"Beyaz Gelincik", "Bıçak sırtı", "Fi", "Unutsam Pıçıltı" və "Atiye" kimi layihələrdə yer alan tanınmış türk aktyor Mehmet Günsür "Muhteşem Yüzyıl"ın Şahzadə Mustafası kimi böyük pərəstişkar kütləsi qazandı.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20-ci Akbank Qısa Film Festivalının münsiflər heyətində yer alan aktyor gözəlliklə bağlı açıqlaması ilə diqqət çəkib.
Üç övladının anası rejissor Katerina Mongio ilə İtaliyada yaşayan Mehmet Günsür türk serial sektorunun uğurlarından məmnun olduğunu, lakin televiziya izləmədiyi üçün seriallara baxa bilmədiyini bildirib.
"Hər şeyin öz nizamı var, hər dövrün yeni həyəcanları var. Türk serial sənayesi çox yol qət edib. Keyfiyyət artdıqca başqa mədəniyyətlərin də diqqətini çəkir. Təəssüf ki, xaricdə yaşadığım üçün serialları izləyə bilmirəm, televizora çox baxa bilmirəm. Ümumiyyətlə, filmlərə, sənədli filmlərə baxmağı sevirəm, televizora baxmalı olanda internetdən açıram"
Sonuncu dəfə 'Kül' filmində rol alan məşhur aktyor yeni mövsüm üçün müzakirə edəcəyi layihələri olduğunu və ekranda olmaq istədiyini bildirib.
Mehmet Günsür "hər zaman yaraşıqlı aktyorlar arasında yer alması" fikrinə belə münasibət bildirib:
"Özümü çox yaraşıqlı hesab etmirəm. Yəni, məncə, yeni nəsil daha gözəldir. Təbii ki, təbiətin, həyatın qanunu budur, belə də olmalıdır”.