22 Oktyabr 2015 16:58
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində “Qatil” bədii filminin təqdimatı keçirilib. Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, gənclər və idman naziri Azad Rəhimiov, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

“Qatil” pyesini 12 il əvvəl yazdığını deyən Elçin Əfəndiyev onun əsasında hazırlanan tamaşaların həm Azərbaycanda, həm də xaricdə tamaşaçı marağına səbəb olduğunu bildirib: “Pyes ilk dəfə Akademik Milli Dram Teatrında istedadlı rejissor Mehriban xanım Ələkbərzadənin quruluşunda tamaşaya qoyulub. “Qatil” həmçinin Rusiya, London, İstanbulda səhnələşdirilib. Bir neçə il əvvəl Mehriban Ələkbərzadə “Azdrama”da pyesi yeni quruluşda təqdim etdi. Hazırda tamaşa son versiyada tamaşaçılara nümayiş olunur. Kamran Şahmərdan isə ilk dəfə mənim “Teleskop” əsərimi Akademik Milli Dram Teatrında səhnələşdirdi. Bir gün yanıma gəldi və dedi ki, “Qatil”i ekranlaşdırmaq istəyir. Doğrusu, mən film üçün ssenarilərin orijinal olmasının tərəfdarıyam, amma Kamran məni inandırdı ki,çox yaxşı film alınacaq. Mən artıq baxmışam və ümidvaram ki, sizin də xoşunuza gələcək”.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov qeyd edib ki, film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Filmin istehsalında kinostudiya ilə yanaşı Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətləri də iştirak edib. Azərbaycan filmlərinin son illər beynəlxalq müsabiqələrdə qazandığı uğurları dilə gətirən direktor istedadlı rejissorlara hər zaman şərait yaradıldığını qeyd edib.

Filmin rejissoru Kamran Şahmərdan 30 ildir ki, bu anı gözlədiyini bildirib: “Bu gün çox xoşbəxtəm. Çünki çoxdanki arzum yerinə yetir. İlk dəfədir ki, vətənimdə filmimi təqdim edirəm, ona görə çox həyəcanlıyam. Bu filmi çəkilişinə şərait yaradan nazirimizə, kinostudiyanın direktoruna çox minnətdaram. Çoxları soruşur ki, filmdə baş rola niyə gürcü aktrisasını çəkmisən, mən də cavab verirəm ki, niyə də çəkməyim. Məncə, bu qədər kifayətdir”.

Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.

Nərmin

Foto: Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər