15 Sentyabr 2023 12:21
8 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar sevgi hekayələrini bircə cümləylə ifadə edirdilər: "Biz bir birimizi axtarırdıq və tapdıq". Bu tarixçənin harda, necə, nə vaxt başlaması önəmli deyildi. Əsas olan onları bir-birinə bağlayan böyük məhəbbət idi. Bu məhəbbətdə çox ali mətləblər vardı; bu sevginin bir qolu onların sənətə olan bağlılığı ilə çulğalaşırdı. Aktyor Firdovsi Atakişiyev və İrana Tağızadə cütlüyü sənət məbədində öz əbədi xoşbəxtliyini tapmış, ona qovuşmuşdu.

İrana xanımın vəfatından sonra Firdovsi bəy üçün özünü ələ almaq, onsuz boşalmış, kimsəsiz qalmış səhnəyə qayıtmaq çox ağır idi. Amma xanımının ölümqabağı intuitiv dediyi sözlərin gerçəkliyinə sığınaraq yenidən teatra döndü.

Yeni mövsümə başlayan aktyorla - əməkdar artist Firdovsi Atakişiyevlə məşqdən əvvəl görüşdük. Əbədi yolçuluğa çıxmış həyat və sənət yoldaşı haqqında danışmaq nə qədər ağır olsa da danışdı; təkcə özünün deyil, bütün teatrın böyük itkisini ifadə etməyə sözlər acizlik edirdi.

- Firdovsi müəllim, sosial şəbəkədə idman zalından paylaşdığınız şəklin altından yazdığınız qeyd bizi duyğulandırdı: “Artıq fiziki cəhətdən hazıram, indi qalır mənəvi cəhətdən özümü sənətə, həyata hazırlamaq”. Həyat yoldaşınız, tanınmış teatr xadimi, xalq artisti, rejissor İrana xanımın vəfatından sonra teatra ayaq basmaq yəqin ki, çox ağırdır...

- Mən onun ölümünü qəbul etmirəm, ona görə heç vaxt "ölüm" kəlməsini dilimə gətirmirəm, "getdi" deyirəm.

İrana xanımın gedişi məni çox sarsıtdı. Ağlıma da gəlməzdi ki, bir-birimizi itirə bilərik. Təkcə mən və oğlum üçun yox, bütün İrana sevərlər üçün boyük itki oldu. Çunki o qədər həyat dolu, sevgi dolu bir insan idi... Hədsiz xeyirxah idi, insanlara yaxşıliq etməyi sevirdi. O qədər humanist, mənəviyyatlı idi ki, tanımadığı insanlara da əl tuturdu. Küçədə köməyə ehtiyacı olan birini görürdüsə, gəlib oğlumuza deyirdi ki, get ona pul ver, kimliyi ilə maraqlan, ayağa qaldırmağa çalış.

Həyətimizdə bir "bomj" sərgərdan gəzirdi. Kimliyilə maraqlandıq, məlum oldu ki, gözəl ustadır, amma işsiz qalıb. Mahaçqalaya dostunun yanına getməsi, orda işə duzəlməsi uçün pula ehtiyacı var. İrananın təkidiylə biz onun biletini və lazımi ehtiyaclarını aldıq, vağzaldan yola saldıq. Həmin adam sonra bizə zəng vurdu, təşəkkürünü bildirdi ki, sizin sayənizdə mən normal həyata qayıtdım.

İrananın mərhəmətli ürəyində heyvan sevgisinə də yer vardı. Xəzdərililərə necə divan tutulduğunu göstərən televiziya verilişindən sonra təbii xəz şubasını geyinməkdən imtina etmişdi.

- İrana xanımın peşəkarlığını dramaturqlar, sənətşünaslar yüksək qiymətləndirirlər. Onu digər rejissorlardan fərqləndirən nə idi?

- İşinə qarşı olduqca ciddi idi. Hər şeydə maksimalist idi. İçindəki insanpərvərliyi rejissurada da özünü göstərirdi.

İranayla işləyən hansı aktyordan onu soruşsaz, göz yaşları yağış kimi yağacaq. Hamı deyir ki, indi Rus Dram Teatrında boşluq var, kimsəsizləşib teatr. Bes ildən sonra onun yoxluğu daha çox bilinəcək. O vaxt ki, səhnəni lərzə gətirən tamaşalar olmayacaq, İrananın səsi gəlməyəcək, peşəkarlığı olmayacaq - bax, onda hamı anlayacaq ki, teatr necə yalqızlaşıb. Hətta onu gözügötürməyənlər də teatrın necə yalqızlaşdığını etiraf edir. Onun sənətkar böyüklüyü insanlığından gəlirdi. Kim olursan ol, əgər şəxsiyyət deyilsənsə, sənin bəhrən olmayacaq.

