Ötən gün Heydər Əliyev Mərkəzində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası baş nazirinin müavini, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov, millət vəkili Bahar Muradova və digər dövlət, hökumət rəsmiləri, mədəniyyət, incəsənət və ictimaiyyət xadimləri iştirak edib.
Öncə səhnəyə çıxan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə qeyd olunur ki, hər bir xalqın və millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan xalqını əsrlər boyu bir millət kimi qoruyub saxlayan onun zəngin mədəniyyəti, dili, ədəbiyyatı, poeziyası və musiqisi olub: “Bu gün bu irsi qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur. Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi bizim mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür.
Azərbaycan həm milli mədəni irsin, həm də bəşəriyyətin mədəni irs xəzinəsinin nadir incilərinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələr həyata keçirir. Muğam sənəti də artıq təkcə bizim yox, bütün dünyanın sərvətidir. Muğam aləmi hüdudsuz, sərhədsiz bir məkandır və bu məkanı yaşadan insanların artıq daimi bir görüş yeri var - bu, ənənəvi olaraq Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalıdır. Artıq dördüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn incəsənət xadimlərini, sənətkarları, alimləri Bakıda bir araya toplayır və musiqisevərlərə xoş anlar bəxş edir. İnanıram ki, IV Beynəlxalq Muğam Festivalının proqramına daxil edilmiş beynəlxalq simpozium, gənc xanəndələrin müsabiqəsi, muğam ənənələrinin yayıldığı müxtəlif yerlərdən Bakıya gəlmiş ifaçıların çıxışları bütövlükdə muğam aləminin daha da zənginləşməsinə xidmət edəcəkdir. Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm. Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”.
Festivalın ilk günü tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında konsert təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin keçirilməsi, beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli musiqiçilər və qruplar dəvət olunub.
Festival martın 18-dək davam edəcək.
Nərmin