Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birlikdə “Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə III Respublika müsabiqəsi elan edir.
İttifaqdan Teleqraf.com –a bildirilib ki, müsabiqə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, “Humay” Milli Mükafatı laureatı, professor Azər Dadaşovun 70 illiyinə həsr edilib.
Müsabiqənin məqsəd və vəzifələri Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması və musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin repertuarının yenilənməsidir.
Müsabiqə 2 yaş qrupu (I qrup – 16 yaşa qədər, II qrup – 16 yaşdan yuxarı) üzrə və 3 mərhələdə aparılacaq.
Müsabiqədə respublikanın bütün musiqi təhsili ocaqlarının şagirdləri və tələbələri iştirak edə bilərlər. İştirak etmək istəyənlər sənədlərini 30 mart 2016-cı il tarixinədək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər. Qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunur:
I yer – 700 manat və I dərəcəli Diplom
II yer – 500 manat və II dərəcəli Diplom
III yer – 300 manat və III dərəcəli Diplom
Qeyd edək ki, müsabiqənin münsiflər heyəti Bəstəkarlar İttifaqının üzvləri olan tanınmış incəsənət xadimləri, Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək.
Nərmin