Bu gün tanınmış teatr və kino aktyoru, görkəmli sənətkar Hamlet Xanızadənin anım günüdür.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Hamlet Xanızadənin qızı Aygün Xanızadə sosial şəbəkədə paylaşım edib.
"34 ildir ki, papa, 4 ildir ki, mama yoxdu bizimlə...Valideynsiz, böyüksüz yaşamaq çətindir...Çox vaxt onların varlıqlarına, məsləhətlərinə, bir sözünə belə ehtiyacımız olur...Bax onda hiss edirsən ki, sən artıq böyümüsən və bütün qərarları, problemlərin çıxış yolunu sən özün həll etməlisən.
Hamı sağ olsun. Gözəl ailəm, qohumlarım, dost-tanışlarım, gözəl ətrafım yaxşı ki, varsınız. Amma yenə də nəticədə meydanda bir böyük Allahındı, bir də özün..Həyatın qanunu budur: özün həyatda gərək baş çıxarasan! Burda da valideynlərimə çox minnətdaram ki, bizi belə gözəl böyüdüb, tərbiyyə veriblər.
Siz həmişə ürəyimdəsiz. Gözəl xatirələrlə yaddaşlarda qalan insanlarım: Anam və atam.
Böyüklərin qədrini bilin! Onlara vaxt ayırın…Öpün…qucaqlayın..Onlardan bir də olmayacaq. Allah bu dünyadan köçənlərimizi rəhmət eləsin, qalanlara can sağlığı arzulayıram.
Qeyd edək ki, Hamlet Xanızadə 1941-ci il 5 iyunda Bakının Şağan qəsəbəsində dünyaya göz açıb.
Onu həkim görmək istəyən valideynlərinə Hamlet böyük sürpriz hazırlayır. Evdə heç kimə bir söz demədən sənədlərini Teatr İnstitutuna verir. Qəbul olunur və sənətin incəliklərini ustadlardan öyrənir.
Hamlet Xanızadə Akademik Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda unudulmaz obrazlar yaradıb.
İstedadlı aktyorun filmoqrafiyası da çox maraqlı və rəngarəngdir. “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə yaddaqalan obrazlarla diqqət çəkib.
1990-cı ilin 20 Yanvarı hadisələri Hamlet Xanızadəni sarsıtdı, bu faciə onun iliklərinə işlədi. Böyük sənətkar ağrı-acıya çox dözüm gətirə bilmədi. 3 fevral 1990-cı ildə 49 yaşında əbədiyyətə qovuşdu.