11 Avqust 2015 13:13
4 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filmləri bizə sevdirən içərisində baş verən hadisələr, obrazı canlandıran aktyor və aktrisaların məharətli oyunu, ssenari, rejissor işi və hər bir filmdə özümüzə yaxın bildiyimiz kadrlar, obrazlar, hadisələrdir. Bəzən filmlərin yaradıcıları - ssenaristlər, rejissorlar, prodüserlərin adlarını belə bilmirik. Bildiyimiz filmdəki dialoqlar və aktyor, aktrisalardır.

Amma bəlkə də filmlərin özündən çox maraqlı olan elə onların çəkiliş meydançalarıdır: dəfələrlə çəkilən kadrlar, bu əsnada yaşananlar, çəkilən, amma filmə salınmayan səhnələr, aktyor-aktyor, aktyor- rejissor narazılıqları və səhnələrin çəkim anında aktyorların başlarına gələn məzəli, maraqlı anlardır.

Teleqraf.com bir az maraqlı, bir az məzəli, bir az da hüzunlü film çəkilişlərinin kadrarxası məqamlarını yaradıcıların, onların yaxınlarının dilindən sizə təqdim edir.

"Özümü traktordan aşağı atdım"

Xalq artisti Firəngiz Mütəllimova: "Bəyin oğurlanması" filmində oynadığım Telli obrazının bir səhnəsi çəkilirdi. Deməli, tərəf müqabilim Musa obrazını canlandıran Vidadi Həsənov idi. Telliylə Musanın traktorda getdiyi bir səhnə çəkilməli idi. Həmin səhnədə traktor üzü yuxarı qalxmalıdır. "Motor" deyib çəkilişi başladıq, lap yuxarı qalxan hissədə birdən ağlıma gəldi ki, Vidadidən traktor sürüb-sürə bilmədiyini soruşum. O da dedi, yox sürə bilmirəm. İnanmazsınız, bu sözü eşidəndə necə qorxdum, özümü traktordan aşağı atdım. Hamıya dedim ki, ölsəm də, traktora minmərəm. Eləcə o səhnə filmə salınmadı".

"O hadisəni heç vaxt unutmuram"

Xalq artisti Hacı İsmayılov: "Ən çətin rolumdan biri "Həm ziyarət, həm ticarət" filmində olub. Mən "Ad günü" filminin ssenarisini bir nəfəsə oxumuşdum. Oxuyub bitirəndən sonra qəribə hal yaşadım, sanki içimə Mustafanın ruhu daxil oldu. Çox qəribə bir şeydir və ondan sonra belə bir halla qarşılaşmamışam. Birdən-birə insanlara, dünyaya baxışım dəyişdi. Mustafa roluna ayıq başla deyil, təhtəlşüur çəkilmişəm. İndi də mənə yuxu kimi gəlir. İndi desələr bunu edə bilməzdim. "Həm ziyarət, həm ticarət" filmi çəkiləndə bəli, o zaman çətinlik çəkdim. "Ad günü" filmində Mustafa ilə yanaşı Əlinin, Fəridənin də taleyi göstərilirdi, amma "Həm ziyarət, həm ticarət"də ancaq Mustafanın həyatı göz önündə idi və bu artıq "Ad günü" filminin ardı deyil, Mustafanın həyatının ardı idi. Filmin ilk çəkilişi Şəki xan Sarayında idi, məndə də Mustafadan qalan arxayınçılıq yaranmışdı. Elə buna görə də çəkiliş zamanı sözümü düz ifadə edə bilmirdim, dəfələrlə kadrı çəkməli olduq. Heç cür alınmırdı. Axırda rejissor çəkilişi dayandırdı. Gəldim, bir otaqda oturdum, fikir götürdü məni. Sən demə arxayın olmuşam. Bu hadisə məni ayıltdı və özümə dedim ki, işə ciddi yanaşmaq lazımdır. Ondan sonra hər şey yaxşı oldu. O hadisəni heç vaxt unutmuram".

"Səhnələrim kəsildi"

Əməkdar artist Zemfira Sadıqova: "Məni hər kəsə tanıdan film "Dəli Kür"də yaratdığım Mələk obrazı olub. Amma təəssüflər olsun ki, orada çəkildiyim çox səhnələrim kəsilmişdi. İri planlarım demək olardı ki, yox dərəcəsində idi. Çünki rejissor Hüseyn Seyidzadə məni filmə çəkmək istəmirdi. Yalnız Adil müəllimin sayəsində bir-iki səhnəmdə iri planda verilib: onlardan biri paltarımı cıran yerdə çəkilən kadr idi. Filmdə mən əsasən ümumi və orta planlarda görünürəm. Bir səhnəm var idi, başımda yük kəndin içi ilə gedirəm. O zaman da Elza Triolenin məşhur kitabında qəhrəmanın təsvir olunan yerişinə vurulmuşdum: gəzəndə yubkası ayağının altında dolaşır. Həmin səhnədə o təsiri yaratmağa çalışdım. Əvəzində isə filmə ssenaridə olmayan kadrlar salınmışdı. Salatın obrazının ifaçısı Reyhan Müslümova üçün bir səhnə çəkilmişdi, halbuki o səhnə ssenaridə yox idi: Şövkət Ələkbərovanın oxuduğu musiqi sədaları altında Reyhan gecə vaxtı ay işığında gəzişir. Təsəvvür edin ki, bu səhnə filmdə beş dəqiqə çəkir. Adil İsgəndərov filmə baxdı və dedi: "Qadam, Gülağadan başqa daha iki nəfər filmdə oxuyur, bu lap hind filmi oldu ki?". Ona görə Reyhanın o səhnəsini kəsdilər".

"Rejissor mənə görə çəkilişi dayandırdı"

Əməkdar artist Ənvər Həsənov: "Uşaqlığın son gecəsi" filminə çəkilirdim, başıma bir hadisə gəlmişdi, mənə görə çəkilişi saxlamalı olduq. İçərişəhərli olduğumdan dələduz idim. Rejissor Arif Babayev də bunu yaxşı bilirdi. Həmişə hara gedirdimsə, deyirdi, özündən muğayat ol. Elə bil ürəyinə danmışdı... Günlərin biri günü çəkilişdən sonra dostlarımla bulvardakı Venesiya deyilən məkanda oturub çay içirdik. Ürəyimizdən şampan içmək keçdi. Dostlarımızdan biri şampan üçün köhnə "İnturistə" getdi və gətirdi. Elə butulkanı stolun üstünə qoymağı ilə təlaşla çölə çıxmağı bir oldu. Narahat olduq, biz də ardınca getdik. Nə görsək yaxşıdır? Özü tək üç nəfərə qarşı... Biz sayca onlardan çox idik, ədalətli olsun deyə qərara aldıq ki, üç nəfər üç nəfərə qarşı dalaşsın. Elə də etdik və birdən içərilərindən birinin cibindən beşbarmaq çıxartdığını gördüm. Mən onun əlindən necə tutdumsa, o da necə hərəkət etdisə, beşbarmaq çənəmdən dəydi, çənəm partladı, dodağım şişdi. Tərs kimi də səhər filmin çəkilişində olmalıydım. Elə vəziyyətdə gəldim çəkilişə. Arif müəllim məni bu vəziyyətdə görüb qışqırdı: "Alə Fikrət, deməmişəm Ənvəri tək buraxmayın. Bundan sonra yanında həmişə adam olacaq". Həmin gün çəkiliş olmadı, bir həftə gözlədilər ki, çənəm sağalsın".

"Atamı heç cür yerindən qaldıra bilmədilər"

Möhsüm Sənaninin qızı Gülər Sənani: "1960-ci il idi. Atam "Koroğlu" filmində keçəl Həmzə rolunu canlandırırdı. Çəkilişlər Moskvada idi, atam məni də özüylə aparmışdı. Deməli, filmdə bir kadr var: keçəl Həmzə şahın hüzuruna gəlir və deyir ki: "Koroğlunun atını qaçırdacam, o da sənin hüzuruna gələcək, amma bir şərtlə ki, sən qızını mənə verəcəksən". Bu sözləri deyəndən sonra şahın nökərləri Həmzənin qolundan yapışıb, yuxarı qaldırmalı və çölə atmalıydılar. Təsəvvür edin ki, nökərlər çox arıq, atam kök...Atamı heç cür yerindən qaldıra bilmədilər. Çəkiliş dayandı. Axır atam bütün pavilyonları gəzib, iki kök, hündür nökər tapıb, gətirdi. Ondan sonra çəkiliş davam etdi. Bir də "O olmasın, bu olsun" filminin çəkilişində olmuşam. Bakı Univermağının ərazisi əvvəllər kino fabrika olub. Deməli, filmin bazar səhnəsi çəkilirdi. Əsl bazar əhvali-ruhiyyəsi yaratmışdılar orada. Dəvə də gətirmişdilər. Çəkiliş zamanı bir səhnə alınmadı, rejissor fasilə elan etdi. Mən də diqqətlə onlara baxıram, birdən arxamda kiminsə nəfəsini hiss etdim. Başımı döndərəndə yanımda dəvəni görüb, qışqırdım. Atam özünü necə yetirdisə, dəvənin arxasınca qışqırdı: "Mənim qızıma sataşsan səni, Qaraqumdan da sürgün edərəm".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər