17 Sentyabr 2023 09:00
2 934
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 dekabr 1977-ci ildə Belçikanın Antverpen şəhərində anadan olan Mattias Şonarts uşaq yaşlarından aktyorluğa böyük həvəs göstərib. Peşəkar futbolçu adından imtina edərək atasından miras götürdüyü aktyorluğu davam etdirən Şonarts yeniyetməlik yaşından "Zenith" təxəllüsü ilə qraffitiylə məşğul olmağa başlayıb.
Mattiasın valideynləri evli deyildi. Atası isə o dövrün məşhur belçikalı aktyoru idi. Nənəsi və anası tərəfindən böyüdülən aktyor atasını tez-tez görə bilmirdi. Daim çəkilişlər apardığı üçün Jülyen Şonarts oğluna az vaxt ayıraraq, həyatları boyu müxtəlif fikir ayrılıqları içində olublar. Aktyor vaxtaşırı instaqram hesabı vasitəsilə atasını yad edir:

"Tanıdığım ən ruhlandırıcı sənətçilərdən və bu dünyanı bəzəyəcək ən böyük aktyorlardan biri. Qeyri-məhdud təxəyyül, ruh və cəsarətə malik sehrbaz. Mürəkkəb, təhlükəli, zərif, mübahisəli humanist, nadir cins. Mənim atam".

Anasına isə hədsiz bağlı olan aktyor onu hər zaman xoş sözlərlə xatırlayır:

"Nə komanda idik. Nə səyahət etdik.... macəralar, dəliliklər, sevinclər, ağrılar, cəhənnəmlər, əyləncələr, göz yaşları, heyrət. Həyatın ən qeyri-mümkün yerlərində və ən çətin anlarında əbədi gücünüz, cəsarətiniz və atəşiniz məni bu gün deməyə vadar edir: SİZİN kimi biri olub və var və olmayacaq. Bir neçə il əvvəl əbədiyyətə rəqs etdin. Onlar səninlə çox xoşbəxt olmalıdırlar...... şanslıdırlar... və mən də...anam olduğum üçün. Mənim kraliçam - Marie-Dominique".

Kimin ağlına gələrdi ki, istedadlı yeniyetmə bir neçə dəfə kino məktəbindən qovulub?
Aktyor etiraf edir ki, günahkar onun əhval-ruhiyyəsi və tənbəlliyi olub. 21 yaşında Mattias Antverpendəki Kral Rəssamlıq Akademiyasına daxil olur. Məzun olduqdan sonra onun qarşısında milli kino dünyası açıldı. Gənc seriallara, az büdcəli layihələrə dəvət olunmağa başlayır. Bu, böyük bir ulduz karyerasının başlanğıcı idi. Məktəbi bitirdikdən sonra aktyor düzgün rolu tapmaq üçün onlarla dinləmələrdə -təlimlərdə iştirak etməyə başladı. Tamaşalarla bağlı silsilə tədbirlər aktyorluq istiqamətində Şonartsın böyük gələcəyini proqnozlaşdırmağa imkan verirdi.
Aktyorluqdan əlavə, Şonarts həyatını idmansız və yaradıcılıqsız təsəvvür edə bilməzdi. Gənclik illərində boks, futbol, rəsmlə məşğul olub. Böyük aktyorluq istedadı olmasaydı, Mattias məşhur futbolçu ola bilərdi. O, gənclik illərində Belçika klublarından birində oynayıb.
Rəsm çəkmək aktyorun digər rahatlama üsuludur. O, qraffitini sevir və ilhamı gələndə rəsmlərini çəkməyə davam edir. Onları vaxtaşırı sosial mediada paylaşır.

Mattias aktyorluq istedadını ilk dəfə 12 yaşında, atasının çıxış etdiyi teatrın səhnəsində oynadığı vaxt göstərib.
Mattiasın iştirakı ilə ilk film olan "Rəqs" (Daens) 1992-ci ildə ekranlara çıxıb. Bu kiçik rol gəncə teatr səhnəsində oynamaqdan daha çox filmlərə çəkilmək istədiyini anlamağa kömək etdi. Həmin filmə atası ilə birgə çəkilsə də ekran əsərində onların qarşılıqlı səhnələri yoxdur.
Mattias Şonarts aktyorluq sahəsində nailiyyətlərə görə yalnız Avropanın deyil, həm də Hollivudun ən yaxşı aktyorlarından biri oldu. Məşhur filmlərdə oynadığı bir sıra baş rollar sayəsində dünya miqyasında tanınıb: 2006-cı ildə çəkilən “Qara kitab” filmi Avropada milyonlarla tamaşaçı tərəfindən izlənilərək kassada öz bəhrəsini verdi. Film Venesiya Film Festivalında “Gənclik Film Mükafatı” qazandı.
2012-ci ildə “Buğa” (Bullhead) filmindəki fermer roluna görə “Ən yaxşı aktyor” Fipressi mükafatını “Palm Springs Film Festivalı”nda aldı.

42 yaşına qədər aktyor 50-dən çox filmdə oynamağı bacardı, lakin yalnız bir neçəsi onu həqiqətən dünya səviyyəli ulduz etdi. Məşhurun əsl şöhrəti ona "Buğa" (Bullhead) filmindəki rolu gətirdi.


