Opera və Balet Teatrının solisti olan, Əməkdar artist Fidan Hacıyeva vətəni tərk etməsi ilə bağlı xəbərlərə münasibətini bildirib.
O, Teleqraf.com-a açıqlamasında bunun şayiə olduğunu deyib: “Mən eşitdim ki, yazırlar Fidan Hacıyeva Azərbaycanda yaşamır, burdan köçüb, İngiltərədə məskunlaşıb. Bunlar hamısı, qara piardır. Və çox əsassız söhbətlərdir. Vətənimdəyəm, heç yerə getmirəm. Nə qədər ki, yaradıcılığım var, Azərbaycan musiqisini, opera sənətini yaşatmaq adına əlimdən gələni edəcəyəm. Xarici ölkələrə isə yalnız konsertlərim üçün gedirəm”.
Maddi gəlir baxımından əziyyət çəkmədiyini deyən müğənni ancaq yaxın qohumlarının toylarında çıxış etdiyini deyib: “Amma bu, o demək deyil ki, mən toylara gedən müğənnilərə pis baxıram. Xeyr, belə deyil. Onları qınamıram. Onlar bu yolla pul qazanırlar. Mən ancaq yaxınlarımın toylarında ifa edirəm. Maddi gəlirim pis deyil, narazılığım yoxdur. Belə ki, gəlirim konsertlərdən, tədbirlərdən, tamaşalardandır. Ondan başqa tələbələrim də var. Özüm də çox fəal işləyirəm. Həyat yoldaşım da mənə maddi baxımdan çox dəstək olur. O, mənim pərəstişkarımdır. Azərbaycan musiqisini, muğamı çox sevir. Habil Əliyevə, Aybəniz Haşımovaya, Zaur Rzayevə qulaq asır. Sənətlə bağlı mənə iradlarını da bildirir. Məni çox vaxt qınayır. Deyir, sən repertuarın üzərində az işləyirsən”. Ailəcanlı olduğunu bildirən müğənni uşaqları sevdiyini deyib: “Uşaqları sevirəm. Övladlarıma daima vaxt ayırmağa çalışıram. İşlərimi görürəm, övladlarımı böyüdürəm, qalmaqallara baş qoşmağa vaxtım yoxdur. Gün ərzində görəcəyim bütün işləri öncədən planlaşdırıram. Mənə zəng eləyib desələr ki, bura getmək lazımdır, deyəcəm vaxtım yoxdur. Çünki o işi görəcəyimi öncədən planlamamışdım. Hər zaman formada qalmağa çalışıram. Çünki sənət adamıyam. Hər gün idman edirəm, fitneslə məşğul oluram”.
Nərmin