6 İyul 2015 14:15
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 1-də başlayan Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı uğurla başa çatıb.

Teleqraf.com xəbər verir ki, iyulun 5-də axşam Şəki şəhərindəki Yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub.Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri maraqlı konsert proqramı ilə çıxış edib.

Orkestrin ifa etdiyi musiqi parçaları, solistlər - əməkdar artist Sahib Paşazadənin (tar), Gülşən Eyvazova-Nəsibovanın (qanun), Samir Əsədovun (violin) və İsrafil Rəsulovun (truba) solo ifaları, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - əməkdar artistlər Fərid Əliyev və Afaq Abbasovanın virtuoz ifaları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Festivalın bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək şəhər sakinləri adından Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.

Festivalın bədii rəhbəri Firəngiz Əlizadə bu gecə Azərbaycanın qədim diyarı olan Şəkidəki Yay teatrında daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, musiqi bayramının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın iştirakçıları və musiqiçilər adından şəhər rəhbərliyinə təşəkkürünü bildirib.

Bağlanış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov son altı ildə Şəkidə Azərbaycan musiqisinin çox gözəl bir tarixinin yazıldığını bildirib. Vurğulanıb ki, Böyük İpək Yolu üzərində yerləşən, dünya ölkələri arasında ticarət və mədəni əlaqələrin yaranmasında önəmli rol oynayan Şəkidə keçirilən bu festival Azərbaycanın musiqi tarixinin parlaq səhifəsidir.

Mərasimin sonunda Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadəyə festivalın rəmzi simvolu təqdim olunub. Bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər