Bu gün Bakıda Şərqi Avropada mədəniyyət müxtəlifliyi üzrə ADAMİ Media Mükafanın təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, bu mükafat mәdәniyyәt müxtәlifliyi vә mәdәniyyәtlәrarası diaqloqa şәrait yaradan filmlәri, TV vә online proqramları mükafatlandıran beynәlxalq media müsabiqәsinin nəticəsinə əsasən təqdim olunacaq.
Təqdimat mərasimində layihənin direktoru Stefan Tolz, Bakı Dövlət Universitetinin Televiziya və radiojurnalistikası kafedrasının müdiri Aynur Kərimova, prodüser Tural Əsədov, gənc kinorejissor Vüqar İslamzadə iştirak edib.
Tədbiri giriş sözü ilə açan Stefan Tolz layihənin ideyası və görüləcək işlər barədə ətraflı məlumat verib: “Amma öncə istərdim ki, özümdən danışım ki, məni tanıya biləsiniz. Mən almaniyalı rejissoram, uzun illərdir ki, Gürcüstanda yaşayıram. Bu mənim Bakıya ilk gəlişim deyil. Belə ki, daha öncə də bu şəhərə gəlib, film çəkilişlərində yaxından iştirak etmişəm. Amma etiraf etməliyəm ki, o vaxt gəlib gördüyüm Bakı ilə indiki Bakı arasında yerlə -göy qədər fərq var. Bakı çox gözəlləşib. Azərbaycan Şərq ölkəsidir. Şərq ölkələrinin audiovizual əsərləri hər zaman Avropa üçün maraqlı olub. ADAMİ-nin təşəbbüsü Avropa Birliyinin altı Şərq Tərəfdaşlığı ölkələrindən- Azərbaycan, Belorusiya, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandan olan jurnalistlər və media mütəxəssisləri üzərində cəmləşir. Müxtəlif milli, etnik, dini, mədəni adət- ənənələrə malik olan insanları sülh şəraitində yaşamasına şərait yaradan film, TV və online proqramlar müsabiqədə iştirak etməyə dəvət edilir. Təqdim edilən filmlər son iki il ərzində çəkilən ekran işləri olmalıdır ”.
Onun sözlərinə görə, “ADAMİ Media Mükafatı 2015” altı kateqoriya üzrə təqdim ediləcək. Bunlar əyləncə (bədii) üzrə ADAMİ Media Mükafatı , məlumat (qeyri-bədii) üzrə ADAMİ Media Mükafatı, Xəbərlər və qısa qeyri bədii verilişlər üzrə ADAMİ Media Mükafatı, gənclər üçün ADAMİ Media Mükafatı, veb səhifələr üzrə ADAMİ online mükafatı və veb videolar üzrə ADAMİ online mükafatıdır.
Mükafat fondunun nə qədər olması barədə dəqiq məlumat verməyən S.Tolz bunun sponsorlarla gedən danışıqların nəticəsinə əsasən deyiləcəyini bildirib: “Amma güman edirik ki, mükafat 2 -3 min arasında dəyişər. Bütün hallarda pul mükafatından daha vacib olan bu müsabiqədə yer tutmaq və tanınmaqdır. Təsəvvür edin ki, mükafat bu ilin dekabr ayının 10 -da Gürcüstanın paytaxtı Tbilisidə beynəlxalq şəkildə yayımlanan TV tədbiri kimi təntənəli qala gecəsində təqdim ediləcək.
Aynur Kərimova da layihənin Azərbaycan üçün əhəmiyyətindən danışıb və mәdәniyyәt müxtәlifliyi mövzusunun vacibliyinə diqqət çəkib. O qeyd edib ki, həyatında bir neçə dəfə mədəni müxtəlifliklə qarşılaşıb və bu onun üçün maraqlı təcrübə olub: “Mən ilk dəfə mədəniyyət müxtəlifliyi ilə uşaqlıqda qarşılaşdım. Uşaq idim və bunun nə demək olduğunu bilmirdim və deyə bilmərəm ki, çox xoş təəssüratlar qalıb o illərdən. İkinci dəfə gənclik dövrünə təsadüf etdi. Üçüncü dəfə isə mən artıq trener idim və mənim müxtəlif ölkələri təmsil edən tələbələrim var idi. Məhz orda anladım ki, peşəkar ortamda heç bir dini, etnik, milli, mədəni məqamlar rol oynamır. Orda ancaq peşəkarlıq var. Sözüm odur ki, mədəni müxtəliflik peşəkar ortama çıxmalıdır. Ona görə də bu layihəni dəstəkləyirəm və mən də öz tələbələrimin bu müsabiqədə iştirakına çalışacam. Gəlin, layihəni dəstəkləyək. Bu addımı dünyada sülh, barışıq naminə ataq”.
Mədəniyyət müxtəlifliyinin iş ortamlarında şahidi olduğunu bildirən Tural Əsədov da Azərbaycanın tolerant ölkə olduğunu, bütün millətlərə, xalqlara sevgi və hörmətlə yanaşdığını bildirib: “Mənim tez-tez reklam işlərim olur. Və bu zaman beynəlxalq komanda işləyirik. Biz bütün səylərimizi birləşdirib yaxşı nəticə əldə etməyə çalışırıq. Azərbaycan tolerant bir ölkədir və ötən aylarda həyata keçirilən Birinci Avropa Oyunları bunun ən gözəl nümunəsidir. O baxımdan bu müsabiqədə azərbaycanlıların da iştirakı vacibdir. İştirak edək, ən gözəl işlərimizi təqdim edək və bununla bizi Avropada bir daha tanısınlar”.
Nərmin