Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal olunun “Xeyir ilə Şərin rəqsi” bədii filminin istehsalının son tamamlama işləri aparılır.
Teleqraf.com xəbər verir ki, film yaxın günlərdə təhvil veriləcək. Xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççosu" romanı əsasında ekranlaşdırılan, psixoloji detektiv janrında olan “Xeyir ilə Şərin rəqsi” filminin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, prodüseri Müşfiq Hətəmovdur. Film Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub nadir almazın axtarışından bəhs edir.
Qeyd edək ki, filmdə İlqar Muradov, Məbud Məhərrəmov, Şükufə Yusupova, Münəvvər Əliyeva, Qurban İsmayılov, Ayşad Məmmədov, Əjdər Zeynalov, Rasim Cəfərov və digərləri çəkiliblər.
Rəqsanə Həsənova