4 Avqust 2015 13:38
4 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oda” Teatrının quruluş verdiyi “MimOda 18+” tamaşası ətrafında başlanan mübahisələr davam edir. Teatr və kinoda (hətta bu ötən illərin istehsalı olan işlər olsa belə) açıq-saçıq, erotik səhnələr gözə dəyən kimi mövzu ətrafında müzakirələr, mübahisələr başlayır. Çox uzağa getməyək, bir-iki ilin söhbəti olan “İlahi məxluq” filmi, “Qatil” tamaşası ətrafında yaranan söz-söhbətlər indi də “MimOda 18+” tamaşası üzərindən tüğyan edir.

“Ya o səhnələri oynayın, ya da sənətə gəlməyin”

Sonuncu tamaşaya baxan kinoşünas, kinorejissor Ayaz Salayev səhnəyə çıxıb, “mən çox xoşbəxtəm ki, bu cür tamaşa var, bu cür teatr var” deyərək sözlərinə belə davam etdi: “Tamaşada göz yaşlarımı saxlaya bilmədim. Nə yaxşı ki, belə bir teatrı tanıdım, onlarla dost oldum. Çox yaxşı tamaşa idi. Xüsusən də hər şeyin real olması insana təsir edirdi”. O, bu fikirlərin ardınca mətbuata verdiyi açıqlamasında azərbaycanlı aktrisalara da müraciət edib: “Ya səhnəyə çıxıb soyunub, açıq-saçıq səhnələri oynayın, ya da bu sənətə gəlməyin. Nə qədər ki, səhnəyə çıxıb soyunmayacaqsınız, rejissorlar xaricdən aktrisa gətirəcək. Bizimkilər də onları səhnədə görüb baxa-baxa, yana-yana qalacaq. O, başa düşməlidir ki, aktrisadır və ona verilən obrazı oynamalıdır”.

“25 milyon ver, mən də soyunum”

Xalq artisti Ramiz Məlik sosial şəbəkə vasitəsilə Ayaz Salayevin fikirlərinə kəskin formada etiraz edib: “Ayaz Salayev, get kilsədə keşişə, özünə ağıl duası oxutdur. Sənə kim ixtiyar verir Azərbaycanın qızlarını əxlaqsız yola çəkirsən? Çəkdiyin 1-2 film heç ekranda göstərilməyib. Bu xalqın milli mentaliteti, yüksək qüruru var. Onların heç biri səndə yoxdur. Otur komanda, dilini qoy qarnına”.

Aktyor Kamran Yunis mətbuata açıqlamasında deyib ki, 150 manat məvacib alan aktyorun səhnədə soyunması mümkünsüzdür: “Ayaz Salayevin sənətinə və düşüncəsinə hörmətim var. Çünki, doğrudan da, mükəmməl düşüncə sahibidir. Amma demək istəyirəm ki, 150 manata heç arvad evdə də soyunmaz. Bəli, 25 milyon ver, mən də soyunum”.

“Aktrisa o roldan imtina edə bilər”

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov fikirlərini belə izah edib: “Sənət baxımından bu, filmin dramaturji xəttinin inkişafına xidmət edirsə, bunu etmək olar. Amma orijinallıq baxımından bunu edəndə bunun adı başqa olur. Elə millətik ki, bizi öz başımıza buraxmaq olmaz, o dəqiqə cızığımızdan çıxırıq. Ona görə bu millətin tarixi, mənəviyyatı, isməti ilə bağlı hər şeyə çox ciddi nəzarət olunmalıdır. Bu məsələlərə nəzarət olunmasa, daha eybəcər səhnələrin şahidi olacağıq. İllər əvvəl çəkdiyim ”Gecə qatarında qətl" filmimdə ermənilərin tarixən qadınlardan istifadə edib xəyanət etmələri barədə bir epizod var idi. Mən o rola odessalı bir aktrisanı çəkdim. Heç ona söz deyən də olmadı, çünki orada erməninin mahiyyəti açılırdı, həm də o aktrisalar üçün bu, adi bir hal idi. Mən o zaman vəziyyətdən bu cür çıxdım. Filmlərdə bu səhnələrə ssenarini təsdiq etməmişdən öncə diqqət yetirilməlidir. Birincisi, aktrisa kimdir ki, rejissorun dediyini etməsin? İkincisi, rejissor kimdir ki, ssenaridə əgər o xətt varsa və o ümumi filmin gedişatına xidmət edirsə, onu çəkməsin? Sadəcə, aktrisa o roldan imtina edə bilər".

