20 Avqust 2023 16:13
2 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 may 2023-cü ildə yazıçılar və ssenaristlər tərəfindən Hollivudda başlayan etiraz aksiyaları səngimək bilmədən davam edir.

Teleqraf.com xəbər verir ki, təxminən 160.000 Hollivud aktyorunu təmsil edən “Aktyorlar Gildiyası”- “Amerika Televiziya və Radio Sənətçilər Federasiyası” (SAG-AFTRA) sənət adamlarını da tətilə çağırmışdı.

Amerikanın ikinci tətili adlanan bu aksiyada artıq aktyorlar da iştirak edir və haqları uğrunda mübarizədən çəkinmirlər.

60 ildən sonra Hollivud aktyor və ssenaristləri eyni vaxtda tətil etmək qərarına gəliblər. Bu tətil fəaliyyət göstərən orta və aşağı təbəqəyə hava və su qədər lazımdır. Buna baxmayaraq, ulduzlar da tətillərə qoşuldu.

SAG-AFTRA tərəfindən edilən rəsmi açıqlamaya əsasən: “Dörd həftədən çox davam edən danışıqlardan sonra əsas studiyalar- “Amazon”, “Apple”, “Disney”, “NBCUniversal”, “Netflix”, “Paramount”, “Sony” və “Warner Bros. Discovery” kimi nəhəng yayım platformalarını təmsil edən “Kino Film və Televiziya İstehsalçıları Assosiasiyası” (AMPTP) “SAG-AFTRA” üzvləri üçün vacib məsələlərdə ədalətli razılaşma təklif etməkdən çəkinir.

Hollivud aktyorlarının tətili nəticəsində bir çox filmlərin istehsalı, premyerası təhlükə altındadır. Bir çox filmlərin premyerasında aktyor və aktrisalar iştirak etməyib.

Tətil müddətində çəkilişlərə tam qadağa qoyulub. Üstəlik, filmin tanıtımında iştirakdan imtina, bu o deməkdir ki, sənətçilər nəinki dünya miqyasında tanıtım turlarını, televiziya verilişlərini, fan görüşlərini ləğv edir, hətta premyera və ya festival nümayişində iştirak etmək hüququna malik deyillər. Cillian Murphy, Matt Damon və Emily Blunt Kristofer Nolanın "Oppenheimer" filminin London premyerasını tərk etdilər.

Tətilə qoşulan məşhurlar

Meril Strip, Cennifer Lourens , Şarliz Teron, Xoakin Feniks, Ceymi Li Körtis, Oliviya Vayld və Mark Ruffalo, Brayan Kranston kimi ulduzlar da bu etiraz aksiyalarına qoşulanların siyahısındadır. Aktyorların tətillərə qoşulmasına heç bir etiraz edilmir və görünür, ABŞ aktyorları tətilə qoşulmağa da davam edəcək.

Amerikalı aktyor Corc Kluni baş verən Hollivud tətilini "sənayedə dönüş nöqtəsi" kimi qiymətləndirərək, dəyişikliyin industriyanın sağ qalması üçün zəruri olduğunu bildirib.
Hollivuddakı bu iğtişaşlar Amerikada gecə saatlarında yayımlanan verilişlərə də öz təsirini göstərib.
Bu o deməkdir ki, Cimmi Kimmel, Cimmi Fallon, Set Meyers və Stefen Kolbert də daxil olmaqla tok-şou aparıcıları razılıq əldə olunana qədər şoularının epizodlarını yazmayacaqlar.

Çıxışları ləğv edilən Kimmelin qonaqları sırasında Melissa Makkarti, Uil Poulter və Antano Kerriqan var idi.
Fallon isə Ken Conq, Cennifer Lopez və Elle Fanninq kimi məşhurları dəvət edəcəkdi.
Bu vaxt Kolbert də Priyanka Çopra, Maykl J Foks və Şonda Raymsla müsahibə aparacaqdı.

Eynilə, yazıçılar, ssenaristlər daha yüksək təzminat istəyirlər, yazıçı ilə televiziya şousunun hazırlamasını tələb edəcək yeni qaydalar axtarırlar.

Gildiya həmçinin istehsaldan əvvəl, istehsal və post-istehsal prosesində təzminat axtarışındadırlar.

Ssenaristlərdən tez-tez ödəniş etmədən düzəlişlər təqdim etmələri və ya yeni material hazırlamaları gözlənilir. Hər iki həmkarlar ittifaqı ssenarinin yazılmasına gəldikdə süni intellektin istifadəsi ilə bağlı narahatlıqlarını bölüşür.

Bəs Hollivud aktyorları süni intellektdən niyə bu qədər qorxur?

Ümumiyyətlə, tətillərin başlanmasında süni intellektin də birbaşa rolu var. Etirazlar daha çox SAG-AFTRA üzvlərini süni intellektdən daha yaxşı qoruyacaq razılığın əldə olunmamasından sonra baş verib. Artıq filmlərdə səslərin dəyişdirilməsi, akyorların yaşlı və ya cavan görünməsi üçün vizual effektlərdə süni intellektdən daha çox istifadə edilir.

Süni intellektdən qaynaqlanan narahatlıqlar gildiyanı belə bir xəbərdarlıq etməyə məcbur edib: “süni intellekt yaradıcı peşələr üçün ekzistensial təhlükə yaradır”.

Ağ Ev aktyorlara dəstək verdi

Baş verən etirazlara Ağ Evdən də dəstək gəldi. Ağ Evin sözçüsü Robin Patterson cümə günü verdiyi açıqlamada "Prezident bütün işçilərin, o cümlədən aktyorların ədalətli maaş və müavinətlərə layiq olduğuna inanır"- dedi. O, həmçinin əlavə edib: “Prezident işçilərin tətil etmək hüququnu dəstəkləyir və tərəflərin qarşılıqlı faydalı razılığa gələ biləcəyinə ümid edir”.

Qeyd edək ki, 1980-ci ildə baş verən aktyorlar tətili 10 həftə davam etdi və bugünkü pulla 370 milyon dollar ziyana səbəb oldu.


Müəllif: Fatimə Nəsirli

Oxşar xəbərlər