3 Noyabr 2015 12:09
2 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gündəlik Teleqraf”ın budəfəki həmsöhbəti əməkdar artist, aktyor-rejissor Nofəl Vəliyevdir.

- İllər əvvəl Kamera Teatrına həyat yoldaşınız, aktrisa Leyli Vəliyeva ilə müsahibə üçün gəlmişdim. Siz də söhbətimizə qoşuldunuz. Sizi bilmirəm, mən Kamera Teatrı üçün çox darıxıram...
- Mən də çox darıxıram. Aktyorların özünəməxsus yuxuları var. Bütün aktyorlar, demək olar ki, eyni yuxunu görürlər: tamaşaya gecikirlər, paltarlarını tapmırlar, kulisdə gəzinirlər və s. Bu yuxu ancaq aktyorlara məxsusdur. Mənim yuxuma teatr girəndə bu, ancaq Kamera Teatrı olur. Baxmayaraq ki, Dövlət Gənc Tamaşaçılar Teatrında mənim vəziyyətim çox normaldır, başqa teatrlarla da iş birliyim var. Amma yenə deyirəm, yuxuma ancaq Kamera Teatrı girir.

- Kamera Teatrı sübut etdi ki, sənət yalnız böyük səhnələrdə deyil. O teatrda gördüyüm bir neçə tamaşaya böyük səhnədə baxanda bunu daha yaxşı anladım. Məsələn, “Albalı bağı”...
- Əsərdən əsərə fərq var. Elə əsərlər var ki, Gənc Tamaşaçılar Teatrının səhnəsində yeni vüsət aldı, elələri var ki, bu səhnədə tam alınmadı. Amma “Albalı bağı” özü çox dərin quruluşlu tamaşa idi. Fikrimcə, böyük kütlənin qəbul edəcəyi tamaşa deyildi. Əslində, səhnənin bir fərqi yoxdur, ansambl bir-birini tamamlaya bilirsə, tamaşa da uğurlu olacaq. Kiçik səhnədə tamaşa oynamaq böyük səhnədə oynamaqdan qat-qat çətindir. Bunun əksini mənə heç kəs sübut edə bilməz. Kiçik səhnə iri plandır.

- Müsahibələrinizdən birində bir cümləyə rast gəldim, düzü, təəccübləndim. Deyirdiniz ki, ilk dəfə kamera qarşısında çıxış edəndə çox həyəcan keçirmisiniz və adaptasiya prosesiniz uzun çəkib.
- Mən film və seriallara çox az-az dəvət olunuram. Kino sektorunun da bir təkəri var, aktyor o təkərə düşsə, daim çəkiləcək. Müşahidələrimə əsasən deyim ki, çox istedadlı aktyorlar bəzən o təkərdən kənarda qalırlar. Teatrda “çay, yoxsa qəhvə” gətirək kəlməsi ilə görünən aktyor və aktrisaları film və seriallarda baş rollara çəkirlər. Qəribədə olsa, özləri öz aralarında bunu nə qədər şişirtsələr də, tamaşaçının rəyindən başa düşürsən ki, rolu və özü hələ tam qəbul olunmayıb. Deməli, tamaşaçı yaxşı və pis aktyoru nə teatrda, nə də kinoda qəbul edir. Mənim aktyor olaraq kinoda problemim kamera qarşısı deyil, rejissor problemidir. Hazırda rejissorluqla məşğul olduğum üçün bunu tam olaraq deyə bilərəm ki, rejissor aktyorun kamera qarşısında rahat olması üçün tam şərait yaratmalıdır. İstisnaları çıxmaq şərtilə, bizim aktyorlarımız kamera qarşısında rahat deyillər. Müqayisə üçün deyim ki, türklərin ən pis serialında belə, aktyorların kamera qarşısında rahat oyununu görmək mümkündür.

- Səbəb rejissordur?
- Əvvəla, orada hər şey aktyora xidmət edir. Aktyora vaxt və düzgün tapşırıq verirlər. Bizdə isə əksər hallarda şəkil çəkirlər. Bu dava və üsyan deyil, sadəcə bundan çıxış axtaran bir sənət adamının sözüdür. Hər yerdə qəşəng aktrisa, yaraşıqlı aktyor olmalı deyil. Bizdə bəzən komik rolu oynamağı bacaran aktyoru qəhrəman roluna, qəhrəman olmalı aktyoru komik rola çəkirlər. Və tamaşaçı buna baxanda inanmır.

- Bir tamaşaçı kimi deyirəm, tamaşaçı inanmağı çox istəyir.
- Ümumi olaraq deyirəm ki, bu gün Azərbaycan teatrı və kinosunda problemli tamaşaların, filmlərin sayı çoxdur. Tamaşaçının bunlara niyə baxmadığını başa düşürəm. Mən də baxmıram, heç onu çəkən və tamaşaya hazırlayan adamın özü də baxmır.

- Öz yaşıdlarınızdan ad çəkməyinizi istəməyəcəm, heç çəkməzsiniz də, çünki etik deyil. Amma gənclərdən hər halda kinoda və teatrda prespektivinə inandıqlarınızın adını söyləyə bilərsiniz. Onlar kimlərdir?
- Bu gün mən Gənc Tamaşaçılar Teatrının aktrisası Roza İbadovanı çox maraqla izləyirəm. Kiminsə adını çəkib, kimisə unutmaqdan ehtiyat edirəm, ona görə ümumi olaraq deyəcəm. Teatrımızda istedadı olub, amma bundan xəbəri olmayanlar, istedadı olub, amma başı ora-bura qarışıq olanlar var. Aktyor yaxşı repertuarda böyüməlidir. Yaxşı repertuarda böyüyəndə onun ən azı klassik əsərlərdən xəbəri olur. Gənc aktyor ağıllı olmalıdır, o bilmədir ki, nə istəyir, ona nə lazımdır. Düzdür, bəzən səhvlərimiz də olur. Misal üçün, biz üçüncü kursda oxuyanda “İtkin gəlin” serialı çəkilirdi. Tələbə yoldaşımız Elşən Rüstəmov o serialda çəkildi, mənə də rol təklif etmişdilər, amma təklifi geri çevirdim və dedim ki, hələ filmə çəkilmək istəmirəm. Onda çəkilmədim, elə o çəkilməmək indiyə kimi davam edir (gülür).

- Evdə sizi tibbə yönəldiblər, siz isə müğənni olmaq istəmisiniz. Amma aktyor olmusunuz, indi həm də rejissor kimi fəaliyyət göstərirsiniz.
- Evdə deyirdilər ki, nə olursan ol, bircə, aktyor olma. Uşaq vaxtı çox qəşəng səsim olub. Sonra bir balaca nasazladı və səsimdə xırıltı əmələ gəldi. Səsim çatan hər hansı notu oxuya bilirəm. Gözəl səsi olmaq aktyor üçün üstünlükdür. Hətta mən deyim ki, musiqi duyumu olmayan uşaqları qəbul imtahanında kəsirəm. Çünki musiqi duyumu olmayan aktyor problemli aktyor olur.

- Müğənniliklə məşğul olan aktyor və aktrisalar hər zaman olub. Siz nə əcəb belə seçim etmədiniz?
- Mən səsimdə problem olduğuna görə aktyorluğu seçmədim. Bu qərarı verəndə səsim normal idi. Aktyor olmaq istədiyim üçün aktyor oldum.

- Kimdən ilham almışdınız?
- Rasim Balayevdən. O vaxt cavan uşaqlar hamısı özlərini Rasim Balayevin qəhrəmanları kimi görmək istəyirdilər. Allah ona ömür versin. Onunla indiyə kimi heç vaxt yollarımız kəsişməyib.

- Aktyor kimi rollar oynayanda kimsə deyə bilərdi ki, nə vaxtsa rejissor olacaqsınız?
- Aktyorluğu seçərkən evdəkilər, yaxınlar təklif etdilər ki, sənədlərimi rejissorluq fakültəsinə verim. Mən istəmədim. Və buna heç vaxt peşman olmadım. Tələbəlik vaxtlarımdan hər zaman tamaşalara öz baxışım olub. Bir dəfə İrina xanıma (Kamera Teatrının mərhum rejissoru İrina Perlova - red.) tamaşa barədə fikirlərimi dedim. Dedi ki, sən tamaşanı ümumi görürsən və səndə rejissor baxışı var. Gənc Tamaşaçılar Teatrına gələndən sonra bir nağıl tamaşasına quruluş verdim, Baxdım ki, aktyorlarla işləyə bilirəm. Sonra öz istəyimlə bir neçə tamaşada Cənnət xanım məni rəsmi assistent kimi qeyd etdi. Bu təcrübə məndə tam əminlik yaratdı. Gördüm ki, məndən xoşu gəlməyən aktyorla da işləyə bilirəm. Və bu rejissor üçün vacib keyfiyyətdir. Ardınca öz istəyimlə teatrın kiçik səhnəsi üçün “Bir səbət tənhalıq” tamaşasını hazırladım.
Teatr Xadimləri İttifaqında Cənnət xanımın rəhbərliyi ilə “Rejissor laboratoriyası” fəaliyyətə başlayanda öz istəyimlə mən də laboratoriyanın tələbəsi oldum. Buna görə Azər Paşa Nemətova, Cənnət xanım Səlimovaya təşəkkür edirəm. Burada “Qaçaq qocalar” tamaşasına quruluş verdim.
“Bir səbət tənhalıq” tamaşası ilə Antalyada çıxış edəndə məni ora rejissor kimi dəvət etdilər. Eləcə “Gec kalanlar” adlı tamaşa hazırladım, artıq ikinci mövsümdür ki, orada oynanılır.

- Orada həmişəlik qalıb, işləmək təklifi necə, gəldimi?
- Keçən il təklif olundu. Amma qəbul etmədim. Mən ailəmə çox bağlıyam.

- Getmə səbəbiniz nə idi?
- Türklər demiş, keşkilər... Kaş elə əvvəldən orada olmuş olaydım. Bir dəfə bunu statusda da yazmışdım: vətənimi sevirəm, amma bizdə sübut edənə qədər ki, sən dəvə deyil, insansan, həyatın yarısı gedir. Bir tərəfdən hər şey yaxşıdır, bir tərəfdən də bir çox şeylər çətindir. Türkiyə teatrlarının qapıları mənim üzümə daha geniş açıqdır, bir şərtlə ki, orada yaşasam. Bizdə mən bu gün rejissor olaraq özümü tam realizə edə bilmirəm. Amma artıq mən bu peşəni seçmişəm və bu mənim aktyor karyeramı geri çəkir. Artıq hamı mənə “bu rejissorluqla məşğul olan aktyordur” gözü ilə baxır. Bunun üçün çox şadam və təbii ki, məhv olmayacam. Getmək istəmə səbəbim orada özümü daha çox realizə edə biləcəyimdir. Amma tək mən. Mən isə tək deyiləm, qızım, həyat yoldaşım var. Karyeramız nə qədər ucalsa da, biz ailəmizi daima qorumuşuq. Hesab edirəm ki, bu düzgün yanaşmadır.

- Leyli xanımla ailə həyatınızda neçə ili geridə qoymusunuz?
- 1997-ci ildə ailə qurmuşuq. Əsgərliyimə görə 3 il nişanlı qaldıq.

- Sevgi, yoxsa məntiq əsasında ailə qurduz?
- İndi çətindir demək. İkisi də var idi. Təbii ki, Leyliyə aşiq olub evlənmək təklif etmişəm. Amma sonra sevgi azalanda məntiq, məntiq azalanda vəzifələr kömək edir... Hesab edirəm bizim ailə mədəniyyətinin çox səhv cəhətləri var, amma düzgün olan tərəfləri də çoxdur. Bəzən dözmək lazımdır. Amma bu sözüm ifratçılıqdan çox uzaqdır. Hərdən deyirlər ki, “ölsən də dözməlisən”. Deyirəm, niyə dözməlidir axı. Əgər əri narkomandırsa, onu döyürsə, buna niyə dözməlidir? Bunları nəzərdə tutmuram. Amma ailədə kasıbçılıq, çətinlik, konflikt də ola bilər ki, bunlara dözmək mümkündür.

- Hətta xəyanət də?
- Xəyanətin olmaması lazımdır. Amma bizim kişilər tez-tez buna yol verirlər. Ailəni qorumaq üçün imkan varsa və təkrarı olmamaq şərtilə onun da üzərindən keçən qadınlarımız var ki, məncə, bu düzgündür. Lakin söhbət məndən gedirsə, indiyə qədər mənim qarşıma elə insan çıxmayıb ki, aşiq olub və ailəmi ona görə atım. Belə hadisələr olur, bunların içərisində də mində biri həqiqətən aşiq olur. Qalanları məsuliyyətsizlik, cavabdehsizlik, hətta yaxşı pullu qaynata tapdığına görə ailəsini atır.

- Leyli xanımı necə xarakterizə edərdiniz: yaxşı ana, yaxşı aktrisa, yoxsa yaxşı həyat yoldaşı?
- Leyli çox yaxşı anadır, çox yaxşı həyat yoldaşıdır, çox yaxşı aktrisadır. Leyli mənə lazım olan həyat yoldaşıdır. Leyli həqiqətən həyat yoldaşıdır. Hesab edirəm ki, Leyli xanım Azərbaycan teatrının ən istedadlı aktrisalarından biridir.

- O, daha çılğın, siz daha səbirli görünürsünüz.
- Əslində, mən daha kinliyəm. Mən adamdan gec küsürəm. Amma küsdümsə, daha barışa bilmirəm. Daha doğrusu, məsafə saxlayıram. Leyli məndən daha mərhəmətlidir, məsələn, mən bilmirəm Leyli qəbul imtahanında kimisə kəsə bilər, ya yox, amma mən faktiki bunu edirəm.

Nərmin Muradova


Müəllif: