28 Fevral 16:01
2 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Şahnaz Şahinin "Şans" adlı hekayəsini təqdim edir:

Qonşu həyətdən gələn qəfil qışqıqırq səsləri eyni vaxtda çoxlu sayda adamın evindən küçəyə atılmasına səbəb oldu... Bir andaca hadisə yerinə az qala kəndin yarısı toplandı. Hamı nəfəsini içinə çəkərək gənc ananın göldə boğulan iki yaşlı oğlunu ağlaya-ağlaya qolları üstündə sudan çıxarmasına şahidlik edirdi.

Hamı nəfəsini içinə çəkib dayanmışdı. Əlindən heç bir şey gəlməyən bu insanların bəziləri kədərlə dayanıb baxır, bəziləri isə indidən körpə uşağı tək buraxan ananı
qınamağa başlamışdılar...

Həmin gün həftənin bazar günü idi, vaxt isə hələ sovetlər dönəmini göstərirdi. Hələ nə millətlər arası münaqişələr yaranmışdı, nə də insanlar “azadlıq” deyə meydanlara axışırdı. Hamının özünə görə işi-gücü vardı, kimsə səbəbsiz yerə işdən qala bilməz, iş saatlarında əsası olmadan küçədə görünməyə ürək eləməzdi. Tək-tək olan belə neqativ hallar da qeydə alınır, şəhərin küçələrində aparılan reydlərin nəticələri isə televiziya ekranından xalqa çatdırılırdı.

İşləyən adamlar səhər tezdən evindən çıxıb işinə gedir, axşam da yorğun-arğın geri dönürdü. O vaxtlar indiki kimi addımbaşı mağaza və marketlər də yox idi. Hər kənddə uzağı bircə dənə mağaza olurdu, o da səhər və axşam çağı bir neçə saatlıq açılırdı. Həmin mağazalarda hər şey satılırdı, neftdən tutmuş parçaya, paltara, qida məhsullarına qədər.

Bu zaman kənd camaatı zəruri ehtiyacını ödəmək üçün bura gəlir, al-verini edib qayıdırdı. Onda ət dükanları da yox idi, ayda bir-iki dəfə dana kəsilir, camaat da əvvəlcədən xəbərdar edilirdi. Həmin gün sübh tezdən ət almaq istəyənlər heyvan kəsiləcək yerə toplaşır, qəssabın onların gözü qabağında “bismillah”la kəsdiyi təptəzə ətdən lazım olan qədər alırdı.

O gün də həmin günlərdən biri, ilin isə yaz fəsli idi. Hava da hələ soyuq idi. Onların evindən iki-üç ev aralıda heyvan kəsiləcəkdi. Adamlar artıq sübh tezdən pulu və qabı əlində gəlib gözləyirdilər. Hər şey qaydasınca gedirdi, alnında qaşqası olan bir illik erkək dana ömrünün sonu çatdığını hiss etdiyindəndi ki, boğazından bağlandığı ağacın dibində narahatlıqla fırlanırdı.

Qolu zorlu qəssab uzun, enli bıçağın ağzını itiləyir, köməkçisi isə digər məsələlərlə məşğul idi. Ət almağa gələn kişilər də vaxtdan istifadə edərək, bir-biri ilə söhbətləşir, hal-əhval tuturdular. İş-güc, əkin-tikin məsələləri müzakirə edilir, adamlar bir-birinin gəliri-çıxarı ilə maraqlanırdılar. Amma həmin qışqırıq səsləri işi də, söhbəti də yarımçıq qoydu.

Bir andaca hamı əvvəlcə qorxu dolu heyrət içində yerində donub qaldı, sonra hadisə yerinə yüyürdü. Qonşu kənd xəstəxanasında baş həkim işləyən Şahanə xanım səhərdən vacib işləri üçün evdən çıxmaq istəsə də, gedə bilmirdi. Sanki hansısa bir qüvvə hər dəfə qolundan çəkib saxlayır, buraxmırdı. Nəsə olacaqmış kimi bir hiss vardı içində...

Həftənin bütün günü işdə olan həkimin, özünə vaxtı demək olar ki, qalmırdı. Hələ ağır xəstələri olanda gecələr də evə gec qayıdırdı. Tibb işçilərinin bütün sutkanı növbə üzrə işləməsinə baxmayaraq, özü hər xəstəyə bir-bir baş çəkir, lazım gələndə dərman təyinatına əlavələr edir, sonra rahat olurdu.

Hələ üstəlik gecə saatından asılı olmayaraq evə gətirilən xəstələri də qəbul edir və tibbi yardım göstərirdi. Bu zaman cəmi iki otaqdan ibarət olan evdə ailə üzvlərinin də rahatlığı pozulurdu. Bunu bəziləri həkimin vəzifə borcu hesab eləsə də, çoxu yüksək dəyərləndirir, hətta narahatlıq üçün üzrxahlıq edənləri də olurdu.

Nəhayət, heç yerə getməmək qərarına gəlib, evdə təmizlik işlərinə başlamışdı. Lakin yaşadığı evin əlli metrliyindən keçən baş su kanalının o tərəfindən gələn çığırtı, ağlaşma səsləri başqa qonşular kimi onu da bircə anda evdən çölə atdı.

- Ay camaat, kömək eləyin, qoymayın uşaq öldü! - deyən qadının harayı qarışıq səslərin içindən aydınca eşidilirdi. Anası Əfifə xanım da ayaqlarının ağrılarını unudub, səsə sarı qaçdı.

...Mustafagilin evi arxın o tayında idi, geniş həyət-bacası və əkin sahələri vardı. Su kanalına yaxın balıq saxlamaq üçün orta böyüklükdə göl yaratmışdılar. Burdan həm əlavə su mənbəyi kimi istifadə edir, həm də xırda balıqları alıb ora buraxır, böyüdürdülər. Oğlanları Qədir və Qədim istəyəndə qırmaq atıb tutur, ya da eləçə balıq tutmaq adı ilə bir az dincəlirdilər.

Son vaxtlar nədənsə bu məşğuliyyətdən uzaqlaşmışdılar, hətta gölü torpaqla doldurmaq istəyirdilər. İki qonşu arasındakı arxın üstündən atılmış ensiz körpü, gediş-gəliş olmadığından kol-kosun arasında itmişdi. Qalın böyürtkən kolları adama boy vermirdi. Həyat yoldaşı Akif bir andaca iti tikanlı kolları yalın əlləri ilə aralayıb o taya tullandı, ardınca da Şahanə xanım keçib özünü hadisə olan yerə çatdırdı.

Gördüyü ilk mənzərə uşağın başından düşüb suyun üstündə qalmış yun papağı oldu.

Anası Nərminə uca səslə nalə çəkərək hamıdan qabaq suya girib ilk övladı olan iki yaşlı Müstəqılin cansız bədənini çıxartdı. Nənəsi Tərbiyə, babası Mustafa kişinin ayaq üstə dayanmağa heyi olmasa da, uşağı alıb öz bildiyi kimi yardım etməyə başladılar. Mustafa onun ayaqlarından yapışıb yerdə başı aşağı silkələyir, amma uşağın ağzından su deyil, yemək gəlirdi...

Bu zaman kimsə ucadan:

- Mustafa, qoy həkim baxsın, yardımı o eləsə yaxşıdır! - dedi.

Bunu eşidənlər kənara çəkilib həkimə yol verdilər. Şahanə xanım sanki indi özünə gəldi, adamların arasından yeriyib qabağa keçdi, uşağı babasından alıb yardım göstərməyə başladı. Əvvəlcə cəld hərəkətlə yaş paltarları uşağın əynindən çıxardı, sonra başına örtdüyü iri, yun yaylığı açıb yerə sərdi və rəngi gömgöy olan uşağı onun üstünə uzandırdı.

Eyni anda həyat yoldaşını iynə-dərman dalınca evə göndərdi. Sonra yalnız özü eşidə biləcəyi asta səslə dodaqaltı: “Əl məndən, səbəb səndən, ya Allah...” deyib, uşağın ürəyini ustalıqla masaj etməyə başladı. Ardınca süni tənəffüs verib, bunu masaj hərəkətləri ilə növbələşdirdi.

Yüzdən çox adam nəfəs çəkmədən nəticəni gözləyirdi. Belə olanda zaman da donur sanki, dəqiqələr il kimi ötür. İndi həyatla ölüm meydanda üz-üzə idi... Şahanə xanım üzdə soyuqqanlı görünməyə çalışsa da, içində çox həyəcanlı idi. İnadla tibbi yardımı davm etdirirdi...

