Həyətda hər bir insanın kaprizi var. Amma yaradıcı və məşhur insanlar daha çox kaprizli olurlar. Bəs, gəlin görək, məşhurların kaprizləri nələrdir?
Abbas Bağırov: “Ərköyün insanlarda kapriz olur”
Teleqraf. com-a açıqlamasında müğənni Abbas Bağırov dedi ki, yaradıcı insan kimi heç bir kaprizi yoxdur: “Düşünürəm ki, ərköyün insanlarda kapriz olur. Mən öz adımdan danışıram, yaradıcı insan kimi heç bir kaprizim yoxdur və çalışıram ki, olmasın”.
Aktyor Elməddin Cəfərov qeyd etdi ki, müəyyən kaprizləri var: “Bəli, kaprizlərim var. Ac olanda əsəbi, aqrresiv oluram. Xaraktercə küsəyən insanam və tez təsir altına düşürəm. Onu da deyim ki, əvvəllər kaprizlərim daha çox olurdu, indi boş verirəm. Qətiyyən həmin insanla dirəşmək, qisas almaq kimi fikrim olmur. Etdiyimiz kaprizlərin də həyatıma təsiri var, depressiya düşürəm. Hərdən özüm-özümə deyirəm ki, niyə belə insanam? Həyatda ən böyük rəqibim özüməm, aktyor və insan kimi”.
Aparıcı-bəstəkar Murad Arif vurğuladı ki, kaprizli insan deyil: “Mənə elə gəlir ki, kaprizli deyiləm və normal insanam. Ola bilər ki, kənardan başqa cür görsənə bilərəm. Amma müəyyən tələblərim var. Məsələn, məni insanlarda kütbeyinlik özümdən çıxara bilər. Elə hallarla rastlaşan zaman özümdən çıxıramsa, bunu normal qəbul edirəm, kapriz yox. Düzdü, kaprizlərimi kənardakı insanlar daha yaxşı deyə bilər, ancaq kaprizim yoxdur. Müğənni mənim mahnımı oxuyan zaman müəyyən tələblərim olur. Müğənni mahnının hazırlanma prosesini, arenjimanını, ifa tərzi və klip çəkilişini mənimlə məsləhətləşəndə xoşuma gəlir. Amma məsləhətləşməyəndə və öz bildikləri kimi edəndə bir də həmin müğənni ilə əməkdaşlıq etmirəm. Düşünürəm ki, bu kapriz deyil, normal bir haldır. Onu da deyim ki, məşhurluğundan və yaradıcıolmasından asılı olmayaraq, hər insanın kaprizi ola bilər. İnsanların həyatda özlərinə görə tələbləri var, yəni ona qarşı münasibət necə olmalıdır? İnsan özünə gördüyü yerə layiq münasibət görsə təbii ki, kaprizsiz olacaq. Onu görmədikdə başqa münasibət göstərəcək və buna da kapriz deyirik. Belə ki, kapriz bütün insanlarda var”.
Əməkdar artist Nüşabə Ələsgərli isə bildirib ki, təmizliyə qarşı vasvası və kaprizlidir: “İstəyirəm ki, hər yer təmiz olsun. Eləcə də sənət adamı kimi musiqiçilərimin yaxşı müşayiət etməsini istəyirəm. Pis müşayiət olanda xoşuma gəlmir. Belə deyək, kaprizli yox, tələbkar insanam. Heç vaxt boş-boşuna kaprizlərim olmaz. Həyatda tələbkar, məsuliyyətli olmaq yaxşı haldır, amma o insanın özünə, orqanizminə, əsəblərinə ziyandır”.
Aparıcı İlkin Həsəni kaprizli olmadığını dilə gətirdi: “Əslində öz xarakterimdə heç bir kapriz görmürəm. Hansı kaprizlərimin olmasını ətrafımdakı insanlar deyə bilər. Amma düşünürəm ki, nəzərə çarpan kaprizlərim yoxdur. Amma tanıdığım bəzi kaprizli tanınmış müğənnilər var. Onların da kaprizlərini hardasa komplekslərlə bağlamaq olar. Bəzən özlərini dünya ulduzları ilə eyni səviyyədə tuturlar. "Filan yerə getsəm, hər şey yaxşı təşkil olunmalıdır, rahat olmalıyam". Düşünürəm ki, onların kaprizləri Azərbaycan ulduz standartlarına uyğun gəlmir. Əslində son illər o kaprizlər sosial şəbəklərədə çəkilən fotolarla bağlıdır. Mən bu fotoda pis düşmüşəm, bu fotonu sil, yenidən çəkək və s. Beləliklə, çoxluq təşkil edən kaprizlər onlardır və bunu çox müğənnilərdə görmüşəm. Bəzən zəng edirlər ki, şəkil qoymusan və o şəkildə pis düşmüşəm, xahiş edirəm onu sil”.
Ədalət Şükürov: “Səliqəsiz maşına minməkdən xoşum gəlmir”
Əməkdar artist Ədalət Şükürov dedi ki, yaradıcı insanların kaprizləri var: “Bizim xoşumuza gəlməyən və qəbul etmədiyimiz çox şey var. Belə ki, hər bir insanın öz kaprizləri var. Mən elə yaşdayam ki, artıq kaprizdən keçmişəm. Əvvəl kapriz vardırsa, indi azdır. Səliqəsiz maşına minməkdən xoşum gəlmir. Əvvəllər kiminsə səliqəsiz maşınına minəndə deyə bilərdim ki, bu maşınla getməyəcəm. Amma indi deyirəm ki, eybi yox bu insanın xasiyyəti belədir. Kapriz yaşla bağlıdır. Hazırkı yaşımda hər şeyi qəbul etməyə çalışıram. Kapriz daha çox cavanlarda var. Buna baxmayaraq, bir-iki xanım müğənnilər də var ki, onların kaprizləri çoxdur. Məclisə gələndə burada oturmuram, orada otururam, yaxınlığımda filan adam oturmasın, birinci oxuyuram, yaxud axırıncı oxuyuram kimi kaprizlər göstərirlər.”
Skripkaçı-müğənni Səlim Abbasov da kaprizli olduğunu vurğuladı: “Hara gedirəmsə, diqqət göstərilməsini, diqqət mərkəzində olmağı çox sevirəm. İnsanların hörmət etməsini xoşlayıram. Sənətçi özünə qiymət qoymasa, ətrafdakı heç vaxt hörmət qoymaz. Amma çox kaprizlərim yoxdur. Sənətçilər var ki, harasa gedəndə maşın tələb edir. Amma görürsən ki, yaxın məsafəli yoldur və piyada da getmək olur. Deyir ki, istəmirəm kimsə məni görsün. Mən bu kimi hallarda heç vaxt kapriz göstərmirəm. Kaprizlərim ancaq studiyada iş görəndə olur, dəqiqliyi xoşlayıram. Çalışıram ki, vaxtımdan səmərəli istifadə edim. Hazırda sosial şəbəkə gündəmdədir və insanlar çox vaxtını orada keçirirlər. Mən ancaq şəkil qoyub çıxıram. Orada sərf etməyə vaxt yoxdur. Xarici ölkələrə də gedəndə bizi təbii ki, viaypi otellərə deyil, adi otellərə yerləşdirirlər. Elə sənətçilər var ki, deyir ki, bu oteldə qalmıram. Amma mən elə deyiləm. Nətəri məsləhətdirsə elə də edirəm. Təbii ki, özəl olan yerə gedəndə başqa məsələ”.
Təranə Səmədova: “Özümüzü çox əl çatan edə bilmərik”
Prodüser Təranə Səmədova dedi ki, kapriz deyil, özünə qoyduğu qadağaları var: “Özümüzü çox əl çatan edə bilmərik. Amma bu o demək deyil ki, sadəliyi də unutmaq lazımdır. Hər bir insan individualdır və öz xarakteri var. Bu məşhurluqla əlaqəli olmamalıdır. Əsas odur ki, nə qədər məşhurlaşsaq da, keçmişimizi unutmayaq və hər zaman da öz şəxsiyyətimizə hörmət qoymağı bacaraq”.
Rəqsanə Həsənova