” layihəsində iştirakınız və tamaşa barədə ətraflı sizdən eşitmək istərdik.

- Çox sevindiricidir ki, Laçında yeni mədəni layihələrə start verilir: konsert, film təqdimatı, teatr tamaşaları... İqtisadi mərkəzdə əhali özünü tam sivil, mədəni hiss etməsi üçün yetərincə səy, çaba göstərilir. Mədəni inqilab dedikdə bura əslində mədəniyyətin bərpası da daxildir, çünki müzəffər ordumuz bu ərazini qanı, canı bahasına alıb, böyük qalibiyyətlərlə ərazini vətənə - bizə qaytarıblar. Biz də əslində mədəniyyət camiəsinin əsgərləriyik. Və mən düşünürəm ki, bu layihələrlə bu yurdu, bu obanı, bu eli vətənə çevirməliyik. Bu, əslində bizim mədəniyyətə olan xidmətimizdir.

Hazırda Laçında teatr binası, aktyor, rəqs ansamblı, balet yoxdur, amma biz - mədəni cameənin peşəkarları istənilən şəraitdə mədəni hıyatımızı bərpa etməliyik və edirik də. Mədəniyyətdə açıq imzası olan adamlar bu cığırı açmaq məcburiyyətindədir. Məhz bu səbəbdən bu layihə həyata keçirilir. Həmkarlarım və mən “Teatral studiya” ilə ABAD MMC-nin tərkibində birgə kastinq keçirtdik. Kastinq əsasən Mədəniyyət və İncəsənət Universitetinin qarabağlı aktyor tələbələri arasında baş tutdu.

Üç fərqli tamaşa – “Sevil”, “Dankonun əfsanəsi”, “Son xətt”, eləcə də “Lazım gəlsə” adında film çəkmək üçün iyul ayından Laçındayıq və gərgin iş rejimində çalışırıq. Biz hazırda burda həyətləri bəmbəyaz, evləri gözəl olan yerli sakinlər üçün mədəni xidmət göstəririk. Təbii ki, indiki şərait teatr tamaşaları hazırlamaq və göstərmək üçün əlverişli deyil, amma gələcək üçün Laçında teatr, amfiteatrın tikilməsi planlaşdırılır.

- Tamaşa üçün niyə Sartr və onun “Dəfn olunmamış ölülər” əsərini seçdiniz?

- Burda ən vacib faktor insandır. Söhbət düşmənə qalib gəlmək iddiasında olan, əsir götürülmüş insanların dözümündən bəhs edir. Verilən qurbanlar bahasına işğaldan qurtulmaq və azadlıq əldə edilməlidir. “Dəfn olunmamış ölülər” məhz bundan bəhs edir. Və hər şeyə rəğmən bizim bu gün burada əhaliyə - yerli insanlara təqdim və təlqin edə biləcəyimiz ən ciddi ideyadır. Bu mədəniyyət əsgərlərinin xidmətidir. Biz nümunə göstəririk. Və əlbəttə ki, bunu mümkünsüzlük içində edirik.

Amma bu o deməkdir ki, bizdən sonra gələnlər daha yaxşı, əlverişli şəraitdə işləyəcəklər. Bu ideya və bu xətt davam etdirilməlidir. Bu, bizim bu insanlara, müzəffər orduya, bu əraziyə borcumuzdur, xidmətimizdir. Düşünürəm ki, hər kəsin bu vətən qarşısında öz borcu, missiyası olmalıdır. Biz də bu işlə məşğuluq.


Müəllif: Nərmin Muradova