Aradan keçən bir neçə dəqiqə ərzində uşaqda heç bir həyat işartısı görünmədi. Əlindən ağlamaqdan başqa bir iş gəlməyən Mustafa kişi ilə Tərbiyə xala:

- Ay həkim, ölüb ee, başına bönüm, incitmə, qoy qalsın... - deyib yalvarır, uşağı ondan alıb yenə başı aşağı silkələyir və bu da həkimin işinə mane olurdu.

- Ay dayı, ay xala, imkan verin, qoyun tibbi yardımı göstərim, basdırmağa niyə tələsirsiniz?! - deyib, sonra azca sərt səslə əlavə elədi: - Əgər ölübsə daha nə incimək...

Bu dəm əl-qolunu kol cırıb qanatmış Akif əlində dərmanları yığıb hazırladığı şpris və fonendaskopla gəldi. Onda hələ birdəfəlik şprislər icad olunmamışdı, o, içi dərmanla dolu şüşə şprisi Şahanə xanıma verib, əlavə etdi:

- Qaynanmayıb ha...

- Allah saxlamış, bu iynəni meyitə vururam, təki həyata dönsün, yeri abses versə də olar!..

Şahanə xanım fonendaskopun qulaqcıq olan ucunu qulağına keçirib, yumru halqalı tərəfini həyəcanla uşağın döş qəfəsi üzərində gəzdirirdi. Aradan nə qədər vaxt ötdüyünü bilmədi, əvvəl uşağın sinəsində zəif xırıltı səsi eşitdi, sonra canında titrəyiş hiss elədi... Daha sonra səs artıb xırıltı nəfəsə çevrildi... Bir az sonra isə körpənin ürək döyüntüləri eşidilməyə başladı... Bu həyatın ölüm üzərindəkimöhtəşəm qələbəsi idi!..

...Çarpar bircə anda qəlbi yüz yerə,
Görsə ki, əlacsız qalıbdı xəstə.
Bəzən bir sözüylə bütöv bir ömrə
Olum-ölüm fərmanıdı həkimlər...

Bir qədər sonra isə uşağın sinəsindən çıxan xırıltı qarışıq ağlamağa bənzər səsi oradakı adamlar da eşitdi... İndi ana da, nənə-baba da sevincdən ağlayırdılar, heç həkimə təşəkkür etmək belə yada düşmürdü. Şahanə xanım uşaqla bərabər, onlara evdə etməli olduqları məsləhətləri də verib yola saldı:

- Axşam narahat olsa xəbər verin...

Səhər tezdən Nərminə uşağın vəziyyətini bildirmək üçün onlara gəldi. Uşağın sağ qalması şərəfinə qurban kəsmişdilər. Qurban payı da gətirmişdi, həkimə təşəkkür edib bu yaxşılığı heç zaman unutmayacaqlarını söylədi...

El arasında beləsinə “dənəsi üzülməyibmiş...” deyirlər. Həmin gün həyata yenidən gələn bu balaca oğlanın bəlkə də tale yolu da dəyişdi. Orta məktəbi bitirib özəl ali məktəblərin birində təhsilini “Tibbi biologiya“ üzrə davam etdirdi. Sanki Şahanə xanım həmin möcüzəli dəqiqələrdə uşağın qəlbinə öz sevimli sənəti ilə də yol salmışdı...

Ali təhsilini başa vurub gələndə artıq ona ikinci can verən həkim işini dəyişmiş və dövlət qulluğunda çalışırdı. Yenə köməyinə ehtiyac vardı, bu dəfə Rayon Mərkəzi Xəstəxanasında işə düzəlməsinə yardımçı oldu. Şanslı adam olmaq bacarıqlı olmaqdan daha yaxşıdır! Əvvəlcə Sanitar-Epidemioloji Stansiyada işlə təmin edilən Müstəqil, az keçmiş Xəstəxananın lobarant-həkimi kimi fəaliyyətə başladı...

Hərdən görüşürlər, artıq Müstəqil ailə qurub və iki övladı var. İşlədiyi kollektivdə və camaat arasında hörmət sahibidi. Amma Şahanə xanımın yaddaşının dərinliyində o elə həmin balaca oğlan kimi qalıb... Görüşəndə zarafatından da qalmır:

- Sənin şansın əvvəldən gətirdi, mən həmin gün evdə olmaya bilərdim... O, sirli qüvvə nəydisə, məni sənin yaşamağın üçün yolumdan saxlayıbmış... Doğru deyiblər: “ Xəstə sağalan olanda, təbib qənşər gələr!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər