2 May 2015 18:28
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gövhər Həsənzadə: "Bizim buna böyük ehtiyacımız var"

Bəstəkar Gövhər Həsənzadə "Bakı-2015" Avropa Oyunlarına öz töhfəsini verməyə hazır olduğunu deyir.

O, Teleqraf.com-a açıqlamasında Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən söz açıb: "İyunun 12-28-i tarixlərində Azərbaycanda keçiriləcək "Bakı-2015" Avropa Oyunlarının dünyanın 200-dən çox kanalında canlı nümayişdə olması, hər gün ölkəmiz haqda informasiyanın efirlərdən bütün Avropaya, oradan da dünyaya yayılması bizim üçün çox mühüm amildir. Çünki Azərbaycan haqda olan informasiyalar, təəssüratlar, ölkəmizin mədəniyyət, iqtisadiyyat sahəsində olan inkişafı, siyasi durumunun qərəzsiz olaraq dünyaya çatdırmaq üçün bizim Avropa insanına, vətəndaşına, dünyanın efirlərinə çox böyük ehtiyacımız var. Bir var ki, biz bir tədbirlə, bir iclasla, çıxışla yüz, iki yüz insanı əhatə edib özümüz haqda danışaq, bir də var ki, bu qədər avropalının - idmançıları, məşqçiləri, fotoreportyorları, pressa nümayəndələri ilə bura gəlməsi, Azərbaycanı tanıması, ölkəmiz barədə həqiqəti dünyaya olduğu kimi çatdırması daha əhəmiyyətlidir. Mənə görə, bu oyunların mənim üçün ən birinci xeyiri budur. Bu qədər yalanların, uydurmaların qarşısında avropalı gəlir, görür, tanış olur, Azərbaycanda baş verən iqtisadi yüksəlişin, uğurun, tərəqqinin birbaşa şahidi olur. Görün, bu, necə təsirli və faydalıdır. Bu baxımdan Azərbaycanın dünyaya çıxışı üçün Bakı-2015 Avropa Oyunlarının xidməti əvəzsiz olacaq. Əlbəttə, bu, böyük bir arenadır, böyük bir addımdır və Avropa Oyunlarının ilk olaraq heç bir Avropa ölkəsində deyil, məhz Azərbaycanda keçirilməsi böyük bir şansdır və bununla biz tarix yazacağıq. Və bu tarix yüz il sonra da dəyişməyəcək. Sabah kimsə deyə bilməyəcək ki, Azərbaycanın Avropaya aidiyyatı yoxdur. Bu oyunlar vasitəsilə biz bu cür fikirləri kökündən siləcəyik. Əgər Avropa belə böyük bir tədbiri Azərbaycanda keçirirsə, deməli Azərbaycan heç bir Avropa ölkəsindən geri qalmır. İndiyə qədər bizim ən böyük problemimiz Azərbaycan haqda olan həqiqətləri dünyaya çatdırmaqdır. Bu yolda yalanla, şərlə üzləşmişik. Bütün bu böhtanların qarşısını almaq üçün "Eurovision" layihəsi də gerçəkləşdi. Bu gün Azərbaycan sənətini kiməsə sübut etmək fikrimiz yoxdur. Biz "Eurovision"da Azərbaycan sənətini deyil, ölkəmizin Avropa sənətinin bilicisi olmasını sübut etdik. Əks təqdirdə bizim sənətimizi orda nümayiş etdirməyə ehtiyac da yoxdur. Bütün dünya Azərbaycan musiqisinin gücünü bilir. Biz azərbaycanlıyıq və belə möhtəşəm tədbirlərdə ölkəmizin yanında olmalıyıq. Hamımızın duası ilə çox yüksək və şərəfli tədbir keçirəcəyik.

O ki, qaldı Azərbaycan idmanına və idmançılara... Bu gün ölkəmizdə idman çox inkişaf edib. Bu istiqamətdə göstəricilərimiz də yüksəkdir. Ona görə inanıram ki, Azərbaycanda Avropa Oyunlarında da sözümüzü deyəcəyik".

G.Həsənzadə bildirib ki, hər zaman bu oyunlara bəstəkar kimi öz töhfəsini verməyə hazırdır: "Bəzi idman növləri ilə əlaqədar mənə musiqilər sifariş olunmuşdu. Mən də öz növbəmdə eskizlər yazıb təqdim etmişəm. Bundan başqa çalışdığım və işbirliyində olduğum yaradıcılıq mərkəzində həmkarım Yaşar Baxış "Bakı-2015" Avropa Oyunlarının bir çox işlərini həyata keçirir. Yəni bir sözlə, biz də əlimizdən gələn töhfəmizi verməyə çalışırıq".

Nərmin


Müəllif:

Oxşar xəbərlər