- Mən də o fikirdəyəm ki, əgər yaxşı sənətkar həm də yaxşı insan olmasa, sənətin yalnız çox az insana bəlli olan məhrəm kamilliyinə yetişə bilməz.

- O həm böyük insan, həm də böyük rejissor idi. Atası Tofiq Tağızadə də görkəmli rejissor olub. Tofiq müəllim çox sadə insan idi, öz dahiliyinin fərqində deyildi.

İrana heç vaxt onun adından istifadə etməzdi. Tofiq müəllimin ona nədəsə kömək etdiyinin də şahidi olmamışam. Onların yolları başqa idi. Oturub söhbət edəndə Tofiq müəllim kinodan, İrana teatrdan danışırdı; hər biri öz sahəsində uğur qazanmış rejissor idi.

Teatr və kino bir ağacın budaqları olsa da, tamam fərqli sahələrdir. Kinonun spesifikliyi ayrıdır, teatrın spesifikliyi başqa. Teatr iri plandır. Kinoda isə həm iri plan, həm orta plan var. İrananı digər teatr rejissorlarından fərqləndirən bir özəllik də bu məqamla bağlı idi. Ona kinematoqrafik rejissor deyirdilər.

Rejissuranı elə qururdi ki, səhnədə aktyor iri planda olurdu. "Sənətkarın taleyi" tamaşasına baxan Fəxrəddin Manafov da öz təəccübünü gizləyə bilməmişdi. Deyirdi, necə ola bilər ki, səhnədə iki aktyor oynayır və ikisinin də iri planı var.

Mayayla belə bir səhnəmiz vardı: Mən üzü səhnəyə dayanıram. Deyirəm, elə bilirsən mən bilmirəm sənə necə əziyyət verirəm? Ondan sonra rejissura bizim yerimizi elə dəyişir ki, Mayanın üzü səhnəyə, mənim arxam tamaşaçıya olur və o, iri planda öz sözünü deməyə başlayır.

Bunu bacarmaq lazım idi, bunu hiss etmək lazım idi. İrana istəyirdi ki, aktyorun oyunu qabarıq görünsün. O, işığa çox fikir verirdi. Tamaşanın premyerasına beş-altı məşq qalanda rejissorlar adətən işıq məşqi edirlər.

Hər rejissorun iş üslubu fərqlidir. Elə rejissor var ki, onun üçün işıgı işıq ustaları qurur. İrana isə bütün bunları özü edirdi. Məşqlər 11-də başlayır. O, saat 9-da artıq işdə olur və işıq məşqinə başlayırdı. Digər rejissorlardan fərqli olaraq, iki gün işıq qururdu. İşığı elə qururdu ki, hətta kütləvi səhnədə oynayan aktyor da kənarda qalmırdı. Bəzən elə olurdu ki, aktyor səhnədə işıqdan çıxırdı. İrana dərhal aktyora bildirirdi ki, işıqdan çıxdın, bir az arxaya get ki, oyunun görünsün. Çünki aktyor səhnədə işıqsız qalanda üz cizgiləri pozulur.

- Deməli, onun üçün hər bir aktyor, o cümlədən epizodik rolların ifaçıları da onəmli idi

- Onun üçun hər bir aktyor, hər bir detal, hər bir incəlik onəmli idi. Elçin müəllim İrana xanımı teatra dəvət edəndə, o, təlaş keçirmədi ki, başqa teatrdan gələn rejissor kimi ona yad münasibət bəsləyə bilərlər. O, ilk gündən teatrı özünküləşdirdi və özünü də onlara doğmalaşdırdı. İlk tamaşasından sonra çox aktrisalar onunla işləmək arzusunu bildirmişdi. Tamaşada aktyorun corabının rənginə qədər, bütün incəlikləri nəzərə alırdı.

- Çağdaş günümüzdə hava-su kimi ehtiyacımız olan sənət fədakarlığı, böyük peşəkarlıq...