2011-ci ildə Maykl Roskamın yazdığı və rejissorluq etdiyi film sadə, lakin böyük şəxsi faciənin elementlərini izləyicələrə çatdırır. Film aşağı səviyyəli belçikalı fermer və cinayətkar Ceki haqqındadır.
Uşaqlıqda baş verən faciəli hadisə nəticəsində Ceki Vanmarsenil ağır yaralanıb, mütəmadi olaraq testosteron və digər dərmanlar qəbul edir. O, maldarlıq və ət ticarəti ilə məşğuldur. Bu fəaliyyət onu heyvandarlara qadağan olunmuş böyümə hormonlarının satışı və digər saxtakarlıqlarla məşğul olan cinayətkar qrupun nümayəndələri ilə bir araya gətirir. Bu danışıqların iştirakçılarından biri də uzaq keçmişdə baş verən hadisələrdə birbaşa iştirak etmiş Diederik Masdır.
Maykl Roskam 5 ildən çox ssenari üzərində çalışıb. Film real hadisəyə - 1995-ci ildə böyümə hormonunun istifadəsini araşdıran heyvandarlıq müfəttişinin qətlinə əsaslanır. Film üçün baş rolda çəkilən Mattias Şonarts təxminən 27 kq əzələ kütləsi qazanmalı idi. O, steroid istifadə etmədən kökəlmiş, ağrı, kədər və qəzəbi ifadə edən rolu təsiredici şəkildə canlandırıb.
2012-ci ildə film “Xarici dildə ən yaxşı film" üzrə Oskara namizəd olub.
Mattias filmlə bağlı müsahibələrinin birində deyir: “6 ildən çox bu layihənin içində oldum. Sonuncu il isə mən sadəcə bu film haqqında düşünməyə başlamışdım. Maykl mənə zəng elədi və bir il üçün mən hər şeyi ləğv elədim. Kilo almaq üçün ancaq yeyib, yatdım”.

2014-cü ildə "Danimarkalı qız" filmindəki roluna görə "İlin kəşfi" mükafatına, 2016-cı ildə məşhur “London Film Mükafatlarında “İlin aktyoru” adına layiq görülüb.
Onun çəkildiyi “Loft” 2008-ci ildə buraxıldı və bir milyondan çox tamaşaçı tərəfindən izləndikdən sonra ən uğurlu Belçika filmi oldu.

Onun filmləri arasında mövzusu və aktyorluq ifası ilə seçilən filmlərdən biri "Pas və sümük"yü (Rust and Bone) xüsusilə qeyd etmək lazımdır.

2018-ci ildə o Fransis Lourensin cəsus filmi olan “Qızıl sərçə”də oynayıb. Filmdə Rusiya Kəşfiyyat Xidmətinin direktorunun birinci müavini rolunu canlandıran Şonarts “HeyUGuys”a müsahibəsində canlandırdığı obraz ilə əlaqəsinin olmadığını, ancaq əyləncəli və mürəkkəb xarakterə malik olduğunu vurğalayıb.


Şonarts bu obrazı canlandırdıqdan sonra dəfələrlə Putinə bənzəməsi ilə bağlı suallarla rastlaşıb. O isə cavabında “filmdə bizi sadəcə fiziki cəhətdən bənzədirlər. Qrim və kostyum departementi çox gözəl işlər yerinə yetirir. Bundan əlavə, Putinə bənzədiyimi düşünmürəm. Ən azından belə ümid edirəm”-deyə, o gülərək ifadə edib.

Şonarts hər zaman diqqət mərkəzində olsa da, şəxsi həyatını gizli saxlamağa davam edir. 2010-cu ildə tanış olduğu model Aleksandra Şautedenlə ciddi münasibət yaşasa da, bu bərabərliyin ömrü beş il olub. Beləki, 2015-ci ildə tərəflər rəsmi olaraq ayrıldıqlarını elan edib, səbəbini açıqlamayıblar.


Bu ayrılıqdan sonra Mattias hələ də şəxsi həyatını gizli saxlamağa davam edir.
“Mən romantikəm. Mən hisslərin istənilən səmimi təzahürlərinə çox diqqətlə yanaşıram və münasibətlərdə sədaqəti hər şeydən üstün tuturam. Mənə elə gəlir ki, tərəflərə sədaqət çiçəklərdən, şeirlərdən, mahnılardan və hər hansı digər hədiyyələrdən daha vacibdir".

Xarizması və istedadı sayəsində Mattias həm ölkə xaricində, həm də daxilində ən çox axtarılan aktyorlarından birinə çevrilib. Şübhəsiz ki, belçikalı aktyorun filmoqrafiyası mütəmadi olaraq yeni filmlərlə yenilənir. Bir çox rejissorlar onunla işləmək arzusundadırlar, belçikalının özü isə təkliflərə balanslı yanaşır və yalnız yaradıcı potensialını üzə çıxaran, tez-tez festival mükafatlarına iddialı olan dəyərli layihələri seçir. Mattias dəfələrlə etiraf edib ki, o, sönüklüyə dözə bilmir və bütün çəkildiyi filmlər, yaratdığı obrazlar bunun təsdiqidir.


Müəllif: Fatimə Nəsirli

Oxşar xəbərlər