Mayın 19-da “Viener Şdathal” Arenanın səhnəsində “Eurovision-2015” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib.
“Eurovision-2015” şousunun aparıcıları Mirjam Veikselbraun, Alise Tumler, Arabella Kiesbauers bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra “Eurovision-2014” mahnı müsabiqəsinin qalibi olmuş Konçita Vürst ona qələbə qazandıran “Rise like a phoenix” mahnısını fərqli formada tamaşaçılara təqdim edib.
On altı ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Moldova təmsilçisi Eduard Romanyuta çıxıb. Ölkəsini “Sənin həyatını istəyirəm” mahnısı ilə təmsil edən müğənninin ifası mövzuya uyğun parlaqlıqla nümayiş olunub. Ermənistandan “Geneologiya” qrupu, Belçikanın gənc müğənnisi Loik Nottet, Niderlandın Trinte Osteryus, Finlandiyanın Perti Kurikan Nimipayvat, yunanıstanlı Mariya Elena Kuriyaku, Estoniya təmsilçiləri Elina Börn və Stiq Rasa cütlüyü, makedoniyalı Daniel Kajmakoski, Serbiyadan Bojana Stamenov, Macarıstan təmsilçisi Boggi, Belarusdan Uzari və Maymuna cütlüyü, rusiyalı Polina Qaqarina, Danimarkadan “Anti Sosial Media” qrupu, Albaniyadan Elhaida Dani, Rumıniyanın “Voltaj” qrupu, Gürcüstan təmsilçisi Nina Sublatti öz ifalarını səsləndiriblər.
Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən Avstriyanın və iştirakçı ölkələrin mədəniyyət, incəsənət nümunələrinin görüntüləri olub.
Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səslər göndərilib. Səsvermə nəticəsində 10 ölkə finala vəsiqə qazanıb. Birinci yarımfinalda 16 ölkə təmsilçisindən finala vəsiqə qazanan 10 ölkənin sıra ardıcıllığı belədir: Albaniya (1), Ermənistan (2), Rusiya (3), Rumıniya (4), Macarıstan (5), Yunanstan (6), Estoniya (7), Gürcüstan (8), Serbiya (9), Belçika (10).
Canlı şoudan dərhal sonra finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 23-də keçiriləcək finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilib.
Müsabiqənin birinci yarımfinalı dünyanın 50-yə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Milyonlarla televiziya tamaşaçısı isə bu möhtəşəm şounu izləmək şansı əldə edib.