- Tamaşaya böyük fiziki güc sərf edirdi, onun üçün iş limiti yox idi. İki üç ay ərzində beş-altı kişi rejissorun görə biləcəyi işi görürdü. Biz gecəyə qədər teatrda qalıb məşq edirdik. Heç kim də yorulmurdu, narazılıq etmirdi. Çünki hamı bilirdi ki, bunu iş naminə, sənət naminə edir. Hər aktyorla individual işləyirdi. Masa arxası məşqlərimiz çox olurdu. Biz hər şeyi masa arxasında həll edib sonra səhnəyə çıxırdıq. Hər bir aktyorda obrazın daxili aləmini, xarakterini, duyğularını tam oyadana qədər masa arxası məşqlər davam edirdi.Çox spesifik, çox özünəməxsus iş tərzi vardı. Onunla işləmək 7 yaşlı uşağa, 70 yaşlı qocaya da xoş idi.

Musiqili Komediya teatrının açılış mərasimini İrana xanıma həvalə etmişdilər. Elə bir açılış etmək lazım idi ki, italyan üslubunda təmir edilmiş möhtəsəm tikiliyə layiq olsun. İrana kollektivlə tanış olandan sonra mərasimin rejissorluğunu öz üzərinə götürməyə razılıq verdi, bir şərtlə ki, aktyorların paltarları dəyişilsin, yeniləri tikilsin. Şou üçün 200-dən çox paltar tikildi. Həmin paltarlar indi də teatrda qalır və onlardan indi də istifadə edilir.

İrana möhtəşəm şou yaratdı. Tamaşa 3 gün davam etdi.

- Dediyiniz kimi, İrana xanım hər bir aktyora qarşı diqqətli idi. Bəs maraqlıdır, tamaşaçıyla bağlı hansı fikirləri vardı? Məsələn, Cənnət Səlimovanın belə bir fikri vardı: "Tamaşaçı həmişə haqlıdır". İnara xanım tamaşaçını necə görürdü və aktyordan tamaşaçıya qarşı necə davranmağı tələb edirdi?

- İrana xanım tamaşaçı haqqında həmişə yüksək fikirdəydi. Onun tamaşaları nə üçün gözəl alınırdı? Çünki o, gözəl zövqlü tamaşaçı üçün tamaşa qoyurdu. Sənət onun üçün gözəlllik, estetika idi. İrana xanımın ana tərəfi zadəgan soyundan gəlir. Həyatda sadəydi, amma içində o əsilzadəliyi, kubarlığı, təmizliyi, saflığı daşıyırdı.

“Hər ilin 15 sentyabrında Sevgi günümüzü qeyd edirdik”

- Firdovsi müəllim, siz və İrana xanım ilk tanışlığınız haqqında danışmağı sevməmisiz heç vaxt. İlk tanışlığınız teatrda olubmu?

- Teatrda bizim gözəl münasibətimiz vardı və bu münasibət bir gün sevgiyə çevrildi.

- Necə oldu bu çevrilmə?

- Bu barədə danışmayacam. Bu, yalnız mənim qəlbimdə yaşayacaq. Amma tarixi deyəcəyəm: 15 sentyabr. 15 sentyabrda biz sevgi günümüzü qeyd edirdik. İndi mən həmin günü dəhşət hissilə gözləyirəm.

- Bu söhbətimiz 15 sentyabr ərəfəsində baş tutdu, sizcə, bu, təsadüfdür?

- Həyatda təsadüflər olmur, bütün təsadüflər qanunauyğunluqdur… Onun 40 mərasimi mayın 18-ə düşürdü, amma oğlumla qərara gəldik ki, ayın 19-a salaq. Birinci cüməaxşamında aktyorlar İrana xanımın qırx mərasiminin ayın neçəsinə düşdüyünü soruşdular. Biz “ayın 19-u” dedikdə, onlar bunun qəribə təsadüf olduğunu, həmin gün İrana xanımın tamaşasının oynanılacağını dedilər. Bu onun son tamaşası idi: “Sevgi üçün bağışla”.

Düşünürəm ki, bu da təsadüfi deyildi, bunun da mistik tərəfi vardı. Və həmin gün, qırx mərasimindən və tamaşadan sonra İrana xanımın xatirə gecəsini keçirdik.

- Oğlunuzun - iki sənət adamının övladının teatrla hər hansı bir bağlılığı varmı?

- Heç bir bağlılığı yoxdur. O, Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsində təhsil aldı. Sonra Almaniya tədris proqramıyla magistraturaya daxil oldu. Öz ixtisası üzrə işləməsə də, gözəl işi var və tez tez xarici ölkələrdə olur.

- Məncə, teatr onun fəaliyyətində özünü göstərəcək, genetik kodlar itə bilməz axı.

- Yox, o, ümumiyyətlə başa düsmürdü ki, biz niyə ikimiz də özümüzü sənətə fəda edirik. İrana xanımın teatrdan gələndən sonra halını görürdü. İrana xəstələnəndən sonra onu sorğulayırdı: "Özünü sənət uğrunda fəda etdin, axı nəyə görə?" O, çox yaxşı övladdır. İrana xanım iki-üç il xəstə yatdı. Bu müddətdə oğlum qayğısını əsirgəmədi.

- Firdovsi müəllim, İrana xanimın fədakarlığı, teatra bu qədər can yandırması onun səhhətinə də təsir göstərirdi?

- Əlbəttə, təsir göstərirdi. Çünki maneələr də çox idi, gözügötürməyənlər vardı. Problem yaradanlar istedadlı olduğunu ona bağışlaya bilmirdilər.

“O, mənə olacaqları qabaqcadan söyləmişdi”

- Mövsümü hansı tamaşa ilə açacaqsız?

- "Kapitan qızı" tamaşasıyla. Keçən mövsümün sonuncu tamaşalarından idi. Tamaşanı Rusiyadan gəlmiş görkəmli rejissor İqor Konyayev səhnələşdirib. Mən də Puqaçov rolunu oynayıram.

İrana xəstələnəndə mən iki il səhnədən uzaqlaşdım, onun yanında oldum. Serial təkliflərindən imtina etdim. Verilişlərə çıxmadım. İnstituta müəllim kimi dəvət etdilər, getmədim. Sonuncu təklif Türkiyədən gəldi, serial təklifi idi. 90 gün çəkilişdə olmalıydım. Bu bizim maddi vəziyyətimizi də yaxşılaşdıra bilərdi. Amma razı olmadım.

Oğlum məsələni biləndə belə bir təklif etdi: "Ata, bəlkə mən işdən çıxıb anamın yanında oturum, sən çəkilişə gedəsən?" Dedim, absurd təklifdir, mən bircə gün də İrananın yanından uzaqlaşa bilmərəm. Belə imtinalar çox oldu. Sonda İrana mənə belə dedi: "Firdovsi, sən təkliflərdən çox imtina edəcəksən? Sən aktyorsan, sənin gələcəyin var, sən yaşamalısan". Dedim ki, imtina edəcəyəm, çünki sənin dizinin dibində olmaq istəyirəm. Mən ən gözəl günümü səninlə yaşayıram.

Onda İrana sonralar heç vaxt unutmayacağım bir söz dedi: "Yaxşı, bəs tutaq ki, direktor zəng vurdu və dedi ki, Rusiyadan rejissor gəlib və sənə baş rol vermək istəyir, nə deyəcəksən? Yenə imtina edəcəksən?"

Dedim, imtina edəcəyəm. İki ay ard-arda məşqə getmək səni tək qoymaq deməkdir, mən bunu etməyəcəyəm.
"Onda deyəcəklər ki, çıx işdən". "Problem yoxdur, çıxaram, sən bunu dərd etmə".

- Yəqin hiss edirdiz ki, yanında olmanız onun üçün ən boyük dəstəkdir.

- Bu bizim ikimizə də vacib idi. Vaxt varkən, bir dəqiqəni belə onsuz keçirmək istəmirdim. Onun varlığıyla gözümü, canımı, ruhumu doyurmaq istəyirdim. Amma yenə doymadım…

Sonra qəribə bir sey oldu. İrana gedəndən 5 gün sonra direktor mənə zəng edib tanış sözləri dedi: "Firdovsi, Rusiyadan rejissor gəlib, gəl, tanış ol, sənə rol vermək istəyir".

İrananın sözlərini xatırladım. O, olacaqları mənə öncədən söyləmişdi. Onun çox dərin intuisiyası vardı. İntuisiyası bəzən məni qorxudurdu. Qəfil elə sözlər deyirdi və dedikləri elə çin olurdu ki, növbəti dəfə nəsə qorxunc bir şey deyəndə onu saxlayırdım, nəsə zarafat edirdim, araya söz qatırdım.

O, tamaşalarını da intuisiya ilə səhnələşdirirdi. İnana bilmərəm ki, bundan sonra kimsə Ərəblinski haqqında elə mükəmməl tamaşa qoysun. O tamaşanı o cür hiss etmək üçün Ərəblinski olmaq lazım idi. Eləcə də başqa tamaşalar. O, həm komediya, həm dramatik tamaşalar qoyurdu. Atasından ona bir xususiyyət keçmişdi. Tofiq müəllimin filmoqrafiyasına baxsaniz, görərsiz ki, müxtəlif janrlarda işləyib. Həm tarixi film, həm macəra filmi, həm dastan, həm müzikl çəkib. İranada da o xüsusiyyət vardı. Uşaqlar üçün əsl peşəkar tamaşalar qoyurdu, musiqini də özü seçirdi.

- Beləliklə, Kapitan qızı" tamasasında Puqaçov obrazinı yaratdinız. Bəs fərqli rejissorla işləmək və bir qədər fəqrli ampluada oynamaq necə bir hiss idi?

- Rejissor mənə Puqaçov rolunu təklif edəndə təəccüblənmədim. Əgər həmin tamaşanı İrana qoysaydı və ondan soruşsaydılar ki, Firdovsi hansı rolu oynaya bilər? Deyərdi, yalnız Puqaçovu.

Mən teatrda Konyayevin olduğu otağa daxil olanda dedi ki, mən sizdə Puqaçov obrazını görürəm. Baxmayaraq ki, Puqaçov 33 yaşında edam olunub. Əsl peşəkar rejissorlarda aktyorun obraza uyğunluğunu intuitiv hiss edir.

“Onun qoyduğu tamaşada oynamayacağımı deyirdim”

- İrana xanım sizi hansı rolda görürdüsə, bununla razılaşırdınız? Fikir ayrılığınız olmurdu?

- İrana xanımın 40-45 tamaşası olub, onun yalnız 15-də oynamışam. Bəzi ağzıgöyçəklər deyirdi ki, İrana xanımın bütün tamaşalarında Firdovsi oynayır, amma elə deyil.

Mənim ixtiyarım yox idi tamaşadan imtina etmək. O məni hansı rolda görürdüsə, o tamaşada oynayırdım. Şekspirin "On ikinci gecə" pyesi tamaşaya qoyulanda Endryu Egüyçiki obrazı, onun əzilib-büzülməsi çox maraqlı gəldi, necə oldusa bunu İranaya dedim. O, özünəxas ifadə ilə: "Məndə hersoq Orsina yoxdur, bircə sənsən hersoq Orsina. Sən onu oynayacaqsan". Etiraz etmədim.

Bir dəfə də "Karamazov qardaşları"nda Smerdyakovu oynamaq istəyimi onunla bölüşdüm. Bu obrazın daxili aləmini üzə çıxarmaq istəyirdim. İranadan tanış ifadəni eşitdim: "Məndə Mitya Karamazov yoxdur, onu oynayacaqsan".

Ancaq bir dəfə məni sevindirdi. "Arzu tramvayı" tamaşasını səhnəyə qoyurdu, mənə Stenli Kovalski rolunu verdi. Mənsə elə bildim ki, təbiətimə gorə mənə başqa rol həvalə edəcək. Bu əks obraz mənim üçün gozlənilməz oldu. İrana mənim içimdə yıgılıb qalmış emosiya yükünü görürdü və məni bu yükdən azad etmək istəyirdi. Bu günə qədər bu obraz mənim ən sevimli rolumdur.

- Sənət söhbətləri evdə də davam edirdimi?

- Evdə bu barədə sohbət açmamağa calışırdıq, çunki vaxtimızın çoxu onsuz da teatrda keçirdi. Oğlumuz teatr problemləri haqqında söhbətləri heç xoşlamırdı. Maksimalist olan İrana hər kiçik çatısmazlığa gorə əsəb keçirirdi, bu isə oğlumuzun narahatlığına səbəb olurdu.

Mübahisələrimiz isə vaxt keçəndən sonra xatırlayıb güldüyümüz əhvalatlara çevrilirdi. Məsələn, bəzən hansısa səhnədəki hansısa detala görə mənə irad tuturdu. Mübahisələr daha alovlu hal alanda mən bir daha onun tamaşasında oynamayacağımı deyirdim, İrana da mənimlə işləməyəcəyini bildirirdi. Oğlum özünəməxsus yolla bizi sakitləşdirməyə çalışırdı: "Ata, sən bir də anamın tamaşasında oynama. Ana, sən də atama daha rol vermə".

Az sonra əsəbimiz soyuyur, bütün incikliklər unudulur və biz bu mübahisəmizi gülə-gülə yada salırdıq.

Premyeradan sonra İrana ancaq onu qane etməyən hansısa detallardan danışır, musbət fikir söyləmirdi. Gülləri vazaya qoyandan sonra dönüb mənə baxıb gülümsəyir və deyirdi: "Amma gözəl oynadın ha".

- Hansı ortaq arzularınız var idi? Hansı tamaşanın səhnələşdirilməsini arzulayırdınız?

- İrana xanım "Valmont" əsərini qoymaq istəyirdi. Hələ biz cavan olanda mənim o tamaşada bir başqa rol oynamağımı istəyirdi. 7-8 il iqabaq dedi ki, bax indi sən Valmontun özünü oynaya bilərsən.

İrana xanımın çox gözəl bir ideyası vardı. Amma o iş yaradıcı paxıllığın qurbanı oldu. Onun səhnələşdirəcəyi "Otello" tamaşasında Fəxrəddin Manafov Otellonu oynayacaqdı, mən isə Yaqonu. Bu fikir bəzi insanlara ağır gəldi. Yəqin təsəvvür etdilər ki, səhnədə nələr baş verəcək və gozlənilən uğur onları qorxutdu. Və İrananı şərt qarşısında qoydular: Firdovsi Yaqo rolunda oynamamalıdır.

İrana əsəri səhnə üçün işləmişdi, demək olar ki, hər şey hazır idi. Mən Yaqo rolundan imtina etməyə hazır olduğumu dedim. Çünki həmin ərəfədə “Sənətkar taleyi” ilə yanaşı daha bir uğurlu tamaşada oynayırdım. İrana razı olmadı. Dedi yox, mən prinsip olaraq bunu etməyəcəyəm.

-Bəs "Sənətkar taleyi” sizin taleyinizi necə dəyişdi?

- Ərəblinski mənim sənət taleyimə yazılan ən gözəl yazıdı. Həmişə deyirəm ki, bunun üçün İrana xanıma və Elçin müəllimə minnətdaram. İki gözəl sənətkarın yaradıcıliq tandeminin əsasında bu möhtəşəm əsər yarandı. Mən də Ərəblinski kimi həm Azərbaycan səhnəsində, həm də rus səhnəsində bu obrazı oynadım.

- Bu tamaşada İrana xanım sənət aləmində ona qarşı olan qərəzli münasibətləri ifadə etdimi?

- Etdi, əlbəttə. İrana xanımın çox gözəl bir sözü vardı, onu anası demişdi: "Sənə həyatda hər şeyi bağıslayarlar. Ogurlugu, qatilliyi, hər şeyi. Bir şeyi bağışlamazlar - uğuru. Bunu sənə heç vaxt heç kim bağışlamayacaq".

“İki şeir yazmışam: böyük sevgidən və böyük dərddən”

- Siz İrana xanıma şeir həsr etmisiz. Adətən bir aktyor öz sevgi hisslərini öz obrazlarıyla ifadə edir. Bu sevginin şeirlə ifadəsi necə ərsəyə gəldi?

- Mən ona iki şeir yazmışam. Şeirlərin biri böyük sevgidən, biri boyük dərddən yaranıb... Birinci şeir pandemiya dövründə, onun ad günü ərəfəsində yazılıb: “Sevgi pıçıltısı”. Bizim çox romantik münasibətimiz vardı, bu axıra kimi davam etdi. Mən tanışlarımı bu dəfə tamaşaya dəvət edəndə onlardan gül gətirməməyi xahiş etdim. Tamaşada verilən gülləri evə İrana üçün gətirirdim. O əvvəlcə "Necə gözəldir!" deyər, sonra isə sorusardı: "Kim gətirib?"

Mən evə gülləri aparsam və İrananın gülləri görəndə işıqlanan çöhrəsini gorməsəm, "Necə gözəldir" sozlərini eşitməsəm, sarsılacam.

40 mərasimindən sonra oğlum ezamiyyətə xarici olkəyə getdi və mən bir neçə gün evdə tək qalmali oldum. Gecələrin birində yuxuya gedə bilmirdim, İrana ilə xəyali dialoqa başladım və təsirli bir şeir alındı. Hələ studiyada yazmamışam, amma dostlarım təkid edir ki, şeiri studiyada səsləndirim. O seir mənə böyük təsəlli oldu, yalnız onu yazandan sonra mən özümdə güc tapdım.

O şeirlə İranaya sınmayacağıma, ayaqüstə dayanacağıma və sevgimiz naminə həyata davam edəcəyimə söz vermişəm.


Müəllif: Günel Natiq