15 Dekabr 2023 12:39
2 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup ziyalı böyük Azərbaycan musiqişünas-filosofu Səfiəddin Urməvinin yubileyinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, ziyalılar bununla bağlı Mədəniyyət naziri Adil Kərimliyə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir: "Söhbət böyük musiqişünas, xəttat, filosof Səfiəddin Urməvidən (Səfiəddin Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi) gedir. Səfiəddin Urməvi orta əsrlər Şərq musiqi mədəniyyətini zinətləndirən bir dahi, dövrünün ən qüdrətli musiqişünası olub.

Tədqiqatçılara görə, Səfiəddinin 1252-ci ildə ərəbcə yazdığı on beş fəsildən ibarət "Kitab əl-ədvar" adı ilə məşhur olan musiqi risaləsində qaldırılmış musiqi nəzəriyyəsi məsələləri bu gün də aktuallığını itirməyib. İngilis alimi Corc Farmerin dediyinə görə, Səfiəddindən sonra gələn ərəb, fars, türkdilli müəlliflərin hamısı onun nəzəriyyəsinin davamçıları olublar".

Müəlliflər yeddi əsr sonra, yəni XX əsrin ortalarında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Urməvidən qidalandığını da nəzərə çatdırıblar:

"Üzeyir Hacıbəyov özünün "Azərbaycan xalq musiqisinin əsasları" kitabında yazırdı: "Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri dünyada məşhur olan iki nəfər Azərbaycan alimi, nəzəriyyəçi, musiqişünas tutur: Səfiəddin Ədbülmömin ibn Yusif əl-Urməvi (XIII) və Əbdülqadir Marağayi (XIV)".

Üzeyir Hacıbəyov öz əsəri üzərində işləyərkən məhz "Kitab əl-ədvar"ın xüsusi əhəmiyyət kəsb etdiyini anlayaraq, onun foto-surətini Nurosmaniyyə kitabxanasından gətirdib bu əsəri araşdırıb.

Hacıbəyovun yazdığı "Azərbaycan xalq musiqisinin əsasları" əsəri qaldırılan və həll edilən məsələlərə, həm də quruluşuna, üslubuna görə "Kitab əl-ədvar”a çox yaxındır. Xüsusilə də lad sistemi nəzəriyyəsində "Kitab əl-ədvar"ın ona təsirinin böyük olduğu bildirilir".

Ziyalılar hesab edirlər ki, dünya mədəniyyətinə böyük töhfələr vermiş dahi musiqişünasımız Səfiəddin Urməvinin yubileyi Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq səviyyədə qeyd edilməlidir. Beynəlxalq simpozium keçirilməli, əsərləri dilimizə tərcümə edilməlidir. Adını paytaxtda hansısa küçəyə vermək, musiqi sahəsində Urməvi mükafatı təsis etmək kimi bu qəbildən tədbirlər də mümkündür.

Təşəbbüsü dəstəkləyənlər arasında professorlar Aida Qasımova, Qulu Məhərrəmli, ədəbiyyatşünaslar İradə Musayeva, Səadət Şıxıyeva, bəstəkarlar Gövhər Həsənzadə, Vüqar Camalzadə, yazıçılar Seyran Səxavət, Nəriman Əbülrəhmanlı, Yunus Oğuz, Elçin Hüseynbəyli, şair Vaqif Bəhmənli, filoloq Vasif Sadıqlının imzaları da yer alır.


Müəllif: Teleqraf.com