“Deyəcək, ”xoş getdin" başqasını çəkəcək"

Əməkdar artist Münəvvər Əliyevanın fikrincə, aktrisanın borcu rejissorun verdiyi tapşırığı yerinə yetirməkdir: “Aktrisa öz obrazına bəraət qazandırmaqdan ötrü hər şey etməlidir. Niyə siz xarici filmlərə baxırsız? Niyə ”Issız adam" adlı türk filminə baxıb, bayılırsınız? Amma “Issız adam” kimi bir film Azərbaycanda çəkilsə, hamı başlayacaq danışmağa. Bu, nə dərəcədə doğrudur? Aktrisa rejissorun verdiyi tapşırığı yerinə yetirməlidir. Əks halda rejissor ona deyəcək ki, xoş getdin. Onun yerinə isə başqa biri çəkiləcək. Heç kimə sirr deyil ki, indiyə qədər aktrisaları xarici ölkədən dəvət edib, çəkiblər. Amma nəticə film Azərbaycanın adına yazılır. “Təhminə və Zaur” da Təhminə obrazına türk aktrisa çəkildi. Bəyəm o rola Azərbaycan aktrisaları çəkilə bilməzdi?"

“Səhnələr problem deyil”

Son dönəmin ən cəsarətli aktrisalarından biri Pərvin Abıyeva ona təklif edilən rollarda öncə ssenarini oxuduğunu deyir: “Ssenari məni qane edirsə, oradakı səhnələr mənim üçün problem deyil. Doğrudur, çox açıq- saçıq səhnələri rejissorla danışıb, razılaşmaq şərtilə hardasa dəyişmək olar. Əsas odur ki, mən ssenarini bəyənim və özümü orada görüm. Bu, mənim üçün yetərlidir. Azərbaycanda çox açıq-saçıq səhnələr qəbul olunmur. Amma əcnəbi ölkədə aktrisalıq etsəydim, o səhnələrdə çəkilməyə razı olardım”.
Aktrisanın çərçivələri olmamalıdır deyən Zülfiyyə Qurbanova filmdə və teatrda açıq-saçıq səhnələrin necə həll olunmasının vacibliyindən danışır: “İnanın, film sizi o qədər cəlb edə bilər ki, buna heç fikir də verməzsiniz. Amma film elə çəkilə bilər ki, ilk andan o səhnə adamın gözünə girə bilər. Bu məsələdə əsas yük rejissorun üzərinə düşür. Niyə biz Hollivuda baxırıq, onlar soyunurlar və biz bunu sənət kimi qəbul edirik. Məhz açıq-saçıq səhnəyə görə mən də vaxtilə bir təklifdən imtina etmişəm. İmtinam tamaşaçı fikrinə görə deyil, sadəcə, açıq səhnə olduğu üçün baş verib. Bizim rejissorlar bu səhnələrə çəkilmək üçün xarici aktrisalardan daha çox adi tamaşaçıya üz tutur. Aktyorluqla heç bir əlaqəsi olmayan qızlar bu səhnələrə çəkilirlər. Belə çıxır onlar aktrisalardan daha cəsarətlidirlər”.

“Aktrisaların günahı deyil”

Rejissor Rövşən İsax deyir ki, “Aktrisa” filminə aktrisa axtarışına çıxanda rol üçün heç bir azərbaycanlı aktrisa ilə razılaşa bilməyib: “Aktrisa roluna saysız-hesabsız adam yoxlamışdıq. Çox istəyirdim ki, bu obraza azərbaycanlı çəkilsin. Amma olmadı və inanın ki, mənim günahım deyildi. Bu, heç aktrisaların da günahı deyildi. Belə bir yanaşma yaşadığımız həyat və mühit şərtlərindən irəli gəlir. Bəzi aktrisalar filmdə nisbi açıq səhnələrə görə heç bir problem olmadığını bildirdilər. Razılaşanlar öhdəsindən gələ bilmədilər, öhdəsindən gələ bilənlər də razılaşmadılar. Amma orada çirkin, iyrənc və zövqsüz heç nə yox idi...”.

O, sonda filmdəki rola beloruslu aktrisa Alisa Kaçeri çəkmişdi.

“İmtina etdiyim üçün peşman oldum”

Həmin obrazı yaratmaq üçün aktrisa Günel Məmmədovaya müraciət olunmuşdu: “Aktrisa” filmində rejissor Rövşən İsax məni bir az qorxutdu. Orada baş qəhrəmanın çimərlik geyimində səhnəsi vardı. Məhz o səhnəyə görə roldan imtina etdim. Filmin qaralama versiyası hazır olanda rejissor mənə məhz o səhnələri göstərdi. Açığını deyim ki, peşman oldum. O film mənə dərs oldu və mənə elə gəlir ki, o vaxtdan bəzi qaydalarımı sındırmışam. Ümumiyyətlə, isə açıq-saçıq səhnələrdə oynamamağımın səbəbi bizim cəmiyyətdir. Təəssüf ki, cəmiyyətimiz aktrisanı oynadığı roluna görə qiymətləndirir. Amma xaricdə belə deyil. Ona görə hələ də çərçivələrimi saxlamışam. Ancaq o səhnələrin filmlərimizdə olmasına çox normal baxıram. Hazırda Türkiyənin özündə belə açıq səhnələrdən istifadə olunur. Hələ digər ölkələri demirəm. Bizim qəribə psixologiyamız var. Hamımız Türkiyə, Rusiya, İtaliya seriallarına baxırıq və ordakı həmin səhnələrin olmasını normal qəbul edirik.

Amma özümüzdə olanda bunu top atəşinə tuturuq".

“O roluma görə məni döydülər”

Vaxtilə “Sahilsiz gecə”də yaratdığı roluna görə təqiblərə və tənqidlərə məruz qalan aktrisa Nuriyyə Əhmədova o günləri belə xatırlayır: “Filmin rejissor Şahmar Ələkbərov bir gün dedi ki, Rozanı mən oynayacam. Məəttəl qaldım. Mən daim qapalı, utancaq, hər zaman ana, bacı rollarını oynayan aktrisa idim və birdən-birə tam başqa bir rolu oynayacaqdım. Dəhşətə gəldim. O ərəfələrdə xəstəxanalara düşdüm. Rola təsdiq olundum, xəstəxanadan çıxardıb məni Yurmuladakı çəkilişlərə apardılar. Bizim filmdə Azərbaycan qadınının pozğunluğundan söhbət getmir. Hansı ölkədə ki, müharibə var, orada əxlaqsızlıq, oğurluq, yoluxucu xəstəliklər də baş verəcək. Amma erməninin söhbəti ortaya çıxanda hamı dəhşətə gəlirdi. O filmdən sonra bizim başımıza nələr gəldi, inanmazsınız. Şəxsən mənim başıma gələnləri danışacam. Yollarda mənə şillə vururdular, döyürdülər... Şahmar bizə görə çox narahat idi. Bir dəfə mənə zəng etdi və dedi ki, evdən çıxmamısansa, kinostudiyaya gəlmə. Qaçqınlar kinostudiyanın qabağına yığışmışdılar. Amma mən getdim, axşam evə qayıdanda bir nəfər yaxınlaşdı mənə bir şillə vurdu, ağzım-burnum qanadı”.

“Yazıram ki, ehtirasla öpüşürlər, amma onlar səhnədə öpüşmürlər”

Dramaturq Əli Əmirlinin fikrincə, pyesdə erotikaya ehtiyac varsa, bu, olmalıdır: “Mən səni sevirəm” tamaşasında yazıram ki, onlar ehtirasla öpüşürlər, amma onlar səhnədə öpüşmürlər. İndi mən neyləyim? Onlar ehtirasla yox, heç yalandan da öpüşmürlər. Qorxurlar da camaatdan. Məhəbbətdirsə, öpüş də olmalıdır da. Remarkada bunu yazıram. Amma bu səhnədə görünmür. Şübhəsiz ki, milli mentalitet deyilən bir şey var. Tamaşaçının fikri önəmlidir. Biz pul verib bilet alaraq teatra gələn insanın zövqü və istəyini nəzərə almalıyıq. Onları narahat etməməli, qıcıqlandırmamalıyıq. Ona görə deyiblər ki, müştəri həmişə haqlıdır. Vacib deyil ki, o akt səhnədə baş versin. Onu göstərmək üçün teatrın şərtiliklərindən istifadə etmək lazımdır. Məsələn, mərhum rejissorumuz Vaqif İbrahimoğlu bundan çox gözəl istifadə edə bilirdi. Nüanslar, məqamlar var ki, qucaqlaşmalardan da effektli təsir edə bilər. Bunun üçün sənətkarlıq və teatr düşüncəsi lazımdır. Teatrda bir qədər ixtiraçı olmaq lazımdır".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər