2 Noyabr 2015 19:09
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin yeganə müstəqil teatrları olan Oda və ADO fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Bu barədə teatrların rəhbəri Elmin Bədəlov deyib.

E.Bədəlovun sözlərinə görə, maliyyə sıxıntısı üzündən teatrların taleyi sual altındadır: “Artıq o həddə çatmışıq ki, teatrları bağlamaq haqda düşünürük. İki min manata yaxın borclarımız var. Bunların içərisində məhkəmə, vergi və yer sahibinə olan icarə haqqı borclarımız yığılıb. Teatrın stullarını satışa çıxardıq, ancaq alan olmadı. Qalmışıq belə, bilmirik neyləyək. Bircə ümidimiz tamaşaçılarımızadır. Necə ki, onlar bizim teatrı üç ildir yaşadırlar, bundan sonra da bizi onlar yaşada bilər”.

Oda və ADO teatrları öz tamaşaçılarına da müraciət edib: “Bizə ən böyük dəstək tamaşaçıların daimi olaraq tamaşalarımızda iştirakıdır. Tamaşaçılarımıza müraciət edərək bildirdik ki, tamaşalarda iştirak sayını artıra bilərlər. Bundan əlavə də hər tamaşaçı özü ilə bir dostunu, tanışını tamaşamıza dəvət etsə bu da özü böyük dəstək olacaq. Eyni zamanda hər kəs müəyyən miqdarda teatrın büdcəsinə öz yardımını edə bilər. Biz inanırıq ki, insanlar yeganə müstəqil teatrları olan Oda və ADO-nu xilas edəcəklər”.

Teatr rəhbərinin sözlərinə görə, onların növbəti icarə haqqını ödəmələrinə çox az vaxt qalıb: “15-20 gün vaxtımız qalıb. Artıq yeni reklam növləri haqqında düşünürük və çıxış yolları axtarırırq. Oda Teatrı dəfələrlə bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Ancaq hər dəfə bir vasitəylə bu sıxıntıdan xilas ola bilmişik. Əsasən də tamaşaçılarımızın dəstəyi ilə bu problemləri aşmışıq. Ancaq bu dəfə əl atdığımız vasitələrin əksəriyyəti uğursuz çıxır”.

Qeyd edək ki, Oda Teatrı 2013-cü ildə, ADO Teatrı isə bir neçə ay bundan öncə yaranıb. Oda gənclər arasında sevilən və insanların marağına səbəb olan teatr kimi yaddaşlarda qalıb. Lakin üç ildir ki, müxtəlif sıxıntılarla üzləşən teatr bu problemləri həll edə bilib. Hazırkı maliyyə problemi isə teatr heyətinin böyük narahatlığına səbəb olub.


Müəllif: