16 Noyabr 2015 13:35
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə yolumuz kitab mağazalarına düşür. Görək, alıcılar kimi oxuyur, hansı yazıçıların kitabı satılır? Qiymətlər necədir? Kitabxanalar ziyana işləmir ki?.. Reportajımızda bu suallara aydınlıq gətirməyə çalışacağıq.


Kitabevim.az” mağazasının yerləşdiyi binadayıq. Mağaza binanın ikinci mərtəbədədir. Pilləkəndəki reklamları oxuya-oxuya yuxarı qalxırıq.


“Detektiv ciddi ədəbiyyat deyil”


İçəri girib bir-bir adamlara yaxınlaşır, onları kitablar barədə söhbətə tutmaq istəyirəm. Az keçmiş xəstəliyi ilə bağlı yazılar yazılan dostumuz Kənan Hacını görüb söhbətə tuturam:

- Deyəsən, səhhətiniz nisbətən yaxşıdır, kitab oxumaq davam edir...
- Belə də, normaldır. Amma kitab oxumağa həmişə ehtiyac var. Demək olar ki, mağazanın daimi müştərisiyəm və iki gündən bir burada oluram.


Kitabların qiymətlərinə gəldikdə isə o, deyir ki, oxuyan üçün kitab almaq bəhanəsi olmamalıdır: “Restoranlara, siqaretə verdiyimiz pulu kitaba da verə bilərik”.


Söhbətləşə-söhbətləşə Kənanın Hacının satışda olan kitablarının şəklini çəkir və ondan soruşuram:

- Hansı əsərləri oxuyursunuz?
- Ciddi mesaj verən əsərləri.


- Bəs detektivlə aranız necədir?
- Ola bilər ki, hansısa bir əsərdə süjetin içində ötəri keçsin, bu, başqa məsələdir. Amma sırf detektiv əsər oxumuram. O, ciddi ədəbiyyat sayılmır. Amma istəyənlər də oxuya bilər. Bu zövq məsələsidir. Heç oxumamaqdansa, detektiv oxumaq yaxşıdır.


- Kitab oxumayanlara nə tövsiyə edərdiniz, sizcə, onlar niyə kitab oxumalıdır?
- Kitab oxumaq həyatda yaşamağa kömək edir. İnsanı mənəvi şikəslikdən qoruyur, şəxsiyyət kimi yetişdirir.


- Bu arada eşitdim Yazıçılar Birliyinə qayıtmısınız. Sizi təbrik eləmək olarmı?
- Təbii ki, Yazıçılar Birliyinə nəyinsə xatirinə bərpa olunmamışam. Ora maddi baxımdan heç nə vermir. Amma belə deyək də, orada olmaq mənim haqqım idi və mən bundan istifadə elədim.


Beləcə, Kənan bəylə sağollaşıb bir-iki addım atıram ki, iki qız diqqətimi çəkir. Tez onlara yaxınlaşıram.


Müasir yazıçıları oxumayan qızlar


Qiymətlərdən razılıq edən Xədicə xanım deyir ki, bədii ədəbiyyata üstünlük verir. Əsasən, rus klassiklərini və əlinə düşdükcə başqa kitabları da oxuduğunu deyir.


O, “Kiminsə məsləhəti ilə hansısa kitab oxumusunuzmu?” sualına Kamünü və Freydi nümunə gətirir. Bu, mənim üçün çox maraqlı olur və ondan soruşuram:


- Kamü və onun yaradıcılığı barədə nə düşünürsünüz?
- Hələ ki, mənə tam çatmayıb, düşünürəm.


Rəfiqəsi Fidan xanım isə “məktəbdə öyrəndiyimizdir” deyir.


Söhbət zamanı belə bəllənir ki, xanımların heç biri müasir ədəbiyyatımızdan bir şey oxumayıblar.


Ən ucuz və ən bahalı kitab


Sonra mağazanın əməkdaşı Seymur Adıgözəlova yaxınlaşıram. O deyir ki, alıcılar arasında gənclər daha çoxdur və əsasən də, dərsliklər satılır: “Bədii ədəbiyyatdan daha çox klassiklərin, yəni Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Hüseyn Cavidin, Bəxtiyar Vahabzadənin, müasirlərimizdən isə Anarın, Çingiz Abdullayevin, Elxan Elatlının, Seymur Baycanın, Xalid Hüseyninin, Aqşin Yeniseyin kitabları çox satılır”.


O, statistik məlumat verə-verə stolun üstünə iki kitab qoyur: ən bahalı və ən ucuz kitab. Biri 80, o biri isə 2 manatdır. Həmin kitabların fotosunu çəkirəm.


“Kitabxana ziyana işləyir”


Kassir Elnur Novruzov Hüseyn Nihal Atsızın “Boz qurdlar”, Viktor Hüqonun “Səfillər” romanlarının və Hədəf nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasından çıxardığı kitabların yaxşı satıldığını deyir.


İçəridə alıcıların az olduğunu görüb soruşuram:

- Kitabxana buradakı gəlirlə çıxarlarını ödəyə bilirmi?
- Biz buranı həm də pirat kitabların qarşısını almaq üçün açmışdıq. Amma orijinal kitablar bahadır deyə oxucular pirat kitablara üstünlük verir. Bu da bizim işimizə təsirsiz ötüşmür və ziyana işləyirik.


Məşhur müəlliflərlə görüş


Əməkdaşlar deyirlər ki, burada tez-tez şeir gecələri, kitab təqdimatları olur. Onların sözlərinə görə, Millət vəkili Qənirə Paşayeva, xalq yazıçısı Anar, türk şairi Kahraman Tazeoğlu ilə görüş keçiriblər.


Qoy-götür şöbəsi və oğurlanan kitablar...


Kitabxananın xanım əməkdaşı isə “Qoy-götür” şöbəsi haqqında məlumat verir. O deyir ki, kitabxananın bu şöbəsinə bir kitab hədiyyə edib burdakı kitablardan istifadə edirsən, amma götürdüyünü on gün ərzində qaytarmalısan.


- Bəs eləsi olur ki, kitabı bir dəfəlik götürüb getsin? – Jalə xanımdan soruşuram.


- Arada oğruluq da olur.


“Kitabevim.az”dakı dostlarla sağollaşıb, “Nizami” küçəsindəki “Əli və Nino” mağazasına üz tuturuq. “Əli və Nino”dan yazdığımız reportajı isə sabah oxuya biləcəksiniz.


Qoy hər gün kitab olsun!


Sərvər Şirin



Müəllif: