Əməkdar rəssam Mehriban Əfəndinin “Mirriad” və “İmpressiya” əsərləri Azərbaycanı Beynəlxalq "Surrealizm Now" sərgisində təmsil edir.
Teleqraf.com-a bu barədə məlumat verən Mehriban Əfəndi qeyd edib ki, əsərləri Portuqaliyada YUNESKO-nun incisi olan "Mafra" muzeyində 52 ölkədən olan rəssamların əsərləri ilə birgə sərgilənir.
“2010-cu ildə “Surrealizm Now” layihəsi Avropanın Bissaya Barretto fondunun təşəbbüsü və dəstəyi ilə Portuqaliyanın məşhur rəssamı Santiaqo Ribeironun kuratorluğu sayəsində yaradılıb”.
Qeyd edək ki, Mehriban Əfəndi 2010-cu ildə Bolqarıstanda 120 rəssam arasından seçilərək “Radiance” mükafatına layiq görülüb. 2015-ci ildə rəssamın "Gecənin mistikası" adlı əsəri İtaliyanın prestijli "Sandro Bottiçelli" mükafatının sahibi olub.
İlk fərdi sərgisi 2005-ci ildə Amerikada gerçəkləşib. Avropada bir sıra qrup sərgilərin iştirakçısı olub.
2011-ci ildə "Nyu-York Tayms"ın bestseller yazıçısı, Hollivudun bəzi filmlərinin ssenaristi Syuzan Kolins şəxsi bloqunda onun əsərlərini özünün həyat və yaradıcılığına təsir edən sənət adamları sırasına daxil edib.