“Gündəlik Teleqraf” qəzetinin suallarını Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov cavablandırıb.
- 2013-cü ildə Əməkdar artist fəxri adına layiq görüldünüz. Bu ad sizə hansı məsuliyyəti gətirdi?
- Mən teatra gələndə içimdə fəxri ad almağa daha çox istək var idi. Çünki o vaxtlar fəxri adı olanlar barmaqla sayılacaq qədər və həqiqətən gözəl sənətkarlar, layiqli insanlar idilər. Heç kəsin acığına gəlməsin, çox sağ olsunlar. Amma indi mənə elə gəlir ki, bu ad gecikmişdi. Ona görə onun ləzzətini hiss edə bilmədim.
- Neçə il öncə bu fəxri adı almaq istəyərdiniz?
- Ən azından 10 il. Əgər elədiyimiz işləri ortaya qoysaq, bəli, on il öncə bu adı almalıydım. Və yəqin indi xalq artisti adını alacaqdım. Bir az böyük danışdım, amma belə düşünürəm.
- Əsasən ad almaq istəyənlər deyirlər: “Filan işi gördüm və bu zirvədir, bundan sonra mənə ad almaq yaraşar”.
- Mən heç vaxt elə fikirləşməmişəm. Bu gün mənim hər hansı tamaşam böyük uğurla nümayiş olunursa, bu o demək deyil ki, ondan artığını etmək mümkün deyil. Ondan artığını etmək mümkündür. Hər tamaşam mənim üçün ucu-bucağı görünməyən nərdivanda bir pillədir. Bilirsiniz, zirvəni o adam deyər ki, artıq sənətdən gedib. Əgər deyirəm ki, mən zirvədəyəm, deməli mənim üçün heç bir inkişaf gözlənilmir. Və mən bu sənətdə niyə qalmalıyam? Mənim üçün hər bir tamaşam- rejissor və aktyor kimi – bir addım irəli olub. Ola bilər kiminsə gözünə o bir addım görünmür, bunu sadəcə mən bilirəm. Kiçik bir misal çəkəcəm: mən 1996- ci ildə ilk dəfə rejissor kimi tamaşa hazırlayanda özümün yazdığım çox bəsit, daha çox kapusnik əhval –ruhiyyəli pyeslə və ancaq öz dostlarım, həmyaşıdlarla yola çıxdım. Bu, mənim üçün bir pillə idi. Alındı, ikinci tamaşa yenə də özüm yazdığım, yenə də kapusnikvari bu dəfə özünü təsdiq etmiş aktyorların ifası ilə təqdim olundu. Üçüncü dəfə Marşakın yazdığı pyesi rusdilli aktyorlarla səhnələşdirdim. Bu da bir pillə. Amma bunların üçü də şou-əhval ruhiyyəli tamaşalar idi. Dördüncü dəfə “Ələddinin sehirli çırağı” adlı çox ciddi tamaşaya quruluş verdim. Və ilk gündən başlayan axtarışlarım indiyə kimi davam edir.
- Rejissorluğa keçəndən sonra aktyorluğu bir qədər arxa plana keçirmisiniz.
- Rejissorluqla ona görə məşğul olurdum ki, aktyorluğumu da edə bilim. İndi mən teatrda rejissor ştatında işləyirəm, belə ki, iki il bundan əvvəl məni aktyor ştatından çıxarıblar.
- Niyə?
- Belə bir qərar qəbul olundu ki, teatrda ancaq bir vəzifədə işləmək mümkündür. 1996-cı ildən rejissorluqla məşğul olmağa başlasam da, səhv etmirəmsə, 2006-cı ildən rejissor ştatında qeydiyyata alındım. İki il öncəsinə qədər iki ştatda da var idim.
- İlk dəfə teatr rəhbərliyini rejissor kimi necə inandırdınız?
- Tamamilə təsadüf nəticəsində. Mən Gənc Tamaşaçılar Teatrının nəzdində yerləşən Pantomima Studiyasında işləyirdim. Bir müddət sənətdən getdim. Qayıdanda Gənc Tamaşaçılar Teatrının o vaxtki direktoru Kamal Əzizov mənə demişdi ki, səni işə götürəcəm. Gəldim yanına, amma məni aktyor kimi işə götürmək istəmədi. Elə o vaxt birdən- birə heç vaxt düşünmədiyim bir şey dedim: icazə verin tamaşa hazırlayım. Xoşunuza gəlsə tamaşanı da götürün, məni də. Xoşunuza gəlməsi tamaşanı da, məni də götürməyin. Mənə bir həftə vaxt verdilər. Birinci tamaşamı beş günə hazırladım və rəhbərliyə göstərdim. Çox bəyəndilər, repertuara daxil etdilər və 12 il teatrda nümayiş olundu. Ondan sonra hər il məndən tamaşa istəməyə başladılar.
- Deməli, daha çox rejissor olmalıydınız...
- Bilirsiniz, mən başa düşə bilmirəm ki, aktyorluğu bacarmayan insan necə rejissor ola bilər. Heç kəs mənim bu sözümdən inciməsin, bu sözümlə heç kimin bostanına daş atmaq istəmirəm. Mən sadəcə, təsəvvür edə bilmirəm. Yaxşı rejissor mütləq yaxşı aktyor olmalıdır. Yoxsa aktyorlar rejissoru saymazlar.
- Diktator rejissorsunuz?
- Demək olar ki. Əslində mən dostlarımla işləməyi xoşlayıram. Tamaşa hazırlayanda çalışıram ki, aktyorlar nəinki mənimlə, öz aralarında da dost olsunlar. Onların fikirlərinə qulaq asıram, amma mən yüz faiz bilirəm ki, mənə nə lazımdır. Müəyyən müddətdən sonra məndə diktatorluq başlayır. Tamaşalarımda improvizasiyaları sevmirəm. Çünki o hər zaman yerində olmur və tamaşanın “laxladır”.
- Olubmu ki, buna görə aktyoru dəyişəsiniz?
- Aktyoru dəyişməmişəm. Amma belə demək mümkünsə, onun “aşının suyunu vermişəm”. Özü də dəfələrlə olub.
- Az qala hər köşədə sizin adınıza rast gəlmək olar. Televiziya aparıcılığı, dublyaj, teatrda rejissor, aktyor, “Azdrama”, Gənc Tamaşaçılar Teatrı, şou proqram, müğənnilik fəaliyyəti və daha nələr...Həmçinin də adınız tez-tez qalmaqallarda hallanır.
- Mən ümumiyyətlə, qalmaqalları sevən adam deyiləm.
- Heç düşünmürsünüz ki, məşhurluğunuza səbəb qalmaqallar olub?
- Xeyr. Mən qalmaqallarla məşhur olmamışam. Əksinə mənimlə qalmaqal edib məşhurlaşan adamlar olub. Mənim məşhurlaşmağım 1992-ci ildə aparıcılığını etdiyim “Test” verilişi ilə oldu. Bu gün verilişi apardım, sabah artıq məşhur idim. Heç vaxt da populyar olmağın ardınca qaçmamışam. Və son vaxtlar mənim haqqımda deyilən sözlərin heç birinə cavab vermirəm.
- Fəxri adın belə bir qərar vermənizə təsiri varmı?
- Bunun fəxri ad alıb almamaqla heç bir bağlılığı yoxdur. Çünki həyatımı ona sərf etmək istəmirəm.
- Bəs nə vaxtdan bu qərara gəlmisiniz?
- Üç-dörd il olar. Daha dəqiqi, atam dünyasını dəyişəndən sonra. Bilirsiniz, heç gözləmədiyin anda həyatın sonu gəlir. Sən bilmirsən onun sonu nə vaxtdır. Və bilmədiyim halda mən niyə ömrümü-günümü dedi-qoduya həsr etməliyəm? Fikir verin, heç kimin bostanına mən birinci daş atmıram. Qalmaqal deyəndə ki, bircə Cənnət Səlimova ilə qalmaqalım olub.
- Ötən il “Azdrama” kollektivindən də sizə qarşı hücumlar oldu.
- Mən cavab verməmişəm. Haqqımda fikir bildirən adamlar birinci gedib özlərinə baxsınlar. O neyləyib, bu barədə düşünsün. Nə var ki, deməyə. Mən burada oturub deyim ki, Entoni Hopkins ümumiyyətlə, aktyor deyil. Haqqımda danışanlar da məndən qat-qat yaşlı insanlardır. Şər-böhtan, ikiüzlülük...adam kişi olar. O adamlarda kişilik də yoxdur. Onlara cavab verməyə mənim nə həvəsim, nə də vaxtım var. Allah onlara da iş yetirsin, başları qarışsın.
- Sizcə, bu nədən qaynaqlanırdı? Siz bir rejissor kimi onları inandıra bilmədiniz?
- O aktyorlar mənimlə işləməyiblər axı. Onlar çox gözəl bilirlər ki, mənim tamaşamda oynaya bilməyəcək. Köhnə ənənəvi üslubda işləyən aktyorlardırlar, bəlkə də öz sahələrində çox yaxşıdırlar, amma mənimlə uyğunlaşa bilmirlər. Düşündülər ki, kimin arxasında adamı yoxdur, bircə Nicatın...Çünki bu yerə qədər mən nəyə nail olmuşamsa bu, Allahın köməkliyi ilə öz gücümə olub.
- Rejissor kimi “Azdrama” özü sizi dəvət etmişdi, yoxsa siz müraciət etmişdiniz?
- Məni İsrafil müəllim dəvət edib. Bilirəm ki, o birinci dəfədən ora dəvət etmək istədiyi rejissorların sıralamasında mənim adım var idi. Hətta orada tamaşa hazırlamasam da mənə verdiyi bu dəyərə görə İsrafil müəllimə təşəkkür edirəm. İndiyə kimi orada dörd tamaşa hazırlamışam, hamısında da İsrafil müəllim özü dəvət edib, amma tamaşalar öz seçimim olub.
- İndi “Azdrama” akademik deyil, eksperiment tamaşalar hazırladığına görə tənqid olunur. Bu tənqidlərə sizin fikrinizi bilmək maraqlı olardı...
- Akademik səviyyə deyəndə nəyi nəzərdə tuturlar: bir nöqtədə dayanıb, uca səslə danışmağı? Hər teatrın yaxşı və zəif tamaşaları var. Və bu labüddür. Ən azından İsrafil müəllim nəsə etməyə çalışır. Əslinə qalsa, hər yeni tamaşa özü bir eksperimentdir. Bizim sənətimiz başdan-ayağa eksperimentdən ibarət deyilmi?
- “Azdrama”da daimi işləyərsiniz?
- Heç vaxt. Mənim üçün Gənc Tamaşaçılar Teatrı çox doğmadır. Yenə deyirəm, “Azdrama”nın aktyorları doğmadır və onlarla işləmək mənim üçün çox xoşdur: istər Laləzar xanım, istər Rafiq Əzimov, istər Şəlalə, istərsə də digərləri olsun. Gənc Tamaşaçılar Teatrının aktyorları isə mənim övladlarım kimidirlər. Onların ilk addımları mənim yanımda olub. Bu teatr mənim evimdir, Mübariz müəllim sağ olsun, mənə hər cür şəraiti yaradır, “Azdrama” isə mənə nə qədər doğma olsa da bütün hallarda orada qonağam.
- Azərbaycan teatrının bu günü barədə nə düşünürsünüz?
- Azərbaycan teatrı yaşamaq istəyir. Bu gün bəzi insanlar adını Azərbaycan teatrının təəssübkeşi qoyub onun yaşamağına mane olmaq istəyirlər. Bu mənada teatrımız böyük bir çarpışmanın içərisindədir. Vaxt olub ki, Tofiq Kazımov teatra gələndə yeni nəfəs, gəncləri gətirib, köhnə məktəbə son qoyulub. Onda o böyük sənətkarlar dəyişkənliyi qəbul edə bildilər. Kimi teatrdan uzaqlaşdı, kimi qaldı işlədi: İsmayıl Osmanlı, Hökümə Qurbanova, Nəcibə Məlikova kimi... Kimlərsə işləyə bilmədilər və uzaqlaşdılar, yeni nəsil üçün çəpər olmadılar.
- Amma deyirlər, çəpər olublar...
- Yox. Bu günkülər onlardan betərdirlər. Teatr mütləq müasirləşməlidir. Biz 20, 30 il bundan əvvəlki estetika ilə tamaşa göstərə bilmərik. Bugünki tamaşaçı buna baxmayacaq. Mütləq müasir düşüncə olmalıdır, mütləq savad olmalıdır, öz milli keyfiyyətlərimizi dünya teatr ənənələri ilə uyğunlaşdırıb tamaşa hazırlamalıyıq.
- Bizim teatr dünya teatrlarına uduzur?
- Uduzur.
- İndi Cənnət Səlimova ilə aranız necədir?
- Biz elə o vaxt barışdıq. Mən yaxınlaşdım, məsələyə aydınlıq gətirdim.
- Nicat bəy, indi də toylara gedirsiniz?
- Yox. Dörd ildir ki, toylara getməyə son qoymuşam.
- Bir ara müğənnilik edirdiniz...
- O restoran, şou proqram üçün lazım idi. O vaxtlar şou proqram aparırdım, müğənnilər də hər zaman gecikirdilər, ona görə məcbur olub mahnı yazdırdım, altı-yeddi disk buraxdım. Mənim üçün aktyor oxumağı bacarmalıdır. Müğənni kimi yox, aktyor kimi...
- Bildiyim qədər övladlarınız da tamaşalarda oynayır.
- Böyük oğlum həm Gənc Tamaşaçılar Teatrında, həm də “Azdrama”nın səhnəsində oynayır. Onun 16 yaşı var, aktyorluğa hazırlaşır.
- Siz istəyirdiniz ki, davamçınız olsun?
- Yox, mən istəmirdim. Amma artıq başqa çarə yoxdur. Kiçik oğlum da Gənc Tamaşaçılar Teatrında tamaşalarımda oynayır.
- Xanımınız tamaşalarınıza baxır? Təndiq edir?
- Əlbəttə, baxır. Bütün tamaşalarımın premyerasına gəlir. Tənqid də edir. (gülür)
Nərmin Muradova