13 Avqust 2023 09:11
3 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyada səs-küyə səbəb olan film fizik Oppenhaymeri terrorist yoxsa qəhrəman kimi təqdim etmək üçün çəkilib?

Teleqraf.com xəbər verir ki, rejissor Kristofer Nolan tərəfindən çəkilən “Oppenhaymer” filmi ekranlara çıxan gündən geniş tamaşaçı marağına səbəb olub. 20-ci əsrdə yaşayan Culius Robert Oppenhaymerdən bəhs edən avtobioqrafik film Kai Börd və Martin Cey Şervinin "Amerikalı Prometey: C. Robert Oppenhaymerin zəfəri və faciəsi” kitabına əsasən çəkilib. 57 günə tamamlanan filmin geniş auditoriyanı özünə cəlb etməklə yanaşı indidən mükafatlar alacağı haqqında danışılır.
Üç saatı əhatə edən filmdə aktyor Killian Merfinin canlandırdığı amerikalı Oppenhaymer İkinci Dünya Müharibəsi zamanı “Manhetten layihəsi”nin elmi direktoru olduğuna görə "atom bombasının atası" adlandırılır.

“Manhetten layihəsi” ilk nüvə silahlarının yaradılmasına səbəb olan çox məxfi tədqiqat və inkişaf layihəsidir. Robert Oppenhaymer ilk atom bombasını yaratdıqdan sonra silahın Xirosima və Naqasakiyə atılmasını dəstəkləyir. Nəticədə, bombalar minlərlə insanın həyatının məhvinə gətirib çıxarır, o isə bütün olanlardan özünü təqsirkar bilir və ömrünün qalan hissəsini bu dağıdıcı silahın istifadəsini pisləməklə keçirir.

Oppenhaymerin qəhrəman hesab edilib-edilməməsi mübahisəli məsələsidir. Bəziləri onu elmə verdiyi töhfələrə və müttəfiqlərə İkinci Dünya Müharibəsində qalib gəlməkdə oynadığı rola görə qəhrəman hesab edirlər. Digərləri isə Oppenhaymeri nüvə silahının yaradılmasında iştirakına və Yaponiyanın şəhərləri üzərində tətbiq edilməsinin vurduğu dağıdıcı təsirə görə tənqid edirlər.
Yadda saxlamaq lazımdır ki, Oppenhaymer kimi dahi şəxsiyyətlər adətən kompleksdirlər və onların həm müsbət, həm də mənfi tərəfləri var. Onlara necə baxıldığı onları müzakirə edən fərdlərin və ya cəmiyyətlərin dəyərlərindən asılı olaraq dəyişə bilər.

Kompüterdə yaradılan görüntüləri (CGI) sevməməsi ilə tanınan rejissor Kristofer Nolan atom bombasının partlamasını lentə alarkən real bombalardan istifadə edirdi:

“Nyu- Meksikada ilk nüvə silahı partlayışı olan “Triniti sınağı”nı kompüter qrafikasından istifadə etmədən yenidən yaratmaq və öhdəsindən gəlmək böyük bir problem idi”- deyən Nolan sözünə davam edərək əlavə edir:

“Ölçüsü və əhatə dairəsi baxımından indiyə qədər həyata keçirdiyim ən çətin layihələrdən biri “Oppenhaymer” filmidir. Böyük maddi-texniki, praktik çətinliklər mövcud idi, amma mənim əla komandam var idi və onlar həqiqətən sürətli işləyirdilər. Vizual effektlərin rəhbəri Endryu Cekson kvant dinamikasından tutmuş kvant fizikasını təmsil edən testə qədər filmin bir çox vizual elementlərini praktiki olaraq necə yarada biləcəyimizə baxırdı. Belə audiovizual məhsulu yaradan komandamın nəyə nail olduğunu görmək məni çox həyəcanlandırır”.

Rejissor filmin qalan hissəsində də kompüter vasitəsilə yaradılan görüntülərdən istifadə etməyib. Film xüsusi kameralarla -IMAX vasitəsilə böyük əziyyətlə lentə alınıb. Adi film ekranı 16:9 formatına malikdir, IMAX-ın xüsusi 1.90:1 ölçüsü isə adi ekrandan təxminən 26% daha böyükdür. Nolan bütün "Oppenhaymer" filmini bu kameralarla ərsəyə gətirməyi seçdi. Və izləyicilərə daha yaxşı keyfiyyət üçün IMAX kinoteatrlarında baxmağı tövsiyə etdi. Bu kinoteatrların sayı isə dünyada azlıq təşkil edir.

Kristofer Nolan “Wired” jurnalına verdiyi müsahibəsində "Oppenheymer" filminə bilet alanlara xəbərdarlıq edir: “Film sizi emosional cəhətdən məhv edə bilər. Bu yaxınlarda filmi bir kinorejissora göstərdim və o, bunun bir növ qorxu filmi olduğunu söylədi. Mən bununla razıyam”.

Çəkdiyi filmlə qorxu hissini kifayət qədər güclü ötürdüyünü düşünən Nolan bu cür faciəvi hadisələrdən daha çox insanın, xüsusən də, gənclərin əvvəlcədən xəbərdar olub, tədbirlər görməsini ümid edir.


Müəllif: Fatimə Nəsirli

Oxşar xəbərlər