“Azərbaycan milli geyimləri arasında bir neçə dəbdəbəli, zəngin geyimlər var ki, bunlara İrəvan geyimlərini xüsusilə qeyd etmək olar. İrəvan geyimləri və geyimin təbəqəli üslubu çox möhtəşəmdir”.
Teleqraf.com xəbər verir ki, bunu kolleksioner, tədqiqatçı Ruslan Hüseynov deyib.
O bildirib ki, İrəvan geyimlərində tumanların qısalığı topuqdan bir qarış yuxarı idi.
“Şamaxıda yaxud Qarabağda tumanın ətəyinə bir bafta yaxud şahbəsən tikilirdisə -bunlar kant adlarıdır- İrəvan geyimində bu, dörd- beş sıra görünürdü.
Üst geyimlərində altdan nimtənə, üzərindən isə bahari yaxud küləçə istifadə olunurdu. Bahari sadə, kənarı kantlarla bəzədilmiş geyim növüdür, küləçə eynən bahariyə bənzəyir, xırda detallarla fərqlənir və kənarı xəzlə bəzədilir. Bu da əsasən daha çox qışda geyinilən üst geyimidir.
Bu geyimlərin hamısı bir-birinə bənzəyir, sadəcə kiçik detallarla fərqlənirlər. Sizə iki foto göstərərəm, deyərsiniz ki, ikisi də bir-birinə bənzəyir. Amma ordakı ştrixlərə görə onları bir-birindən ayırmaq olur. Bakı nimtənəsi Zəngəzur nimtənəsinə nisbətən daha qısadır. Bütün hallarda bunlar hamısı ümumi Azərbaycan geyimidir, sadəcə bölgələrimizə görə bir az deformasiyaya uğrayıb, özününküləşdiriblər”.
Ruslan Hüseynov bildirib ki, kolleksiyada 4 mindən artıq muzey əhəmiyyətli eksponatlar var.
“70 faizi tekstili, digər 30 faizi isə zinət və məişət əşyalarını əhatə edir. Kolleksiyamızda 400-ə yaxın bir-birini təkrarlamayan kəlayağı var. Ən qədimisi 18-ci əsrə aiddir. Onun sadəcə bir hissəsi bizdədir. Kəlayağı bir neçə sənətkarın birləşib ortaya gətirdiyi əsərdir. Ümumiyyətlə, Azərbaycan milli geyimləri başdan-ayağa fəlsəfədir”.
Qeyd edək ki, "Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın milli geyimlərinin təbliği - Ənənədən gələcəyə" adlı layihəni həyata keçirir.
Məqsəd Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfimizdir.